Məktəb mövsümü valideyn üçün hansı problemlərlə gəlir? - Sorğu

Məktəb mövsümü valideyn üçün hansı problemlərlə gəlir? - Sorğu

Uşağını məktəbə yola salmağa hazırlaşan valideynlər onlara təzə geyimlər, dərslik və dərs ləvazimatları almaq üçün dükan-bazara baş çəkir, qiyməti və keyfiyyəti münasib olan mallar axtarırlar. Dükanlarda ən çox tələbat dəftər və qələmədir. Dəftərlərin qiyməti vərəq sayından asılı olaraq dəyişir. Paytaxtda kitab, məktəb ləvazimatlarının satışıyla məşğul olan istənilən dükana daxil olanda şagirdlərin üzündə sevinc, valideynlərin çöhrəsində isə qayğı, ağırlıq hiss edirsən. Bunun da səbəbi ilk növbədə qiymətlərin “od tutub yanması” ilə bağlıdır. İldən ilə qiymətlər bahalaşır.
 
Təhsil eksperti Məlahət Mürşüdlü Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, 6-7 dərsliyi pulsuz verən nazirlik iş dəftərini də rahat şəkildə pusuz verə bilər: “Artıq bu il məktəb formaları və digər ləvazimatların qiymətində ciddi bahalaşma olub. Bu da sözsüz ki, bir ailədən 2-3 uşağın məktəbə getməsi üçün lazım olan vəsaitlərin alınmasında problemlər yaradır. Çünki, əhalinin iş yerlərinin bağlanması və gəlirlərinin azalması, valideynlərə alış-veriş etməyə çətinlik yaradır. Əslində bu cür ailələr yerli icra orqanları tərəfindən mütləq müəyyənəşdirilməli və yardımlar edilməlidir. Bu müvəqqəti edilən bir yardım kimi deyil, sistemli bir hal almalıdır. Bu gün məktəblərdə ən narahat edən mövzulardan biri də iş dəftərləridir. Doğrudur, Təhsil Nazirliyi bu iş dəftərlərinin ləğv edildiyini qeyd edir. Amma müəllimlər dərslərini daha effektli keçməsi üçün uşaqlardan tələb edir. Uşaqların da bəzilərində olduqda, digәr uşaqlar da iş dəftərini almağa məcbur olurlar. Düşünürəm ki, 6-7 dərsliyi pulsuz verən nazirlik iş dəftərini də rahat şəkildə pusuz verə bilər. Əgər bu zəruridirsə, onda hər kəsə verilsin, əgər zəruri deyilsə, tamamilə ləğv edilsin”.
 
Bu il məktəbə 3 uşağını yola salan valideyn Murad Həmzəli Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, qiymətlər bazarlarda əl yandırır: “Adi dəftər 60-70 qəpikdir. Bu il 3 uşağı məktəbə yola salacağam. Tək dəftər və qələmlərinə 100 manat ətrafında pul xərcləyəcəyimi düşünürəm. Hələ bu il nə məktəbli forması, nə də məktəbli çantası almaq planım yoxdur. Normal məktəbli çantaları 30 manatdan başlayır. Formaları isə bu il yenə də bahalaşdırdılar. Hələ ki, tam olaraq satış qiymətini bilmirik. Ötən il 50 manata almışdım. Əgər bunları da əlavə etsəm onda hər uşaq üçün minimum 130-150 manat çıxmalıdır. Bunu da vursaq 3 uşağa 450 manat pul edir. Əslində qeyd etdiyim məbləğ ilkin mərhələ üçün belədir. Əsl xərclər məktəbə getdikdən sonra başlayır. Bu gün əksər valideynlər kimi, məni də iş dəftəri mövzusu ciddi narahat edir. Təhsil nazirliyi qeyd edib ki, iş dəfətəri ləğv edilib və məcburi xarakter daşımır. Amma məktəbdə müəllimlər iş dəftərindən dərslər verirlər. Bəzi uşaqlar iş dəftəri ilə aktiv işləyir, almayanlar isə kənardan baxırlar. Uşaqlar üçün bu hal yolverilməzdir. Heç bir valideyn bu halın baş verməsinə razılıq verməz. Bu baxımdan nəyin bahasına olursa olsun gedib onlar da iş dəfətri alır. İndi bu xərclərə 4-5 iş dəftərini də nəzərə alsaq onda xərclər daha da artır. Ötən il iş dəfətrinə 60 manata yaxın pul vermişəm. Əgər bu xərclərə uyğun təhsil verilsə yenə adama təsir etməz. Verdikləri təhsil də yetərli deyil, məcbur olub əlavə pul ilə müəllim yanına qoymalı oluruq. Bu prosesin nə vaxta qədər davam edəcəyini anlaya bilmirik”.
 
BTE-nin satış şöbəsinin rəisi Etibar Əzimov Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, məktəbli formaların qiymətlərdə cüzi artım olub: “Bu gün mənşəyi bilinməyən, zirzəmi şəraitində hazırlanan saxta BTE malları insanları yanıldır. Hər adam bu məhsulları ayırd edə bilmir. Bu baxımdan bizim müəyyən çətinliklərimiz var. Müvafiq strukturlara məktublar hazırlamışıq. Bütün bu saxta məhsulların yayılmasına baxmayaraq bizim məhsullara ciddi tələbat var. Məhsullarımızın bütün materialları Türkiyədən gətirilir. Əgər uşaqlar alınan ölçüdən çıxmasalar minimum 2 il geyinə bilirlər. Qiymətlərimizdə cüzi də olsa artım olub. Bu da idxal edilən məhsullarda olan bahalaşma ilə bağlıdır. Bu zəruri bir addım olub”.

Google+ WhatsApp ok.ru