Madriddə iqlim sammiti başlanır

Madriddə iqlim sammiti başlanır

Dekabrın 2-də Madriddə 200-dək ölkənin iştirakıyla iki həftəlik BMT iqlim sammiti başlanır. Məqsəd qlobal istiləşməni məhdudlaşdırmaq hədəfinə çatmaqdan ötrü qaydaları hazırlamaqdır.
 
Tədbirdən öncə BMT-nin Baş katibi Antonio Guterres deyib ki, son beş il tarixə ən isti period kimi düşüb və 2019-cu il çox isti keçən ikinci ildir.
 
“Bir çox onilliklər boyunca insan planetlə müharibə aparıb”, – deyən Guterres əlavə edib ki, indi də Yer buna tez-tez baş verən, ölümlə nəticələnən təbii fəlakətlərlə cavab verir.
 
COP25 adlı konfrans Çilidə keçirilməliydi, ancaq bu ölkədə hökumətə qarşı etirazlar səbəbindən İspaniyaya salınıb.
 
Madriddə 50-dək ölkə lideri 2015-ci ilin Paris iqlim sazişinin gerçəkləşməsindən ötrü qaydaları yekunlaşdırmağa çalışacaq. Bu saziş ölkələrin ətraf mühitə karbon qazı emissiyalarını azaltması öhdəliklərini əhatələyir.
 
Birləşmiş Ştatlar samitə diplomatik komanda göndərir, ancaq buraya Prezident Donald Trump administrasiyasının aparıcı üzvləri daxil deyil.
 
Nümayəndələr Palatasının spikeri Nancy Pelosi isə Konqresin nümayəndə heyəti ilə qatılacaq.
 
Trump 2017-ci ildə elan edib ki, karbon qazı emissiyalarına görə dünyada ikinci yeri tutan Birləşmiş Ştatlar Paris sazişindən çıxacaq. /azadliq.org
 

Google+ WhatsApp ok.ru