İMAMƏT SƏMASININ 8-Cİ GÜNƏŞİ

Bu gün İmam Rzanın (ə) müqəddəs mövlud günüdür

Adı: Әli
Ləqəbi: Rza
Künyəsi: Әbülhəsən
Atası: Həzrət İmam Museyi Kazim (ə)
İmamlıq müddəti: 21 il
Ömrü: 55 il
Vəfatı: 203-cü Hicri-qəməri ilində Abbasai xəlifəsi Məmun tərəfindən zəhərlənib şəhid oldu.
Məzarı: Iran Məşhəd şəhəri.
 
  TӘVӘLLÜDÜ
148-ci Hicri-qəməri ilinin Zilqədə ayının 11-də Mədinə şəhərində Musəbni Cəfər əleyhissalamın evində bir uşaq dünyaya gəldi ki, atasından sonra müsəlmanların İmamlığını öz öhdəsinə aldı.
Bu körpənin adını Әli, ləqəbini isə Rza qoydular. İmamın əziz anası Nəcmiyyə iman və üstün ağıl baxımından zəmanəsinin ən görkəmli qadınlarından biri sayılırdı.
Uşaqlıq çağından etibarən atası İmam Kazim (ə) ilə birlikdə idi. İmam Museyi Kazim (ə) həmişə öz əshabına belə buyurardı: «Məndən sonrakı İmam, budur».
Bu barədə Məxzumi belə demişdir: Günlərin bir günündə Musəbni Cəfər (ə) bizi çağırıb «sizi dəvət etdim ki, bu oğlanın məndən sonra mənim varisim və canişinim olacağına şahid durasınız» - deyə buyurdu.
İmamın zamanında boğucu şərait və şiddətli təzyiq həmin mühitə hakim olduğuna görə sözlərinin axırına belə əlavə etdi: «Sizə dediyim yanınızda qalsın və kimsəyə söyləməyin, bizim dostumuz və əshabımız olanlardan başqa.»
 
  İMAMIN ӘXLAQİ XÜSUSİYYӘTLӘRİ
Məsum İmamlar Allahın seçmiş olduğu, hamıdan üstün şəxsiyyətlər idilər. Onlar həyatda başqalarına örnək olub xalqa həyat dərsi verirdilər. Onlar özlərini camaatdan ayırmaz, zülmkarların metodu ilə yaşamaz, eləcə də heç kimə etinasızlıq göstərməzdilər. Bu barədə mərhum Səduq, Ibrahim ibni Abbasdan nəql edərək belə yazmışdır: İmam Rza əleyhissalamın, sözlə bir kimsəyə züml etməsini, yaxud kimsənin sözünü yarıda kəsməsini heç vaxt görmədim. Həzrət (ə) başqalarının yanında ayaqlarını uzatmaz, süfrə salınanda xidmətçiləri süfrəyə dəvət edərək onlarla birgə xörək yeyər, gecələr istirahət etdikdən sonra isə qalxıb ibadətlə məşğul olar, ata-babaları kimi o da gecəyarısı ərzağı çiyninə alıb yoxsul evlərə aparardı.
Məhəmməd ibni Әbi Ibad, İmam (ə) haqqında belə deyibdir: «Həzrət (ə) yayda həsirdən, qışda isə yun fərşlərdən istifadə edərdi. Sadə bir evdə yaşayardı, lakin bayıra çıxanda təmiz və təzə paltar geyərdi. Qonağa hörmət edərdi.
Bir gecə evdə yanan çıraq xarab olur, qonaq qalxıb çırağı düzəltmək istədikdə, İmam (ə) onu bu işdən çəkindirir və özü çırağı düzəldib buyurur: Biz qonaqlarımızı işlətmərik».
İmamın xidmətçisi Yasir deyibdir: İmam (ə) bizə belə buyurardı: Yemək yediyiniz vaxt əgər sizi çağırsam, xörəyinizi yeyib qurtarmayınca qalxmayın». İmamın əshabından olan başqa bir nəfər isə o həzrətin əxlaqı barəsində belə deyibdir: Bir gün yad bir adam İmamın evinə gəlib: «Mən sizin dostlarınızdanam, yoxsul da deyiləm, lakin pulum qurtarıb və qayıtmaq üçün xərcim yoxdur, əgər bir az siz mənə pul versəniz, öz şəhərimə çatandan sonra sizin tərəfinizdən sədəqə verərəm» - dedi. İmam (ə) qalxıb o biri otaqa keçərək oradan 200 dirhəm gətirib qapının üstündən ona verdi və buyurdu: «Al bunu, mənim tərəfimdən sədəqə verməyin də lazım deyildir».
İmamdan «belə etdin ki, səni görməsin?» - deyə soruşdular. İmam (ə) onların cavabında belə buyurdu: «Belə etdim ki, gözü mənə sataşıb utanmasın».
İmamın əshabından olan Süleyman deyibdir: Bir gün həzrətlə evə getdik. Fəhlələr işləyirdilər. Orada İmamın tanımadığı özgə bir kişi də var idi. İmam (ə) buyurdu: «Bu kişi kimdir?» Dedilər: Onu bizə kömək etmək üçün gətirmişik. Buyurdu: «Onunla müqavilə bağlayıb muzdunu təyin etmisinizmi?»
Dedilər: Xeyr, ancaq yaxşı kişidir və nə qədər versək, qəbul edib etiraz etməz. İmam (ə) bu sözdən çox narahat olub buyurdu: «Həmişə sizə demişəm ki, birini işlətməyə gətirəndə əvvəldən muzudun təyin edin. Çünki muzdu təyin olub muzdundan çox ona pul versəniz, sevinər. Amma əgər muzdu təyin etməsəniz, onda muzdunun üç qatını da versəniz, elə güman edər ki, muzdunu verməmisiniz.»
 
  İMAM RZA (Ә) VӘ QARDAŞ NӘSİHӘTİ
Həzrət Rza əleyhissalam Xorasana dəvət olunub bir sıra şərtlərlə Məmunun vəliəhdi olmağı qəbul etmək məcburiyyətində qaldı zaman Mədinədə qiyam edən qardaşı Zeyd də Məmunun əmri ilə Xorasana gətirildi. Məmun İmamın hörmətinə onu azad buraxıb cəzalandırmadı.
Bir gün izdihamlı bir məclisdə İmam (ə) xalqa söhbət edərkən eşitdi ki, Zeyd məclisin bir bucağında oturub özünü tərifləyir və «mən eləyəm» - deyir. İmam fəryad etdi:
«Ey Zeyd! Kufənin baqqallarından eşidib inandığın sözləri camaata satırsan? Bu sözlər nədir ki, deyirsən? Әli ilə Zəhranın övladları ancaq Allahın əmrinə təslim olduqları və özlərini günahdan uzaq saxladıqları zaman dəyərli və üstün sayılarlar. Olmaya belə güman edirsən ki, Musa ibni Cəfər, həzrət Səccad və başqa İmamlar kimisən? Halbuki onlar Allah yolunda əzab-əziyyətlər çəkərək gecə-gündüz Allaha ibadət və sitayiş edirdilər. Sən əsla zəhmət çəkmədən nailiyyət əldə edəcəyini güman edirsənmi? Bunu bil ki, əgər bizim Әhli-beytimizdən olan bir şəxs yaxşı iş görərsə, iki qat savab aparar. Çünki həm başqaları kimi yaxşı iş görüb, həm də Peyğəmbərin hörmətini saxlayıbdır. Lakin əgər pis iş görsə və bir günah etsə, iki günah qazanıbdır; biri budur ki, başqaları kimi pis iş görüb, o birisi də budur ki, Peyğəmbərin abrını aparıbdır.
Ey qardaş! Hər kim Allaha itaət etsə, biz Әhli-beytdəndir, lakin günahkar olsa, bizdən deyildir. Necə ki, Allah-taala, öz mənəvi əlaqəsini atası ilə qıran Nuhun oğlu barədə buuyrub: «O, sənin nəslindən deyildir. Әgər sənin nəslindən olsaydı, ona nicat verərdik».
Şeyx Səduq, Həsən Növfəlidən belə nəql edibdir: Məmun dünyanın müxtəlif din alimlərini yığaraq bir məclis qurmağı, İmam Rza əleyhissalamı da bu yığıncağa dəvət etməyi və onu elmi baxımdan etibarsız edərək nüfuzunu aradan aparmağa planlaşdırmışdı. Məmun həmin yığıncağı təşkil etmək əmrini vəziri Fəzl ibni Səhlə verdi. Məmun adam göndərib İmam Rza əleyhissalamı da həmin məclisə dəvət etdi. İmam (ə) yığıncaqda iştirak etmədən əvvəl evindən çıxanda Həsən Nöfvəliyə belə buyurdu:
«Bilirəm ki, Məmunun bu yığıncağı qurmaqda məqsədi nədir. Amma bunu da bil ki, xristianlarla öz kitablarından, yəhudilərlə Tövartdan, məcusilərlə də farsca danışdığım zaman Məmun bu işdən peşman olacaq».
İmamın dediyi kimi də oldu. İmam məclisə girəndə hamı onun ehtiramına ayağa qalxdı. Həzrət (ə) Məmunun yanında əyləşdi. Məmun xristianların böyük ruhanisi Casəliqə «istədiyin sualı ver» - dedi. Casəliq belə dedi: Isa haqqında nə bilirsən? İmam (ə) buyurdu: «Bizim etiqadımıza görə Isa (ə) Allahın peyğəmbəri olub». Casəliq dedi: Öz peyğəmbərinizin nübüvvətinə dair dəliliniz nədir?
İmam (ə) buyurdu: «Məgər Incildə oxumamısan ki, Yuhənna Isanın belə buyurduğunu nəql edir: Məndən sonra keçmiş peyğəmbərlərin dinini kamilləşdirəcək bir peyğəmbər gələcəkdir».
Dedi: Oxumuşam. Amma onun kim olduğunu və harada olacağını deməyibdir.
Həzrət (ə) buyurdu: «Sənə Incil kitabından oxumağımı istəyirsənmi?»
Dedi: Oxu.
Həzrət (ə) üçüncü bölməni oxuyub Isanın belə buyurduğu yerə çatdı. «Mən sizin Pərvərdigarınıza doğru gedəcəyəm və Barqilita, (yəni Məhəmməd) sizə doğru gələcək və küfrü məğlub edəcəkdir». Casəlik susub heç bir söz demədi. Sonra həzrət (ə) yəhudilərin başçısı Rəsülcaluta tərəf dönüb belə buyurdu: «Musanın peyğəmbər olduğuna dair hansı dəliliniz vardır?»
Dedi: Musanın əsanı ilana çevirmək, Nil çayını yarmaq və ondan keçmək və əlindən saçılan işıq kimi möcüzələri vardır».
Həzrət (ə) buyurdu: «Nəyə görə Isanın peyğəmbərliyinə inanmadınız?»
Dedi: Deyilənlərə görə Isa ölünü dirildib, dəri xəstəliklərini sağaldırmış. Amma biz bunu görmədik ki, ona iman gətirək.
Həzrət (ə) buyurdu: «Onda nəyə görə Musadan qabaq olan peyğəmbərlərə, habelə Musanın özünə inanırsınız, məgər onların möcüzələrini görmüsünzmü?»
Dedi: Bizə nəql olunduğuna görə o, kimsənin söyləmədiyi sözləri söyləyib və qabaqcadan kimsənin görə bilmədiyi işləri görübdür.
İmam (ə) belə buyurdu: «Bu sözləri onun demiş olduğunu haradan bilirsiniz?»
Hürmüzan dedi: Tarixdən və bu sözləri eşidənlər vsitəsilə eşitmişik.
İmam (ə) buyurdu: «Başqa dinlər və tarixə istinad edirlər. Onda siz onları necə öz dininizə dəvət edəcəksiniz?»
Hürmüzan susub bir söz demədi.
İmam (ə) sonra məcusların başçısına belə buyurdu: «Sən də istədiyini soruş». Ömran, Allah və yaradılışın fəlsəfəsi haqqında bir neçə sual verib cavabını aldı və həzrətin vasitəsilə müsəlmanlığı qəbul etdi. Məclis İmamın qələbə və müvəffəqiyyəti ilə sona çatdı. Belə bir şeyi gözləməyən Məmun ilan sancmış adam kimi qıvrılırdı və məclisi qurduğu üçün özünü danlayırdı.
 
  İMAMIN QUM ŞӘHӘRİNӘ GӘLMӘSİ
Məmun İmamı Xorasana dəvət etdiyi zaman həzrət (ə) Mədinədən Bəsrəyə, oradan da Quma gəldi. Qum əhalisi İmamı qarşılamağa çıxmışdılar. Hamı da istəyirdi ki, İmamı öz evinə qonaq aparsın. Həzrət (ə) belə buyurdu: «Qırağa çəkilin. Mənim dəvəm bu işin məmurudur. Hər kimin qapısında dayanıb otursa, ora mənim qalacağım yer olacaq.» Dəvə Qumun əyri-üyri küçələrindən keçib bir evin qapısına çatanda yerə oturdu. İmam (ə) isə (bu gün Qum şəhərinin elmi mədrəsələrindan biri Rəzəviyyə mədrəsəsi olan) evə qonaq oldu.
İmam (ə) Xorasan yolunda hara çatırdı camaat sevincək həzrətin ətrafına yığışıb ən dərin məhəbbətlərini büruzə verib göstərirdilər.
 
  İMAMIN NİŞABUR ŞӘHӘRİNӘ GӘLMӘSİ
O dövrdə Nişabur şəhəri Iranın iri, cəmiyyətli və abad şəhərlərindən biri sayılırdı. Şəhər əhalisinin İmam Rza əleyhissalama təşkil etdikləri qarşılama mərasimi tarixdə misilsiz idi. Sonralar bu şəhər monqollar tərəfindən işğal olundu. İmam gələndə isə Nişaburun alimləri, əllərində kağız-qələm, şəhərin darvazasında yığışmışdılar ki, İmamın sözlərini yazsınlar. O zamanlar Nişaburda yüzlərlə alim, hədisçi və fəqih yaşayırdı. Böyük rəvayətçi və hədisçilərdən sayılan Məhəmməd ibni Әsləm Tusi qabağa gəlib İmamdan camaat üçün bir hədis söyləməsini xahiş etdi. İmam (ə) kəcavənin pərdəsini qaldırıb başını kəcavədən çıxartdı. Xalqın gözü İmama sataşan kimi salavat və təkbir səsləri göyə ucaldı. İmam (ə) sakit olmalarını işarə etdikdə hamı susdu. Sonra bir hədis oxudu:
«Allah-taala buyurmuşdur: «La ilahə illəllah» mənim qala və hasarımdır. Hər kəs bu kəlməni dilə gətirsə, mənim qalama daxil olub əzabımdan qurtulacaqdır».
Bu hədisin ardıcıl sənədi Peyğəmbər, Cəbrail və Allaha yetişdiyinə görə «Silsilətüz-zəhəb, hədisi adlandırılmışdır.
 
  İMAMIN SӘNABADA GӘLMӘSİ
Әbasəlt belə nəql edir: Həzrət (ə) Sənabad kəndinə çatdıqda günorta idi; həzrət namaz qılmaq istəyirdi. Su istədi, dedilər suyumuz yoxdur. İmam Rza əleyhissalam bir yeri qazdı və həmin yerdən su qaynayıb çıxdı. İmam (ə) ilə yoldaşları dəstəmaz alıb namaz qıldılar. Sonra bu gün daş qablama qayırmaq üçün xammal olan dağa dayanıb belə buyurdu: «Pərvərdigara! Bu dağa xeyir və bərəkət əta et». Sonra əmr etdi ki, evinin bütün qablamalarını bu dağın daşından düzəltsinlər. Həzrət (ə) daha sonra Həmid ibni Qəhtəbənin evində yerləşən məqbərəyə daxil olub Harunun qəbrinin yanında əli ilə bir xətt çəkərək buyurdu: «Bura mənim qəbrimdir, məni burada dəfn edəcəklər. Allaha and olsun ki, hər kəs mənim ziyarətimə gəlsə, Allahın rəhməti və bizim şəfaətimiz ona nəsib olacaq». Daha sonra qibləyə tərəf dayanıb bir neçə rəkət namaz qılıb, dua etdikdən sonra uzun səcdəyə getdi.
 
  İMAMIN MӘRV ŞӘHӘRİNӘ GӘLİŞİ
Həzrət (ə) Mərv şəhərinə gələndə Məmun onu ehtiramla qarşılayıb, bütün böyükləri bir məclisdə toplayaraq həzrətə belə dedi: Xəlifəliyi buraxıb hakimiyyəti sizə tapşırmaq istəyirəm. İmam (ə) onun cavabında buyurdu: «Әgər xəlifəlik paltarını Allah sənə geydiribsə, xəlifəliyi buraxıb başqa bir nəfərə tapşırmağın yersizdir; əgər xəlifəlik sənin deyilsə, onda nə üçün onu öz öhdənə almısan?»
Məmun dedi: Artıq bu, qərara alınıbdır və xəlifəliyi qəbul etməlisən. İmam (ə) Məmunun gizli planını bildiyinə görə, onun israrına baxmayaraq qəbul etmədi. Daha sonra Məmun belə dedi: Mənim vəliəhdliyimi qəbul etməlisən. İmam (ə) isə buyurdu: «Bu qədər israr etmə. Ata-babalarımdan eşitmişəm ki, səndən qabaq dünyadan gedəcəyəm. Məni zəhərləyib atan Harunun yanında dəfn edəcəklər. Məmun «səni kim zəhərləyəcək?» - deyə soruşduqda İmam buyurdu: «Sən özün onun kim olduğunu yaxşı bilirsən, məndən soruşma».
Məmun narahat olub ağladı. Sonra belə dedi: Mənim vəliəhdliyimi gərək qəbul edəsən. Bu bir əmrdir ki, əgər onu rədd etsən səni öldürtdürərəm. Həzrət (ə) çarəsiz qalıb Məmunun vəliəhdliyini qəbul etdi, lakin bu müddət əzrində hökumət işlərinə qarışmayacağını bildirdi. Məmun bu şərti də qəbul edib təntənəli bir yığıncaq quraraq həzrəti ora gətirdi və camaata dedi: Hamınız İmamla beyət etməlisiniz. Məndən sonra xəlifə odur. Onun sözünü qəbul edib əmrlərinə tabe olun.
Məmun əmr etdi ki, xalq Abbasilərin qara rəngli paltarını çıxardıb Bəni Haşimin yaşıl rəngli paltarlarını geyinsinlər. Həmçinin qızı Ümmü Həbibi həzrətə verib, o biri qızı Ümmü Fəzli isə həzrətin oğlu İmam Məhəmməd Təqiyə adaxladı və elə bu siyasətlə onların ikisini də nəzarət altında saxlamaq istəyirdi.
 
  BAYRAM NAMAZI
Bayram günü Məmun bayram namazını İmamın (ə) qılacağını bildirib əmr etdi ki, böyüklərin də hamısı onun dalında namaz qılsınlar. İmam bunu qəbul etmədi. Lakin Məmunun israr etməsi ilə qəbul etmək məcburiyyətində qaldı, bu şərtlə ki, namazı babası Peyğəmbərin qıldığı kimi qılsın. Məmun qəbul etdi və İmam (ə) bayram günü sübh təmiz paltar geyib, özünə ətir vurub, başına ağ əmmamə qoyaraq və ayaqyalın təkbir deyərək şəhərin çölünə tərəf hərəkət etdi. Camaat da İmamla birlikdə yola düşdülər. Onlar sevindiklərindən uca səslə ağlayıb Peyğəmbər və xanədanına salam göndərirdilər. Elə bir vəziyyət yaranmışdır ki, sanki göy, yer və bütün məxluqlar İmamın səsinə səs verərək təkbir deyirdilər.
Məmunun vəziri Fəzl ibni Səhl vəziyyəti belə təhlükəli gördükdə Məmuna xəbər verdi ki, əgər İmam bu şəkildə namaz qılsa, üsyan və hərcmərclik törənəcək. Hamımızın həyatı təhlükə altındadır. Tezliklə İmamın yanına bir nəfər göndər ki, mərasimi yarımçıq qoyub qayıtsın. İmam (ə) Məmunun göndərdiyi adamın sözünü eşidən kimi ayaqqabısını geyib ata mindi və şəhərə qayıtdı. Beləliklə də o həzrət xalqa göstərdi ki, bunların hamısı Məmunun oyunlarıdır. Xalqın Məmuna qarşı olan qəzəb və nifrəti, İmama qarşı isə sevgi və məhəbbəti daha da çoxaldı. Hamı Məmunun ikiüzlü və hiyləgər olduğunu və İmam haqqında gördüyü işlərin siyasi bir məqsəd güddüyünü başa düşdülər.
 
  MӘMUN NӘ ÜÇÜN İMAMI XORASANA DӘVӘT ETMİŞDİ?
Bunu nəzərə almaq lazımdır ki, Məmun zirəng və ağıllı bir adam idi. Onun İmamı Mərvə dəvət edərək onu vəliəhd təyin etməsi müvəffəqiyyətsiz qalan siyasi bir plan əsasında qurulmuşdu. Məmunu maraqlandıran məsələlər bunlardan ibarət idi:
1. Әləvilər məmləkətin hər tərəfindən hökumətə qarşı qiyam etmişdilər. Bundan əlavə Islam ərazisi genişlənib nəzarət altından çıxmışdı. Buna görə də zahirdə xəlifəliyi ələvilərdən birinə verib onların qiyamının qarşısına almaq qərarına gəlmişdi ki, bununla da onların hamısı geri çəkilib üsyandan vaz keçəcəkdilər. Abbasilərin siyasəti hiyləgər bir siyasət idi. Onlar Peyğəmbərin aiələsinin qanına susamışdılar, lakin ələvilərin üsyanından qurtulmaq, şiələri razı salmaq üçün xalqa Әli (ə) ailəsinin səmimi dostu olduqlarını göstərmək məcburiyyətində idilər.
2. Məmun istəyirdi ki, Bəni Haşim xanədanı da hökumətin qərarlarını həyata keçirməkdə iştirak etsinlər və həzrət Rza əleyhissalamın Məmuna dediyi kimi, xalqa belə göstərsin ki, Bəni Haşim xanədanı dünyanı sevirlər və özlərini dünyaya etinasız göstərmələri yalandır. Guya onlar da qüdrətə çatsalar başqa adamlardan heç də fərqlənməyəcəklər. Lakin, qüdrətləri olmadığı üçün kənara çəkiliblər və əgər bir gün qüdrətə çatsalar, camaatın heç ağlına gələ bilməyəcəyi işləri görəcəklər. Məmun bu fikri aşılamaqla xalqı onlardan uzaqlaşdırıb onların xalq arasında olan mənəvi dəyərlərini məhv etmək istəyirdi.
Məmun dəfələrlə üsyan edən şəhərlərə vali təyin etmək üçün İmam Rza əleyhissalama öz adamlarından bəzilərini namizəd göstərməsini təklif etmişdi, amma o həzrət (ə) ona belə cavab vermişdi: «Mən vəliəhdliyi qəbul edəndə hökumətin heç bir işinə qarışmayacağımı şərt etdikdə siz də onu qəbul etdiniz. Әgər müqaviləmizə bağlı qalmağımı istəyirsənsə, siz də müqaviləmizə bağlı qalın. Məmun susub heç bir söz demədi
İmam Rza əleyhissalam anlamışdı ki, Məmun gördüyü işləri ona nisbət verib xalqı ondan uzaqlaşdırmaq istəyir. Buna görə də Məmunun heç bir təklifini qəbul etmədi və elə bunun nəticəsində də Məmunun bütün planları puça çıxdı.
3. Məmunun güddüyü başqa bir hədəf isə bundan ibarət idi ki, İmamı Xorasana gətirməklə ələviləri paytaxtda toplayıb nəzarət altında saxlasın və maneçilik yaradan ələviləri öldürtsün. Necə ki, İmamı zəhərləyib, ələviləri öldürdü və qabaqcadan bağladığı bütün əhd-peymanları tapdaladı.
 
    İMAMIN ŞӘHİD OLMASI
Şəhid olduğu gecə İmam (ə) yuxuda babası Peyğəmbəri görmüşdü ki, ona belə buyurdu: «Sabah bizim yanımıza gəl. Bizim yanımızda olan, indi içində olduğundan daha yaxşıdır».
Hərsəmə belə deyir: Gecə yarısı İmam (ə) məni hüzuruna çağırdı. Mən İmamın yanına getdim. Həzrət mənə belə buyurdu: «Məmun sabah məni üzüm və narla zəhərləyəcək. Bunu bil ki, şəhid olduğumdan sonra o, məni qüsl etmək istəyəcək. Ona belə de ki, bu işi görmə, yoxsa Allah sənə möhlət verməz. Elə bu vaxt heç kimin görüb bilmədiyi bir şəkildə oğlum Mədinədən gəlib qüsl və kəfən edəcək. Sonra mənim meyidimi Harunun məqbərəsinə aparacaqlar və Məmun məni onun arxasında dəfn etmək istəyəcək. Lakin vurduğu külüng yeri qazmayacaq. Bu vaxt sən Məmuna de ki, qəbrin önündə külüngünü yerə vursun. Sonra hazır bir qəbir görünəcək və başının üstündə şəffaf su qaynayıb daşacaq və suyun içində kiçik balıqlar görünəcək. Sonra böyük bir balıq gəlib kiçik balıqları yeyəcək, ondan sonra su çəkilib gedəcək. Bu vaxt məni qəbrə qoyun, amma qəbrimə torpaq tökməyin. Çünki qəbir öz-özünə dolacaq. Ey Hərsəmə, dediyim işləri görün və qoymayın ki, ayrı iş görülsün, yoxsa Allah sizi əzablandırar». Nəhayət Məmun o həzrəti Mərvdən Bağdada gedən yolda, Tus şəhərində zəhərli üzümlə zəhərləndi. Həzrət (ə) evinə qayıdıb köhnə dostu Әbasəltə belə buyurdu: «Evin xalçalarını yığışdır və heç kimi evə gəlməyə qoyma. Mənim can verən zamanımdır. Mən də babam Hüseyn kimi torpaq üstündə can vermək istəyirəm.»
İmamın şəhid olmasından qabaq Məmun həzrətin yanına gəldi. İmam (ə) gözlərini açıb ona belə dedi: «Oğlum İmam Məhəmməd Təqi ilə yaxşı rəftar et. Çünki səninlə onun vəfatı bir-birinə yaxındır».
İmamın pak bədənini qabaqca Harunun dəfn olunduğu məqbərədə, qəbrin önündə torpağa taşırdılar. Bu faciə 203-cü Hicri ilinin Səfər ayının son günündə, İmam 55 yaşında ikən baş verdi.
İmamın şəhid olmasından sonra Xorasanda böyük bir üsyan baş verdi və Məmun özünü əzadar göstərmək üçün ağlaya-ağlaya başına döyürdü. Lakin əksəriyyət bilirdi ki, Məmun İmamın qatilidir. Məmun üsyançıların qorxusundan və qiyamın genişlənməsinin qarşısını almaq üçün bir gecə-gündüz icazə vermədi ki, İmamın cənazəsini evdən çıxartsınlar. O, həmçinin xalqın arasına öz adamlarını göndərdi ki, İmamın öz əcəli ilə dünyasını dəyişdiyi şayiəsini yayıb Məmunun bu işdə əli olmadığını inandırsınlar. Lakin bütün bu cəhdlərə baxmayaraq o, özünü günahsız göstərməyə müvəffəq olmadı. Günü-gündən xalqın gözündə daha dəyərsiz oldu və nəhayət çox pis bir vəziyyətdə öldü.

Google+ WhatsApp ok.ru