Məsum rəhbərlərin həyatında İslamın rəhmət və şəfqəti-3

Məsum rəhbərlərin həyatında İslamın rəhmət və şəfqəti-3

Məsum rəhbərlərinin, demək olar, bütün həyatı rəhmət, məhəbbət və şəfqətlə keçmişdir. Biz burada bir neçə nümunəni qeyd etməklə kifayətlənirik:
 
1. İslam Peyğəmbərinin (s) Məkkənin fəthindən sonra düşmənlərlə rəftarı uyğun mövzuya aşkar dəlildir. Hələ Mədinəyə hicrətindən on üç il qabaq müqəddəs Məkkə şəhərində hədsiz əzab-əziyyətlərə məruz qalan, olmazın müsibətlər, ağrı-acılar və çətinliklər görən o Həzrət Məkkənin fəthi zamanı ən qəddar düşmənlərini gözəl bir cümlə ilə, İslamın rəhmət və əfvi ilə qarşılayaraq onlara belə buyurur: “Azadsınız və hara istəyirsinizsə, gedin!”
 
Hətta Peyğəmbərə (s) “Əsgərlərdən biri əlinə bayraq götürüb intiqam şüarı qaldırır!” – deyə xəbər verildikdə, narahatlıqla onun əlindən bayrağı alıb intiqam əvəzinə “sülh” və “dostluq” şüarı verərək buyurur: “Bu gün məhəbbət və mərhəmət günüdür!”
 
İkinci dünya müharibəsində isə müttəfiq ölkələrin əsgərləri Almaniyanın paytaxtı Berlinə daxil olduqda, böyük qəddarlıqla kütləvi qırğınlara əl atır, faciəli cinayətlər törədir və hətta qundaqdakı südəmər körpələri belə göyə tullayaraq atəşə tuturdular! Elə indinin özündə də ülfət və mehribanlıqdan uzaq olan həmin canilərin nəsilləri müsəlman ölkələrində hər gün dilə gəlməyən elə cinayətlər törədirlər ki, qələm onları yazmağa acizdir və insanın onları eşidib-görməyə taqəti yoxdur!
 
Görəsən, qəzəb əhli bizik, yoxsa insan hüquqlarından dəm vuranlar?!
 
2. İmam Əlinin (ə) öz qatili Əbdürrəhman ibn Mülcəm Muradi ilə rəftarının misli hələ görünməyib. O Həzrət onun canına sui-qəsd edən düşmənini rəhmət və şəfqətdən məhrum etmir və zindana atıldığı zamandan edamına qədər onunla bir insan kimi rəftar olunmağını əmr edir: “Övladlarım! Mənim qatilim yalnız bir nəfər, o da İbn Mülcəmdir. Məbada məndən sonra bir qrup fürsət qulları qılınclarını qınından çıxarıb, günahsız insanların canına axışsın, kimisə Əlinin qatili ilə həmkarlığı üstə qətlə yetirsin və bu müqəddəs şüar donunda şəxsi qərəzlərinin əvəzini çıxsınlar!
 
Əzizlərim! Mənə hazırladığınız yeməkdən ona da verin!
 
Mənim gözümün işıqları! Əgər diri qalsam, onunla nə edəcəyimi özüm bilərəm və əgər Allahın görüşünə getsəm, onunla qəddarlıq etməyə haqqınız yoxdur! O, mənə bir qılınc zərbəsi vurub, siz də ona yalnız bir qılınc zərbəsi vurun!
 
Ey Rəsulullahın övladları! Onu öləndən sonra da tikə-tikə doğramayın!”
 
Bunlar İmam Əlinin (ə) şəhadət yatağında ikən qatili barədə ailəsinə sifarişlərdir. Rəhbəri bu qədər mehriban və qayğıkeş olan İslamı qəddar adlandırmaq olarmı?!
 
Maide.az – Maarif bölümü
 

Google+ WhatsApp ok.ru