Məhkumun qətlinin yeganə şahidinin müəmmalı ölümü

Məhkumların Müalicə Müəssisəsində saxlanılan məhkum Yadigar Nuriyev qəfil və müəmmalı şəkildə dünyasını dəyişib. Y.Nuriyev ötən il dekabrın 22-də saxlanıldığı 14 saylı cəzaçəkmə müəssisəsində vəhşicəsinə döyülərək öldürülən məhkum Elşad Babayevin işi üzrə yeganə şahid idi. Daha doğrusu, gördüklərini deyən və geri çəkilməyən yeganə məhkum-şahid!
 
Redaksiyamızda daxil olan məlumata görə, Y.Nuriyev saxlanıldığı Məhkumların  Müalicə Müəssisəsində müəmmalı şəkildə dünyasını dəyişib. 
 
Onun ölümünün səbəbi kimi həddindən artıq qəbul olunan dərman preparatlarından zəhərlənmə göstərilib. Məlumatı redaksiymıza verən mənbə məhkumda həddən artıq dərmanın olmasına şübhə etdiyini söyləyib. Y.Nuriyevə dərmanları ötürən, onun müəmmalı ölümünə “kömək edən” olubmu?
 
 Qaynağımız bu suala “hər şey göz qabağındadır” deyə cavab verib...
 
 
Yada salaq ki, bu ilin avqustunda redaksiymızla əlaqə saxlayan Yadigar Nuriyev Elşad Babayevin ölümünə yol açan vəhşicəsinə döyülməsi səhnəsi haqda gördüklərini deməkdən çəkinmədiyini, istintaqa dediklərini açıq şəkildə ictimiyyətə çatdırmaq istədiyini söyləmişdi. Fikirlərinin həyatına təhlükə yarada biləcəyini nəzərə alıb adı çəkilmədən çap edə biləcəyini söyləmişdik. Lakin məhkumun israrından sonra onun fikirlərini həqiqətin üzə çıxması ümidi ilə çap etmişdik. İstintaqın gəldiyi nəticəni - cinayət tərkibi olmadan işin xitam olunması qərarının, yumşaq desək, əsasızlığını ortaya qoyan ifadəsinin dərcindən ay yarım sonra Y.Nuriyevin müəmmalı ölümü çox şübhəlidir. Hətta onun qəfil dünyasını dəyişməsini “öldürülə bilməsi” kimi də qiymətləndirmək olar. 
 
Yadigar Nuriyevin fikirləri “Yeni Müsavat”ın 26 avqust 2015-ci il tarixli sayında “Öldürülən məhkumun işindəki ilginc ifadə üzə çıxdı” başlığı, “Məhkum Yadigar Nuriyev: ”Mən içəri girəndə təpik, dubinka... daha nə ilə vurmurdular onu" yarımbaşlığı altında dərc olunmuşdu.
 
Qeyd edək ki, ötən il dekabrın 22-də Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində məhkum Elşad Babayev dünyasını dəyişib. Ölümündən sonra onun meyiti Qaradağ Rayon Məhkəmə Tibb Ekspertizasına aparılıb. Bacısı S.Babayeva orada qardaşının meyitinin fotolarını çəkib və ictimailəşdirib. İş üzrə araşdırma aparmalı olan istintaq orqanına də həmin fotoları təqdim edib. Amma gözlənildiyinin əksinə olaraq məhkumun ölümü ilə bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 309.1-ci - vəzifə səlahiyyətlərini aşma maddəsi ilə cinayət işi başlanıb. Sonradan isə cinayət tərkibi olmadığından işə xitam verilib..

Google+ WhatsApp ok.ru