Maliyyə bazarında növbəti dollar oyunu

Azərbaycan hökuməti manatın ucuzlaşmasının qarşısını almaq üçün yeni üsul tapıb. “Azadlıq”a daxil olan məlumata görə, bütün banklara tapşırılıb ki, valyuta mübadiləsi zamanı manatın olmadığını bildirsinlər. Redaksiyamıza müraciət edən oxucularımızın dedikləri də bu məlumatı təsdiqləyir. “Banklara gedib əlimizdə olan dolları manata çevirmək istəyirik, bizə deyirlər ki, manat yoxdur”,- deyə oxucularımız bildirir.
 
Məlumata görə, burada məqsəd dollar ajiotajını yatırmaq, manatın artıq möhkəmləndiyi barədə rəy yaratmaqdır. Bildirilir ki, bu rəy yaradılandan sonra vətəndaşlarda təbii olaraq dollara inam öləcək. Beləliklə, əllərdəki dolları yığmaq daha asan olacaq. Dolların son bir neçə gündə rəsmi məzənnəsinin az da olsa aşağı salınması da buna xidmət edir. Həmçinin məqsədli şəkildə dolların yaxın günlərdə bir qədər də ucuzlaşacağı barədə məlumatlar dövriyyəyə buraxılıb. Ekspertlər də bildirir ki, dolların ucuzlaşması üçün real səbəb yoxdur. Böyük ehtimalla hökumət əllərdəki dolları yığdıqdan sonra növbəti devalvasiyaya gedərək, növbəti dəfə xalqı aldadacaq.

Google+ WhatsApp ok.ru