Məmməd İbrahim: Oğlumun həyatına təhlükə var

Məmməd İbrahim: Oğlumun həyatına təhlükə var

14 iyul dinc “Qarabağ yürüşünə” qoşulanların içində mənim böyük oğlum, Mehdi İbrahimov da var idi.
 
Yürüşə qoşularaq Şəhidlər Xiyabanına qədər getmiş, orda isə izdihamdan aralı, Funiklyora yaxın bir yerdə dayanaraq (aralı olduğu üçün də, heç bir video və foto görüntüsü yoxdur) yürüşü izləmişdi.
 
Mehdi yürüşün sonunda aranın qarışdığını görüb evə qayıtmaq istəyib, lakin yolda polislər tərəfindən saxlanılaraq, özündən başqa 117 nəfərlə Xətai rayon 37-ci polis şöbəsinə gətirilmişdi. Orda 24 saat saxlandıqdan sonra 101 nəfəri buraxırılıb. Buraxılanların siyahısında Mehdinin də adı olub. Telefonunu da özünə qaytararaq buraxılacaq olanların içində saxlayıblar. Lakin son anda, “idarədən göstəriş gəldi, sən qalırsan” deyib, telefonunu alıblar və sözarası atasının kim olduğunu vurğulayıblar. Mən yürüş zamanı onunla dəfələrlə danışıb, “axı sən indiyə kimi heç bir mitinqdə, aksiyada olmamısan, indi orda nə gəzirsən” deyərək geri qayıtmağını israrla tələb edirdim, lakin o mənə “bu dinc yürüşdür, siyasi deyil, həm də izdihamdan aralı gedirəm” deyirdi. Buna görə də, Mehdinin heç bir günahının olmadığını bildiyimdən, əmin idim ki, buraxılacaq, ona görə polis şöbəsinə getmirdim.
Ancaq atasına görə saxlandığını biləndə, Mehdi buraxılan uşaqların birindən bu xəbəri mənə çatdırdı.
 
16 iyul səhər tezdən 6-da şöbəyə getdim. 8-də şöbənin rəisi Lətif Cahangirov məni görən kimi, salamdan sonra, mənim niyə gəldiyimi soruşmadan, nə üçün, kimin üçün gəldiyimi soruşmadan, ilk sözü, “narahat olma, yəqin proflaktik söhbət edib buraxarlar” dedi.
Artıq dəqiq bildim ki, həqiqətən Mehdini mənə görə buraxmırlar.
 
Sonra Mehdini gördüm, söhbət etdim, lap əmin oldum. Bu minvalla 4 gün Mehdini və daha 18 uşağı orda saxladılar. 3 gündən sonra, 2 maşın aşıran, qalanı isə MM-də olan 8 nəfəri azad etdilər. Mehdi ilə bərabər, biri 15, biri isə 17 yaşlı, ikisi azyaşlı olmaqla 11 nəfər qaldı. 5-ci gün 15 yaşlını çağıranda gəlmək şərti ilə buraxdılar. Saxlanmağın 6-cı günündə Mehdini və daha bir nəfəri Ağır Cinayətlər üzrə istintaq idarəsinə apardılar, qalan 8 nəfərə isə inzibati protokol tərtib edərək, məhkəməyə sövq edildi.
 
Mehdini və bir nəfəri istintaq idarəsindən yenidən 37-ci şöbəyə qaytardılar. Bu günlər ərzində hər gün 3-4 dəfə Mehdi ilə və onunla bir yerdə qalan 10 nəfərlə görüşüb, söhbətləşirdim.
 
Mehdi günahının olmadığına əmin olduğu üçün çox rahat idi, ta ki, istintaq idarəsinə gedib, gələnə kimi. İdarədə buna verilən suallar, bunda şübhə doğurduğu üçün, qayıdan kimi, “ata məni sənə görə saxladıqları lap dəqiqdir” dedi. Suallar belə olmuşdu: “Necə olur ki, ailənizdə hamı cəbhəçidir, sən YAP-çı”, “Niyə həmişə atan anketdə yazır ki, iki oğlum var?”, “Səni atan göndərmişdi o yürüşə?”
 
Dünən axşam Mehdini və Novruz Alışov adlı bir gənci Xətai polis idarəsinə apardılar. Biz də getdik. Az sonra ora TƏBİB-in xususi geyimliləri gəldi. Ürəyimə nə isə gəlsədə, “bu yaramazlığa getməzlər” deyib özümdən uzaqlaşdırdım. Mehdini maşından düşürdüb apardıqdan sonra, Novruzu düşürüb apardılar. 15-20 dəqiqə sonra Novruzu qaytarıb polis maşınına mindirib, 37-ci şöbəyə qaytardılar. Mehdini soruşduqda, növbətçi polis zabiti onun haqqında 48 saat saxlama qərarı verildiyini dedi.
Qanunsuzluğa baxın, 6 gün heç nə demədən saxladıqdan sonra “48 saat saxlama” qərarı.
 
Bu gün isə vəkillə getdikdə, Mehdiyə CM-nin 139-1.1 maddəsi ilə cinayət işinin qaldırıldığını, müstəntiqin də, İsa Həbibzadə olduğunu öyrəndim. CM ilə tanış olduqda dəhşətə gəldim.
O adamlar bu maddə ilə ittiham oluna bilərdi ki, o əvvəlcədən bu xəstəliklə evdə məcburi müalicəyə cəlb oluna və evi tərk etməmək barədə xəbərdarlıq oluna. Mehdidə isə belə şey olmayıb. Belə şey olsaydı Mehdi evdə pulsuz müalicə və pulsuz dərmanlarla təhciz olunardı, evə həkimlər gələrdi, təmasda olduqları test edilərdi. Amma belə şey olmayıb. Çünki biz bir evdə yaşayırıq, nə mən, nə anası, nə də həyat yoldaşı ilə övladı testdən keçməmişik.
 
İkinci bir tərəfdən də, Mehdi hər gün 8103-ə SMS yazaraq evdən çıxıb işinin dalınca gedib. Əgər evdə məcburi müalicəyə cəlb etsəydilər, yəqin ki, SMS icazəsi verməzdilər, çünki belə adamların icazəsi bloklanır.
İndi mən övladımın sağlamlığından çox narahatam, həyatı təhlükəsinin olmağından çox əndişəliyəm. Bütün vicdanlı jurnalistlərdən hüquq müdafiəçilərindən, insan hüquqlarının müdafiəsi təşkilatlarından, ombusman aparatından bu işlə məşqul olmaqlarını, diqqətdə saxlamaqlarını, övladım Mehdi ilə görüşüb, durumu barədə mənə məlumat verməklərini xahiş edirəm. /azadliq.info /

Google+ WhatsApp ok.ru