Mətbuatın kağız qıtlığı davam edir - SON DURUM

Mətbuatın kağız qıtlığı davam edir - SON DURUM

-- Bəzi qəzetlər formatı kiçiltməyə məcbur oldu...

Ölkə mətbuatının kağız qıtlığı problemi davam edir. “Yeni Müsavat” qəzetinin bugünkü sayının da normal formatda deyil, daha kiçik ölçüdə çap olunmasının əsas səbəbi məhz “Azərbaycan” nəşriyyatı istisna olmaqla, digər özəl mətbəələrdə kağız qıtlığının yaşanmasıdır.
 
Problemin nə zaman həllini tapacağı bəlli olmadığı üçün qəzet redaktorları da bu durumdan narahatdırlar. Bir çox redaksiyalar qəzetin formatını kiçiltməklə, bəziləri isə müəyyən saylarını ixtisar etməklə problemdən çıxış yolu tapmağa çalışır.
 
“Yeni Müsavat” Media Qrupunun baş direktoru Ələsgər Süleymanov da təsdiqlədi ki, kağızla bağlı çətinlik qalmaqda davam edir: “Azərbaycan” nəşriyyatındakı ehtiyatımızın hesabıma çapımızı normal davam etdirsək də, bazar günləri özəl mətbəədə çapımızda hələ də çətinlik var.
 
Bu gün də ötən həftədəki kimi kiçik formatda çap olunmaq məcburiyyətində qaldıq. Gələn həftə ölkəyə qəzet kağızının daxil olacağı gözlənilir və ümid edirik ki, növbəti həftədən hər şey öz qaydasına düşəcək".
 
Formatı kiçilən daha bir qəzet - “Cümhuriyyət” qəzetinin baş redaktoru Rəfail Becanov “Yeni Müsavat”a açıqlamasında kağız qıtlığı səbəbindən son bir həftədə xeyli çətinlik yaşadıqlarını vurğuladı: “Özümüzün kağız ehtiyatımız olmadığından çap olunduğumuz mətbəənin təklif etdiyi kağızla çap olunurduq. Hazırda isə mətbəənin də kağız ehtiyatı tükənib. O da formata təsir edib. Son bir həftədir qəzetin formatı kiçilib. Nə qədər davam edəcəyini deyə bilmirik. Qəzet kağızına tətbiq olunan güzəştdən sonra əslində hansısa problem gözləmirdik. Təəssüf ki, əksi oldu. Hazırda dövriliyimiz azalmasa da, çətinlik daban-dabana bizi izləyir. Mətbəədən problemin yaxın günlərdə həll ediləcəyi deyilir. Ümid etmək istərdik ki, problem qəzetin dövriliyinə və çapına çətinlik yaratmayacaq. Hələ ki, vəziyyətin necə olacağını demək çətindir. Problemin hansısa formada həll olunmasına çalışırıq”.
 
“Bizim Yol” qəzetinin kommersiya direktoru Vüsal Yusifov bildirdi ki, təmsil etdiyi mətbuat orqanı kağız qıtlığı ilə bağlı hər hansı problem yaşamır: “Biz də bilirik ki, ölkədə hazırda kağız qıtlığı yaşanır. Ancaq bizim çap olunduğumuz ”Futbol +" mətbəəsində hazırda o qıtlıqla üzləşməmişik. Mətbəənin kağız ehtiyatı var. Ona görə də bizim hər hansı çətinliyimiz yoxdur. Qəzetimiz həftədə 5 dəfə çıxır, öz formatında və 16 səhifə olmaqla... çapımız normal qaydada davam edir və davam da edəcək. Mən kağız ehtiyatlarının həcminə bələdəm və bilirəm ki, hər hansı problem yaşanmayacaq".
 
“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirdi ki, ölkədə kağız qıtlığını onlar a hiss edirlər: “Ancaq hələ ki, bir neçə aylıq kağız ehtiyatımız var. Bir neçə ay öncə bu kimi durumlara qarşı bir qədər ehtiyat tədbiri gördüm, bu baxımdan bir neçə ay ”Bakı Xəbər" olaraq bizim çətinliyimiz olmayacaq. Ancaq problem bir neçə ay davam edərsə, yəqin ki, biz də problem yaşayacağıq. Bu baxımdan biz də narahatıq. Mənə elə gəlir ki, qəzet kağızı qıtlığının elə ciddi bir iqtisadi əsası ola bilməz. Görünür, sadəcə olaraq Azərbaycana qəzet kağızı gətirilməsi ilə bağlı iş adamlarının özlərinin hansısa problemi var. Çünki qəzet kağızının idxalı məsələsində qanunvericilikdə kəskin bir dəyişmə yoxdur. Mən düşünürəm ki, bu qıtlıq iş adamları ilə bağlıdır. Yəqin ki, bu barədə düşünüləcək".
 
A.Quliyev çıxış yolu kimi ölkədə qəzet kağızı istehsalına başlanılmasını təklif etdi: “Ölkədə kağız və qəzet kağızı istehsalı bizim böyük arzularımızdan biridir. yəqin ki, dövlət başçısı da bu haqda düşünür. Çünki daha mürəkkəb texnologiyalar tələb edən istehsal sahələri bu gün Azərbaycanda böyük sürətlə qurulur. Belə bir vaxtda adi qəzet kağızının istehsalı həm maliyyə, həm də texnoloji cəhətdən problem olmaz. Əminəm ki, əlaqədar dövlət qurumları bu barədə düşünürlər. Yəqin ki, belə bir addım olacaq və olmalıdır. Yerli istehsal olunan kağız daha ucuz başa gələr və sözsüz ki, qəzetlərin xərcləri də azalar. Onların iqtisadi durumuna xeyli müsbət təsir göstərə bilər”.

Google+ WhatsApp ok.ru