Mərkəzi bankın siyasəti

Mərkəzi bankın siyasəti

"Yeni Müsavat" qəzetində dərc edilən "Hamı anlayır ki, dollar qalxacaq" sərlövhəli məqalədə ekspert Əkrəm Həsənovun düşüncələrinə yer verilir.
 
Ə.Həsənov deyib ki, hökumət manatın möhkəmləndirilməsindən ötrü vəsait sərf etmir. Hətta son vaxtlar valyuta ehtiyatları artıb: "Amma son iki ildə Mərkəzi Bank manatın həcmini iki dəfə azaldıb".
 
Ə.Həsənov izah edir ki, istənilən əmtəənin sayı azalanda, qiyməti qalxır. Odur ki, manat azaldığından dollar ucuzlaşır.
 
Ekspert xatırladır ki, son vaxtlar Mərkəzi Bank depozit auksionları keçirir. Banklara bu prosesdə 14 faizlik gəlir verir.
 
Ə.Həsənov vurğulayır ki, banklar o pulu kredit şəklində sahibkarlara və vətəndaşlara vermirlər, çünki devalvasiyadan və böhrandan qorxurlar.
 
Ekspertə görə, son illərdə dollar ehtiyatı toplayanlar hansısa məhsulu alanda, manat lazım olur. Bu alqı-satqıda da yenə də Mərkəzi Bank qazanır: "Elə Mərkəzi Bank bunu ona görə edib ki, əhalidən dolları ucuz alsın. Mərkəzi Bank ilin əvvəlində dolları hamıya baha satdı ki, sonradan ucuz şəkildə geriyə alsın".
 
Amma Ə.Həsənov hesab edir ki, bu, çox davam edə bilməz, çünki iqtisadiyyata pul lazımdır. Ekspertin deməsinə görə, indi bəzi dövlət orqanları var ki, aylardır əmək haqqı vermirlər, çünki pul yoxdur: "Hazırda ödəniş sistemi iflic olub, sahibkarlar və digər şəxslər indi bir-birinə borclarını ödəmirlər. Çünki hamının ehtiyatı dollarladır, hamı da anlayır ki, dollar qalxacaq. Vaxt udmağa çalışırlar ki, dolları indiki məzənnə ilə deyil, bahalaşdıqdan sonra dəyişsinlər". 
 
Ə.Həsənovun proqnozuna görə, ən geci payızda dollar bahalaşacaq. /

Google+ WhatsApp ok.ru