Məzənnəyə yenidən baxmaq təklifi

Məzənnəyə yenidən baxmaq təklifi

-- Manatı gələcəkdə kəskin devalvasiyaya uğramaqdan sığortalamaq üçün...

"Yeni Müsavat" qəzetində diqqəti "Vüqar Bayramov: Mərkəzi Bank məzənnə siyasətinə yenidən baxmalıdır" sərlövhəli məqalə cəlb edir.
 
Müəllif manatın perspektivini ekspert Vüqar Bayramov ilə qiymətləndirir.
 
Müəllif deyir ki, Azərbaycanın əsas ticarət tərəfdaşları olan Rusiya və Türkiyə milli valyutaları dollara nisbətdə kəskin dəyər itirib və bu fonda manata da təhlükə gözardı edilə biməz: "Bəs görəsən, Azərbaycan üçün iqtisadi baxımdan əhəmiyyətli olan bu iki ölkədə dolların bahalaşması manatın məzənnəsinə necə təsir göstərəcək?" deyə müəllif öz baxımından günü aktual sualını gündəmə daşıyır.
 
İqtisadçı ekspert Vüqar Bayramov "Yeni Müsavat"a şərhində iki qonşu ölkədə dolların bahalaşmasının manata da təzyiqi artıra biləcəyini istisna etmir.
 
O, düşünür ki, FED-in faiz dərəcələrini artıracağı ilə bağlı gözləntilərin Azərbaycan valyuta bazarına da təsiri ola bilər: "FED-in qərarı qlobal səviyyədə həm iqtisadi həm psixoloji təsirlərə malikdir. Azərbaycan üçün də FED-in qərarının psixoloji təsirləri var və bazarlara təsir göstərir. Bütün hallarda manatın məzənnəsinin növbəti dövrlərdə necə dəyişməsi qlobal faktorlarla bağlı olacaq. Burada birmənalı şəkildə neftin dünya bazarındakı qiyməti önəmli olacaq".
 
Ekspert vurğulayır ki, Türkiyə və Rusiya qeyri-neft ixracatı ilə bağlı Azərbaycanın əsas ticarət tərəfdaşlarıdır, odur ki, hər iki ölkənin milli valyutasının ucuzlaşmasının manata təzyiqi artıra bilər.
 
Ekspert hesab edir ki, manatı gələcəkdə kəskin devalvasiyaya uğramaqdan sığortalamaq üçün məzənnənin müəyyən interval daxilində dalğalanmasına şərait yaradılmalıdır: "Biz təklif edirik ki, Mərkəzi Bank üçün müəyyən bir interval olsun, AMB-nin məzənnəni stabil olaraq 1.70 müəyyən etməsi, faktiki olaraq son 1 ildə bazarda məzənnə intervalının olmaması psixoloji baxımdan heç də arzuolunan deyil. Təbii ki, məzənnənin stabil olması yaxşı bir haldır, ancaq müəyyən interval daxilində stabilləşməsinə və valyuta bazarının bunu uyğunlaşdırmasına çox ehtiyac var".
 
V.Bayramov hesab edir ki, intervalın olması bazarın proseslərə adekvat reaksiya verə bilməsinə kömək edərdi və buna görə də Mərkəzi Bank da məzənnə siyasətinə yenidən baxıb dəyişikliklər etməlidir.
 

Google+ WhatsApp ok.ru