Məcburi sığorta düz deyil-ekspert

Məcburi sığorta düz deyil-ekspert

“Marja.az”da isə “Daşınmaz əmlakın sığortasının icbari olması düzgün deyil” sərlövhəli məqalə oxumaq olar.
 
Sayt hüquqşünas Əkrəm Həsənovun daşınmaz əmlakın məcburi sığortası ilə bağlı fikirlərinə yer verib.
 
Ə.Həsənov hesab edir ki, daşınmaz əmlakın belə məcburi sığortası düzgün deyil. “Son günlər əhali arasında söz gəzir ki, növbəti ildən daşınmaz əmlakın (yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin) icbari sığortası qüvvəyə minir, buna görə də bu ilin sonunadək kim sığorta müqaviləsi bağlamasa, cərimələnəcək”, - müəllif bildirib.
 
Amma müəllif əlavə edir ki, əslində, sözügedən icbari sığorta növü “İcbari sığortalar haqqında” qanunun 2-ci fəslinə əsasən 2011-ci ildən mövcuddur və məcburidir: “Belə ki, sığorta haqqı Bakıda 50, Gəncə, Sumqayıt və Naxçıvanda 40, digər yerlərdə isə 30 manatdır. Sadəcə, əhalinin mütləq əksəriyyəti əmlakını sığorta etdirmir”.
 
Ə.Həsənov xatırladır ki, İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsinə görə, yerli icra hakimiyyəti orqanları daşınmaz əmlak ödənişlərini etmədikləri üçün vətəndaşları 30 manat məbləğində cərimə edə bilər.
 
Yenə də həmin məcəlləyə görə, özü də hər 20 gündən bir əgər vətəndaş sonuncu cərimədən sonra 20 gün ərzində sığorta müqaviləsi bağlamasa yenə də cərmiə edilə bilər.
 
“Amma etmirlər. Məndə olan məlumata görə, son günlər vətəndaşların aldığı bildirişləri yerli icra hakimiyyəti orqanları göndərməyib. Bəs onda kim göndərib?  Böyük ehtimalla sığorta şirkətləri. Yəqin ilin sonunda ajiotaj yaradaraq xeyli gəlir əldə etmək istəyirlər”. 
 
Ə.Həsənov hesab edir ki, icra hakimiyyətlərinin seçkiöncəsi vətəndaşların kütləvi cərimələməyə başlamasını inandırıcı saymır: “8 il ərzində heç nə etməyiblər. İndi birdən- birə niyə etsinlər ki? Özü də heç bir maarifləndirmə işi aparmadan”.
 
Hüquqşünasa görə, bütövlükdə sözügedən sığorta növünün icbari olmasının özü düzgün deyil.
 
“Hər kəs öz əmlakını sığortalamaqda sərbəst olmalıdır (axı söhbət üçüncü şəxslərə deyil, mülkiyyətçinin özünə dəyə biləcək zərərdən gedir). Yəni, bu, könüllü sığorta növü olmalıdır. Buna görə də narahat olmuş vətəndaşlarımıza tövsiyəm budur ki, deputatlığa namizədlərdən bu sığorta növünün gələcəkdə könüllü olması üçün qanuna dəyişiklik etsinlər”,- o qeyd edib.
 

Google+ WhatsApp ok.ru