Malayziyanın Baş naziri dünya ictimaiyyətini Rohingiya müsəlmanlarına qarşı soyqırımı dayandırmağa çağırdı

Malayziyanın Baş naziri dünya ictimaiyyətini Rohingiya müsəlmanlarına qarşı soyqırımı dayandırmağa çağırdı

Malayziyanın Baş naziri Nəcib Rəzzaq Myanmarda Rohingiya müsəlmanlarına qarşı törədilən cinayətləri “soyqırım”adlandırıb və  beynəlxalq ictimaiyyəti Myanmar hökumətinə bu cinayətlərə son qoymaq üçün təzyiqlər göstərməyə çağırıb. 
 
Maide.Az xəbər verir ki, bazar günü Kuala-Lumpur şəhəri yaxınlığında bir stadionda Rohingiya müsəlmanlarına qarşı zorakılıqlara etiraz edən nümayişçilərin qarşısında çıxış edən N.Rəzzaq Myanmarın dövlət müşaviri Aung San Suu Çinin bu cinayətlər qarşısında sükutunu pisləyib. “Bu stadionda insanların toplanması Aung San Suu Çinə açıq bir mesajdır ki, bu hərəkətlərə son qoysun”. 
 
Qeyd edək ki, Myanmar Demokratiya Milli Liqasının lideri Aung San Suu Çi ötən ilin noyabr ayında seçkilərdə qələbə qazandıqdan sonra  söz vermişdi ki, ölkədəki müsəlmanları qoruyacaq. 
 
Malayziyanın baş naziri çıxışının davamında deyib ki, BMT-dən istəyirik ki, məsələyə müdaxilə etsin. “Dünya ictimaiyyəti bu soyqırıma müşahidəçi qala bilməz. Dünya deyə bilməz ki, bu bizim problemimiz deyil. Myanmar buddistləri tərəfindən Rohingiya müsəlmanlarına qarşı cinayətlər dünya müsəlmanlarını qəzəbləndirib. Rohingiya müsəlmanları uzun illərdir Myanmarda yaşayırlar. Onlar vətəndaşlıq hüququndan məhrum edilib. 2012-ci ildən Raxin əyalətində onlara qarşı zülmlər olunur. Yüzlərlə insan öldürülüb, minlərlə müsəlman öz evindən didərgin düşüb və qaçqın düşərgələrində acınacaqlı vəziyyətdə yaşayır”.
 
Qeyd edək ki, Rohingiya adlanan Myanmarın Raxin vilayətinin müsəlmanları 2012-ci ildən ifratçı buddistlərin qırğınlarının hədəfinə çevrilib. 
 
Myanmar dövləti Rohingiya müsəlmanlarının vətəndaşlıq hüquqlarını qəbul etməyərək onları qeyri-qanuni mühacir adlandırır.  
 
 

Google+ WhatsApp ok.ru