Müəllimlərdən Fazil Məmmədova etiraz

Azərbaycan Universitetində kütləvi şəkildə müəllimlərin əmək müqavilələri xidmət müqavilələri ilə əvəzlənir. Müəllimlər sahibkar kimi işə götürülür və onlarla fizki şəxs qismində müqavilə bağlanır. Yəni müəllim dərs demək üçün fərdi sahibkar kimi qeydiyyatdan keçməli, VÖEN almalı, xüsusi bank hesabı açmalıdır.
 
Səbəb kimi isə onlara bildirilir ki, xidməti müqavilələr bağlamaqla Universitet vergi və sosial müdafiə ödəmələrindən azad olur.
 
 
Bu barədə Strateq.az-a Azərbaycan Universitetində dərs demiş müəllimlərdən biri məktub ünvanlayıb. Məktub müəllifi digər təşkilatda inzibati vəzifədə çalışdığını əsas gətirərək, adının açıqlanmamasını xahiş edib.
 
Müəllimin yazdığına görə, Azərbaycan Universitetində əvvəlki semestrlərdə də fəaliyyət göstərib və onu ötən il yeni semestrdə də dərs deməyə dəvət ediblər. Əmək müqaviləsini isə təqdim etməyiblər: “Sənədlərin bir az yubandığını bəhanə etdilər. Öyrəndim ki, bütün müəllimlərə qarşı belə edirlər. Tədris edəcəyim fənnin işçi proqramını bir neçə dəfə dəyişikliklər etməklə yenidən təqdim etdim  və semestrin başlamasını gözlədim. Nəhayət, həmişəki kimi, sentyabrın 15-də universitetdə pedaqoji əmək fəaliyyətinə başladım. Müqavilə tələb etdikdə, gözləməyi və müqavilə şərtlərinin əvvəlki illərdəki kimi olacağını və digər müəllimlərin də gözlədiyini qeyd edərək, əmək fəaliyyətimi rəsmiləşdirmədilər”.
 
Məktubda daha sonra yazılır: “Artıq dərs deməyə başlayandan bir aydan da çox vaxt keçdi, nəhayət, tələblərimizə reaksiya verdilər. Amma Universitet rəhbərliyindən həmişəki əmək müqaviləsi deyil, yalnız xidmət müqaviləsi ilə işləyə biləcəyimizi bildirdilər. ”Bu, pedaqoji fəaliyyətimin sahibkar fəaliyyəti ilə əvəzlənməsi deməkdir. Əslində mənə pedaqoji iş stajı lazımdır” dedikdə dinləmək istəmədilər. Həmin gün qəfildən bütün müəllimlərə belə tələb qoyuldu.  Proqramı hazırlamağımın və artıq bir aydan yuxarı dərs deməyimin əziyyətinə də məhəl qoymadılar (dərslər sentyabrın 15-də başlamışdı və dərs jurnallarının da qeydiyyat həmin vaxtdan aparılıb). Xidməti müqavilə üçün sahibkar kimi qeydiyyatdan keçmək və VÖEN və onunla əlaqədar xüsusi bank hesabının olması tələb olunur. Bunların olmadığını səbəb gətirdikdə, təcili VÖEN açmağı tələb etdilər və mənimlə yalnız sahibkar kimi əməkdaşlıq ediləcəyini dedilər.
 
Beləcə, müəllimləri kütləvi şəkildə zorla sahibkar qismində fəaliyyət göstərməyə məcbur etdilər. Səbəb kimi də vurğuladılar ki, xidməti müqavilə ilə universitet vergi və sosial müdafiə ödəmələrindən azad olur. Bəli, həqiqətən, vergi ödənişləri 3.5 dəfə, sosial müdafiə ödənişləri isə təxminən 10 dəfə azalır. Üstəlik, bu ödənişlər müəllimin öhdəsində qalır, müəllim əlavə olaraq banka gedərək bu ödənişləri etməlidir.
 
Bu, açıq-aşkar vergi və sosial müdafiə qaçaqçılığıdır və rektor biz müəllimləri də zorla özünün bu saxtakarlığına şərik edir və hər dəfə bu barədə şikayət edəndə, Vergilər Nazirliyinin generalları ilə əlaqədə olduğunu açıq-aşkar vurğulayaraq, onların dəstəyinə arxalandığını deyir”.
 
Məktubda ötən ilin yayında müəllimlərə məzuniyyət haqlarının verilmədiyi də qeyd olunur: “Onda rektor müəllimlərin əmək müqaviləsində göstərilən məzuniyyət haqlarının da bir az yubadıldığını bəhanə edərək, sentyabrın sonunda ödəniləcəyini söz verdi. Amma sonradan özünəməxsus təkəbbürlə arxayınçılıq nümayiş etdirərək, bundan da rahat şəkildə imtina etdi və müəllimlərimizin digər hüququ da tapdandı”.
 
Azərbaycan Universiteti “Synergy Group” ASC-nin tərkibinə daxidlir. KIV-də mütəmadı olaraq bu şirkətin vergilər naziri Fazil Məmmədovun nəzarətində olması ilə bağlı məlumatlar dərc olunur.azadliq.info /

Google+ WhatsApp ok.ru