Mərkəzi Bank təsir imkanlarını itirir

Yanvarın 13-də ölkə mediasının əsas mövzusu manatın ötən ilki devalvasiyasından sonra başlayan iqtisadi tənəzzül dalğasının gətirdiyi problemlərdir.
 
Maide.az iqtisadçı Qubad İbadoğlunun Facebook səhifəsində Mərkəzi Bankın maliyyə sektoruna təsiri ilə bağlı yazdığı fikirləri oxucularına çatdırır.
 
Qubad İbadoğlu yazır ki, Mərkəzi Bank hər gün təsir imkanlarını, manat da dəyərini itirir:
 
«Artıq 1 həftədir ki, ötən ilin dekabrın 21-dən elan etdiyi üzən məzənnə siyasətinə keçiddən imtina edən Mərkəzi Bank valyuta bazarında formalaşdırdığı hazırkı situasiya ilə özünü daha pis vəziyyətə salıb».
 
Q.İbadoğlu daha sonra qeyd edir ki, Mərkəzi Bank apardığı yanlış məzənnə siyasətini davam etdirərsə, tezliklə valyuta bazarına da nəzarəti itirə bilər: «Əvvəlcə mübadilə məzənnəsini formalaşdırmaq üçün banklara sərbəstlik verən Mərkəzi Bank, sonradan mübadilə məzənnəsinin dəyişməsini 4 faizlik marja ilə limitləşdirməklə geriyə addım ataraq bəyan etdiyi prinsiplərə də zidd getdi. Bu da onun valyuta bazarında gedən proseslərə təsir imkanlarını zəiflədərək, 20 ildən sonra yenidən «qara valyuta bazarı»nın yaranmasını şərtləndirdi. Hazırda Azərbaycan manatının ABŞ dollarına və Avroya qarşı məzənnəsində müşahidə olunan «qara bazar» məzənnəsi rəsmi məzənnədən 50 faizədək yuxarıdır. Bu isə dekabrın 1-ə olan məlumata görə, valyuta ilə depozitlərin cəmi əmanətlərdə 76 faizə çatması ilə pul kütləsinin tənzimlənməsinə təsirini getdikcə itirən Mərkəzi Bankın əlavə olaraq valyuta bazarında da imkanları məhdudlaşır və manat üçün daha pis perspektiv vəd edir. Odur ki, Mərkəzi Bank bazarda real olaraq formalaşan məzənnəni etiraf etməli və mübadilə məzənnəsini formalaşdırmaq üçün banklara sərbəstlik verməlidir».

Google+ WhatsApp ok.ru