Məleykə Abbaszadə `test imtahanı` məsələsinə nöqtə qoydu

`Abituriyentlər üçün il ərzində bir necə dəfə imtahan keçirmək üçün bizim xərclərimiz artmalıdır`

Maide.az xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin Trend-ə müsahibə verib. O müsahibəsində son zamanlar test imtahanı ətrafında yaranan söz-söhbətlərə aydınlıq gətirib.
 
Jurnalistin, "son zamanlar test sistemi ilə bağlı tənqidi fikirlər səslənir. Sizcə, bu gün daha çox tənqid hədəfi olan qəbul imtahanları ilə bağlı hansısa islahatların aparılmasına ehtiyac varmı" sualına cavab olaraq bildirib ki, həmişə imtahanın mahiyyətini, məzmununu, formasını elmi müstəvidə müzakirə edirlər: "Həmin müzakirələrin keçirildiyi seminarlarda iştirak açıqdır. Bu seminarlarda müzakirə edilən məsələlər daha sonra bu sahədə müəyyən qərarverici funksiyaları olan qurumlar arasında hüquqi müstəvidə müzakirə edilir. Yalnız bu müzakirələrdən sonra həmin qərarlar Ədliyyə Nazirliyində hüquqi sənəd kimi qeydiyyatdan keçir və biz buna riayət etməyə başlayırıq. Məsələn, bu ilki qəbul qaydaları Təhsil Nazirliyi ilə razılaşdırıldıqdan sonra ƏN-də qeydiyyatdan keçib.
 
Düzdür, dərsliklər dəyişdirilir, biz onların əsasında hansısa mövzuları ya qəbul proqramlarından çıxarırıq, ya oraya daxil edirik. Amma qəbul imtahanları ilə bağlı əsas istiqamətdə hansısa islahatların aparılmasına ehtiyac yoxdur. Düzdür, Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçirilməsinə dair Fəaliyyət planında 12 - illik təhsil sisteminə keçid nəzərdə tutulub, lakin keçid mexanizmi hələlik hazırlanmayıb. Məktəblərdə şagirdlərə eyni metodika tədris olunur, onlara eyni proqram üzrə dərs keçirlər. Biz bunu dəyişdirə bilmərik. Hər bir dövlət qurumunun öz işi var, hər kəs də öz işini görür."
 
Daha sonta imtahanların növləri barədə danışan komissiya sədri bunun üçün müzakirələr aparılmasının zəruriliyini bildirib: "Başqa növ imtahanları da aparmaq üçün biz gərək bu uşaqların biliyini elmi nöqteyi-nəzərdən 5-6-7-ci siniflərdə yoxlayaraq müəyyənləşdirək ki, onlar proqramı nə qədər mənimsəyirlər və dövlət tərəfindən qəbul olunan həmin o qiymətləndirmə standartları necə işləyir? Tərəzi işləkdir, yoxsa yox? Çünki o təhsil standartlarını biz dəyişdirə bilmərik, onlar qəbul olunub, dövlət sənədidir. Onlara əsasən də dərsliklər yazılıb."
 
Daha sonra artıq 3 ildir monitorinq imtahanlarının keçirildiyini və müəyyən elmi nəticələr əldə edildiyini deyən M.Abbaszadə bildirib ki, gələcəkdə hər abituriyentə aid olan individual kitabça olacaq və kitabçadakı sualların bir hissəsi testlər olacaq, abituriyentlər onların cavablarını “Cavab kartı”nda qeyd edə biləcəklər: "Kitabcanın qalan hissəsində isə esse formasında olan tapşırıq, müxtəlif növ açıq suallar, bacarıq və kompetensiyaları ölçməyə imkan verən tapşırıqlar olacaq. Bunun insan faktoru olmadan yoxlanılması texnologiyasını artıq biz işləmişik və monitorinq imtahanı zamanı onu tətbiq edirik. İkinci bir məsələ yazı işlərini yoxlamaq üçün müəllimlərin-markerlərin hazırlanması ilə bağlıdır. Biz 2012-ci ildən bunu da edirik. Artıq ölkə üzrə təxminən 2000 müəllim buna hazırdır. TQDK-ya isə hər bir fəndən 3 min, cəmi isə minimum 10-15 min hazırlanmış müəllim lazımdır. Digər tərəfdən, markerlər bizdə hələ ki, iki fənn - “Ana dili” və “Riyaziyyat” üzrə hazırlanıb. Növbəti mərhələdə hansı fənn üzrə markerlərin hazırlanacağı 9-cu sinif üzrə buraxılış imtahanında 3-cü fənn kimi hansı fənnin təsdiq olunacağından asılı olacaq. Amma mənə elə gəlir ki, Təhsil Nazirliyi buraxılış imtahanlarının fənlərinin sayını çoxaltmağa elə də meyilli deyil. Buna görə də biz 9-cu siniflər üçün hələ iki fənn üzrə buraxılış imtahanı keçiririk. İstəyirəm ki, ictimaiyyət yadına salsın ki, şagirdlərin 8 fənn üzrə buraxılış imtahanı verdikləri vaxtlar da olub. Onun nə ilə nəticələndiyini yenidən təkrar demək istəmirəm. O imtahanlar (o imtahanları biz keçirmirdik) faktiki olaraq, bilik səviyyəsini müəyyənləşdirmirdi. 2012-ci ildən Prezident İlham Əliyevin fərmanına əsasən, buraxılış imtahanlarının keçirilməsi TQDK-ya tapşırıldı. Biz buraxılış imtahanlarını iki fəndən keçirməyə başladıq, mükəmməl də imtahan keçirildi, bu gün də keçirilir. Buraxılış imtahanlarının nəticələrinin qəbul imtahanlarının nəticələri ilə yüksək korrelyasiyası mövcuddur. Lakin onların çətinlik dərəcəsi fərqlidir. Buraxılış imtahanlarında yaxşı uşaqları seçmək istəyiriksə, onların çətinlik dərəcəsini bir az artırmalıyıq. Amma məktəblərimiz buna hələ hazır deyil. Mənə elə gəlir ki, bu, yalnız 3 ildən sonra – kurrikulumla təhsil alanlar 11-ci sinfi bitirdikdən sonra mümkün ola biləcək. Güman edirəm ki, o vaxtadək 12 - illik təhsil sisteminə keçidlə bağlı məsələlər də müəyyənləşəcək."
 
Test imtahanının ləğvi məsələsi ətrafında yaranan söz-söhbətlərə də toxunan TQDK sədri vildirib ki, mərkəzləşdirilmiş imtahanlar indi necə təşkil olunursa - şəffaf, insan faktorundan azad - elə də təşkil olunacaq, insan faktoru yoxlamanın nəticələrinə təsir göstərməyəcək, biz buna zəmanət veririk: "Azərbaycanda kütləvi test imtahanları şəffaf, əsl biliyi qiymətləndirən bir üsuldur. Hazırda bu sistemlə əlaqədar mövcud qanunvericilikdə hər hansı dəyişikliyin aparılması müzakirə mövzusu deyil. Bu sistem qalacaq. Tapşırıqların forması, məzmunu isə proqramlardan və dövlət tərəfindən qəbul olunan normativ sənədlərdən asılıdır. Biz hələ o sənədlərlə işləyirik ki, onlar indiki proqrama aiddir. 3 ildən sonra isə biz yeni standartlara uyğun yeni növ imtahanları aparmağa hazırıq. Mən ona da söz verirəm ki, yazı işlərinin, açıq testlərin olmasına baxmayaraq, o imtahanların nəticələrinə heç zaman insan faktoru təsir göstərməyəcək. Belə texnologiya da bizdə hazırdır, monitorinq imtahanlarında istifadə olunaraq sınaqdan keçirilib."
 
İmtahanların keçirilmə vaxtı və müddəti barədə də danışan M.Abbaszadə bildirib ki, bu barədə səsləndirilən iradlar başadüşüləndir və kimsə bir gün xəstə ola bilər ki, bu onun həmin günki nəticəsi real nəticəsindən fərqli ola bilər: "Yaxşı olardı ki, qəbul imtahanlarını ildə heç olmasa, 2-3 dəfə keçirmək imkanımız olsun və beləliklə, hər kəs öz vaxtını özü seçsin. Hazırda əvvəlki və bu ilki ilin məzunları üçün qəbul imtahanları ayrı-ayrı vaxtlarda keçirilir. Aydın məsələdir ki, bu ilki məzunlar ancaq proqramı tam keçdikdən sonra imtahanda iştirak edə bilərlər. Ancaq hər bir uşağa bir ildə 2-3 dəfə imtahanda iştirak etməyə və onun ən yaxşı nəticəsinin nəzərə alınmasına imkan vermək çoxlu maliyyə vəsaiti tələb edəcək. SAT imtahanları ildə 3-4 dəfə keçirilir, amma hər bir iştirakçı bir imtahanda iştirak etmək üçün 80-90 dollar ödəyir. Türkiyədə qəbul imtahanlarının ayrı-ayrı mərhələləri ödənişli olmaqla ümumilikdə təxminən 40-50 dollar təşkil edir. Bizim imtahanlarda iştirak üçün isə rüsum 2 manatdır. Bir abituriyentin imtahan verməsi dövlətə təxminən 20 manata başa gəlir. Buna görə də rüsumlar imtahanların xərcinin cüzi hissəsini təşkil edir. Abituriyentlər üçün il ərzində bir necə dəfə imtahan keçirmək üçün bizim xərclərimiz artmalıdır.
3 saat abituriyentin öz biliyini göstərməsi üçün tam normaldır. İmtahan 3 - 3,5 saatdan çox ola bilməz. Əsas odur ki, sualların sayı fənlər üzrə 25-30-dan az olmamalı, suallar proqramı əhatə etməlidir. Belə halda bizim abituriyentləri bir-birindən fərqləndirmək imkanımız olur. Test imtahanı uşaqların biliyini müəyyənləşdirmək, onları bilik səviyyəsinə görə sıralamaq üçün kifayət qədər standartlaşdırılmış, şəffaf imtahandır. Burada ayrı söhbət ola bilməz."

Google+ WhatsApp ok.ru