`Mənfəət nefti 2028-dən tez gözlənilmir`

`Mənfəət nefti 2028-dən tez gözlənilmir`

“Azadlıq.info” saytı “İkinci neft kontraktının imzalanması hansı zərurətdən irəli gəldi?” sualına cavab axtarır. Yazıda “Azəri-Çıraq-Günəşli” yataqlar bloku ilə bağlı dünən, sentyabrın 14-ü 2050-ci ilə kimi yeni sazişin imzalanmasını iqtisadçı Qubad İbadoğlu dəyərləndirib.
 
Q.İbadoğlu bildirib ki, verilən məlumata görə, “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının dərin sulu laylarında daha 500 milyon ton neft ehtiyatı var. Ancaq onun hasil edilməsindən ötrü əlavə 40 milyard dollar vəsaitə ehtiyac var. Bu investisiyaları şirkətlər qoymalıdır.
 
İqtisadçı vurğulayır ki, burada gözlənilən məsrəflərin 36 faizə qədəri BP-nin üzərinə düşür. Sazişdə hasilatın pay bölgüsü şərtlərinə görə, şirkətlər əldə etdikləri gəlirləri ilk növbədə məsrəflərin örtülməsinə yönəldirlər:
“Artıq bu xərclər tam ödəniləndən və sıfır səviyyə çatandan sonra mənfəət neftinin Azərbaycan dövlətinin xeyrinə bölgüsü sxemi işə düşəcək. Birinci saziş üzrə sıfır səviyyə 2008-ci ilin ilk rübündə qeydə alınmışdı. Ondan sonra isə rentabellik səviyyəsinə uyğun mənfəət neftinin 55/45 faiz və çox keçmədən isə 70/30 faiz sxemi işə düşmüşdü. Ancaq Azərbaycana çatacaq mənfəət neft heç vaxt 80 faiz təşkil etməmişdi. Çünki, 1-ci sazişdə 80/20 faiz sxemi daşınma xərcləri 1 barrel üçün 3 dollardan az təşkil edəcəyi halda nəzərdə tutulurdu. Azərbaycan neftinin daşınma xərcləri həmişə 1 barel üçün 3 dollardan yuxarı olub”.
 
Q.İbadoğlu deyib ki, indiki sazişin detalları tam açıqlanmayıb. O vurğulayıb ki, BP-nin məlumatına əsasən yeni sxem ən yaxşı halda 75/25 faiz nisbətində olacaq:
“Ancaq həmin sxemlə mənfəət neftinə nə zaman çatılacağı məlum deyil. Əgər 1-ci sazişdə məsrəflərin örtülməsi üçün sıfır səviyyə 11 ildən sonra baş vermişdirsə, ikinci saziş üzrə də bu müddəti əsas götürsək, onda sıfır səviyyəyə 2028-cu ildən tez çata bilməyəcəyik”.
 
İqtisadçı deyib ki, bu səviyyəyə nail olmadan isə ikinci sazişdən əhəmiyyətli gəlir gözləməyə dəyməz. Üstəlik, onun fikrincə bu sazişdə hasilatın xərcləri daha tutumlu və çox vaxt aparacaq:
“Çünki, bu saziş çərçivəsində neft daha dərində yerləşən laylardan çıxarılır”
 
Q.İbadoğlu deyib ki, bu sazişdə diqqət çəkən vacib məqamlardan biri də nəzərdə tutulan 40 milyardlıq investisiyanın 25 faizinin SOCAR-ın öhdəsinə düşməsidir:
“Bu isə o deməkdir ki, SOCAR bu yatağa əlavə olaraq 10 milyard dollar investisiya yatırmalı və mənfəət neftindən də əsas payını 10-15 ildən sonra əldə etməlidir”.
 
İqtisadçı vurğulayıb ki, yenə də çox şey neftin dünya bazar qiymətindən asılı olacaq. /

Google+ WhatsApp ok.ru