Məktəbli yaşında satıcılar (VİDEO)

Məktəbli yaşında satıcılar (VİDEO)

Qobustan rayonuna keçdikdə cərgə ilə dayanıb göbələk satan yeniyetmələr  yanlarından keçən maşınların hansınınsa dayanıb onların satdığı göbələkdən alacağına ümid edirlər. Bəzən elə maşının dayanıb sürücünün onlara sarı gəlib satdıqları məhsulla maraqlanmağı da bəs edir. Bu darıxdırıcı yolda onlar səhər 8-dən axşam 6-ya qədər dayanırlar.
 
16 yaşında olan Rüfət ( ad şərtidir) soyuqdan əllərini ovuşdura-ovuşdura iki ildir hər gün 1 kilometr yolu piyada gələrək göbələk satdığını deyir. İki il əvvələ qədər o məktəbdə oxuyub. Deyir, ailəsinin ehtiyaclarından və dərslərini yaxşı oxumamasından məktəbdən çıxıb. O gündən bu günəcən göbələk satır.
 
17 yaşında olan, onunla birlikdə oxuyan şagirdlərin 11-ci sinifdə təhsil aldığını deyən Ceyhun (ad şərtidir) imkansızlıqdan təhsilini davam etdirə bilmədiyini deyir. “O biri qardaşımı oxutdururlar. Hal-hazırda Bakıdadır. Amma məni yox. Həm də burada məktəbə gəlməyə gecikdim, ona görə oxuya bilmədim. İmkan olmadı, dərsdən qaldım. Deyirlər, niyə oxumursunuz, day çönüb demək olmur ki, imkan yoxdur, dərs keçən olmur ona görə oxumaq da olmur”.
 
Rüfət deyir, atası xəstədir, ailəni yalnız gündəlik qazandığı 6,7,10 manatla dolandırır.  “Çətin də olsa, yaşaya bilirik” deyir.
 
Maşından düşüb Ceyhuna yaxınlaşan alıcı göbələyin növünü soruşur.
 
Ceyhun əlini göbələklərə tərəf uzadıb izah edir:
 
-Bu dağ şampinyonudur, bu meşə
 
-Neçəyədir ?
 
-2 manata
 
-1 manat
 
-Dayı 1 manat yox də...
 
Söhbətə qarışan digər satıcı deyir: Allah səni saxlasın, 1 manatla bu soyuqda dayanıb necə  göbələk satsın?!
 
Alıcı: Bəs axşamacan dayanıb satmasa necə...?
 
-Satmasam, bilərəm ki, satmadım arxayın gedib yataram.
 
Kişi heç nə almadan maşınına minib gedir. Ceyhun deyir, “Mən özüm fikirləşəndə mənim əziyyətimin qiyməti yoxdur. Amma gəlirlər, satırıq, dolanırıq”.
 
Rüfət hər səhər işləməyə gələndə soyuğa qarşı qalın geyinir. Deyir,  yenə də qızına bilmir. “Səhər 8-də gəlib 6-da gedirik. 4 dənə köynək, iki dənə corab geyinirəm, yenə soyuq olur. Ocaqla isinirəm. Ocaq üçün ağacları meşədən yığıram.  Əllərim donanda əlcəklərimi taxıram”.
 
Ceyhun da əlinə keçən çör-çöpü yığıb ocaq qalayır. “Səhər-səhər durub gəlirsən, istər-istəməz hava soyuq olur, ona görə bir az çətinliyimiz var. Qızınmaq üçün ocaq qalayırıq, ocaqda qızınırıq”.
 
Hər ikisinin arzusu durduqları yerdən uzaqdadır. Ceyhun idmançı, Rüfət bənna olmaq istəyir.
 
“Özüm bu dəqiqə hal-hazırda yüksəklikdə olmaq istəyərdim. İdmançı olmaq istəyirəm. İstəyirəm ki, mənim də bir medalım olsun”-Ceyhun deyir.
 
Rüfət isə : “Bənna olmaq istəyirdim. Xoşum gəlir...”
 

Google+ WhatsApp ok.ru