Mağazalarda toyuq əti qıtlığı – bahalaşan qiymətlər

Mağazalarda toyuq əti qıtlığı – bahalaşan qiymətlər

 
Bizimyol.info «Mağazalarda toyuq əti qıtlığı – bahalaşan qiymətlər» sərlövhəli məqalədə son vaxtlar ticarət şəbəkəsində toyuq əti qıtlığını araşdırır. Yazıda vurğulanır ki, son günlər satış məntəqələrinin toyuq əti ilə təchizatında azalmalar müşahidə edilir. Satış məntəqələrində bu qıtlığa səbəb kimi toyuq ətinin bahalaşa biləcəyi deyilirsə, topdansatış məntəqələri əksinə, ət baha olduğu üçün əhalinin toyuq məhsullarına üstünlük verməsini göstərir.
 
«Bu həftənin əvvəlində satış firmaları ilə problem yaranmışdı, indi satışda bütün firmaların məhsulları var». Bunu qəzetə «Fresko» marketinin əməkdaşı deyib. Yazıda deyilir ki, «Neptun» marketində toyuqlar satılır, amma əvvəlki bolluq həddində deyil.
 
Məqalə müəllifi bildirir ki, bəzi satış məntəqələri son 3-4 gündə toyuq əti almayıblar və bunu toyuq ətinin bahalaşa bilməsi mümkünlüyü ilə izah ediblər. Yazıda hazırda toyuq ətinin bir kiloqramının 3.50 qəpik - 8 manat arasında dəyişdiyi vurğulanır.
 
«Firmaların əksəriyyəti məhsul təchizatını azaldıb, gətirilən toyuqlar isə günün birinci yarısında satılır. Ət baha olduğundan toyuq yaxşı satılır2. Bunu isə topdansatış mərkəzinin əməkdaşı deyir.
 
Mərkəz əməkdaşı bu qıtlığa səbəb kimi toyuq ətinin bahalaşa biləcəyini göstərir: «Yəqin ki, toyuq əti bahalaşacaq. Bu həftənin əvvəlində yağ, çay, qənd, şəkər bahalaşdı. Firmalar məhsulları anbarlarda saxlayıb, bahalaşmadan sonra paylayırlar».
 
İstehsalçılar isə təchizatda problemlər olmadığını deyirlər. Məqalədə deyilir ki, «Siyəzən broyler»dən yerli istehsalın azalmadığı, satış şəbəkəsinə yetərincə məhsul verildiyi bildirilib. Fabrikdən hazırda bahalaşma gözlənilmədiyi, amma dolların məzənnəsinə uyğun qiymətlərə yenidən baxılmasının mümkünlüyü də istisna edilməyib.
 
Ekspert Vahid Məhərrəmovun fikrincə, broylerlər etiraf etməsələr də, istehsal azalıb: «Yerli şirkətlər quş əti istehsalını azaldıb. Hazırda toyuq əti istehsalı baha başa gəlir. Demək olar ki, istehsal müəssisələri ziyana işləyirlər».
 
V.Məhərrəmova görə, alıcılıq qabiliyyəti azaldığından istehsal müəssisələri qiymətləri artıra bilmirlər.

 

Google+ WhatsApp ok.ru