Məktəbəhazırlıq qrupları ilə bağlı valdeynləri ən çox maraqlandıran SUALLARA cavab

Məktəbəhazırlıq qrupları ilə bağlı valdeynləri ən çox maraqlandıran SUALLARA cavab

Bakı Şəhəri üzrə Təhsil İdarəsi ümumi təhsil məktəblərinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu ilə bağlı valodeynlərin ən çox müraciət etdiyi məsələlərə aydınlıq gətirib.
 
İdarədən Trend-ə verilən məlumata görə, Məktəblərdə təşkil olunmuş məktəbəhazırlıq qruplarına məktəbin yerləşdiyi ərazidə yaşayan və həmin ildə 5 yaşı tamam olan (2012-ci il təvəllüdlü) uşaqlar qəbul edilir. Yaşayış ərazisindəki məktəbdə məktəbəhazırlıq qrupu təşkil olunmadığı halda, uşaqlar digər məktəbdə yaradılan məktəbəhazırlıq qrupuna qəbul edilə bilər.
 
Elektron sənəd qəbulu sistemindən istifadə üçün heç bir ödəniş tələb olunmur. Məktəbəhazırlıq qruplarında məşğələlər dövlət hesabına aparılacaq. Valideyn (digər qanuni nümayəndə) elektron sistemdə seçdiyi məktəbə sorğu yerləşdirməlidir. Valideynə yalnız bir məktəb seçib sorğu yerləşdirmək imkanı yaradılır. Valideyn məktəb seçdikdən sonra fikrini (seçimini) dəyişərsə, sistemə əvvəl yerləşdirdiyi sorğunu ləğv etməli, sonra yeni məktəb seçməlidir.
 
İdarə valideynlərin “Qeydiyyatdan keçdikdən sonra məktəblərdə uşaqların müsahibəyə cəlb olunması və ya onların ümumi psixoloji durumunun müəyyənləşdirilməsi üçün müvafiq söhbətlər aparılacaqmı?” sualına da cavab olaraq bildirib ki, valideyn (digər qanuni nümayəndə) məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün uşağın mübadilə vərəqi (sağlamlığı haqqında tibbi arayış (forma 26U)) təqdim etdiyinə görə uşağın psixoloji durumunun müəyyənləşdirilməsinə və ya hər hansı müsahibəyə ehtiyac yaranmır.
 
Sənəd qəbulu üzrə məsul şəxs tərəfindən tələb olunan sənədlərin müvafiq tələblərə uyğun olmadığı aşkar edildikdə və təhsil qanunvericiliyinin tələblərinin pozulduğu digər hallarda uşaq məktəbəhazırlıq qrupuna qəbul olunmaya bilər.
 
Məktəbəhazırlıq qruplarında məşğələlərə davamiyyət və tədris olunan mövzu müvafiq jurnalda qeyd ediləcək, uşaqların təlim nailiyyətləri şifahi formada qiymətləndiriləcək və bu barədə valideynlərə məlumat veriləcək.
 
Məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında fəaliyyət göstərəcək. /

Google+ WhatsApp ok.ru