Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır

Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır

Bu gündən məktəbəhazırlıq qruplarına məktəblərdə uşaqların sənədlərinin qəbulu başlayır.
 
Bakı Şəhər Təhsil İdarəsindən (BŞTİ) APA-ya verilən məlumata görə, idarənin tabeliyindəki ümumi təhsil müəssisələrində 2017-2018-ci dərs ili üçün məktəbəhazırlıq qruplarına elektron sistemdə qeydiyyatı aparılmış uşaqların sənədlərinin qəbulu avqustun 15-dən sentyabrın 20-dək həyata keçiriləcək.
 
Məktəbəhazırlıq qrupuna qəbul üçün uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti (şəxsiyyət vəsiqəsi olmadığı halda doğum haqqında şəhadətnamə, Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi, Xarici ölkədə verilmiş doğum haqqında şəhadətnamə (Azərbaycan dilinə tərcümə olunmuş variantda), uşağın mübadilə vərəqi (sağlamlıq haqqında arayış-forma 26U), 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil və valideynin (digər qanuni nümayəndənin) “Şəxsi kabinet”indən çap olunmuş “Ərizə” məktəbə təqdim olunmalıdır.
 
Valideynin (digər qanuni nümayəndənin) elektron sorğu yerləşdirdiyi məktəbə sənədləri təqdim edərək övladının məktəbəhazırlıq qrupuna qəbul olunması barədə müvafiq qəbz almasından sonra proses tam olaraq başa çatmış hesab edilir.
 
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına avqustun 1-dən başlanmış uşaqların elektron qeydiyyatı isə sentyabrın 18-dək davam edəcək.
 
Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün ərizələrin onlayn qeydiyyatı mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.
 
Məktəbəhazırlıq qruplarına qəbulla bağlı sual yarandıqda elektron ərizənin qeydiyyatı ilə əlaqədar hər bir rayon ərazisində fəaliyyət göstərən Alternativ Qeydiyyat Mərkəzlərinə, bütün digər hallarla bağlı Apelyasiya Komissiyalarına müraciət etmək olar.
 
Növbəti tədris ilində BŞTİ-nin tabeliyindəki 266 ümumi təhsil müəssisəsində məktəbəhazırlıq qrupları fəaliyyət göstərəcək. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 2-də başlayacaq. Səkkiz ay davam edən məşğələlər mayın 31-də başa çatacaq. /

Google+ WhatsApp ok.ru