Məktəbi bitirən 100 məzunun oxumaq və yazmağı bacarmadığı aşkarlanıb

Azərbaycanda keçirilən buraxılış imtahanlarının nəticəsində acınacaqlı hal aşkarlanıb.
 
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən xəbərə görə, 9-cu və 11-ci siniflərin şagirdləri arasında nəinki tədris proqramını minimum mənimsəməyənlər, hətta oxumağı və yazmağı bacarmayanlar da aşkar olunub.
 
"Belələri 11-ci sinif şagirdləri arasında 24 nəfər, 9-cu sinif şagirdləri arasında isə 76 nəfərdir. Bu statistika imtahan rəhbərlərinin protokolları əsasında ortaya çıxıb. Bu cür halların imtahan rəhbərlərinin əksəriyyətinin protokollarında qeyd olunmaması nəzərə alınsa , yuxarıda göstərilən faktların, əslində, daha çox olduğunu və vəziyyətin daha acınacaqlı olduğunu ehtimal etmək olar.
 
Belə şagirdlərin 9-cu, hətta 11-ci sinfə qədər gəlib çatması müəmmalıdır. 11-ci siniflər üzrə oxumağı və yazmağı bacarmayan şagirdlərin rayonlar (şəhərlər) üzrə sayı belədir: Sabirabad rayonunda 6 nəfər, Lənkəran rayonunda 4 nəfər, Hacıqabul rayonunda 3 nəfər, Tovuz rayonunda 2 nəfər, Daşkəsən, Gədəbəy, Qazax, Goranboy, İmişli, Astara, Lerik, Yardımlı və Masallı rayonlarının hərəsində 1 nəfər. 9-cu siniflər üzrə isə oxumağı və yazmağı bacarmayan şagirdlərin sayı belədir: Astara rayonunda 12 nəfər, Sabirabad rayonunda 9 nəfər, Lerik rayonunda 8 nəfər, Gədəbəy, Tovuz, Cəlilabad və Masallı rayonlarının hərəsində 4 nəfər, Qazax, Goranboy və Bərdə rayonlarının hərəsində 3 nəfər, Daşkəsən, Şəmkir, Ağstafa, Ağcabədi, Ağdaş, Yardımlı və Hacıqabul rayonlarının hərəsində 2 nəfər, Qax, Kəlbəcər, Qəbələ, Ordubad, Xızı, Ağdam, Xaçmaz və Cəbrayıl rayonlarının hərəsində 1 nəfər". - deyə TQDK-dan bildirilib.

Google+ WhatsApp ok.ru