İMAMƏT BƏHSLƏRİ NƏ VAXTDAN BAŞLANDI?

 İMAMƏT BƏHSLƏRİ NƏ VAXTDAN BAŞLANDI?

İslam Peyğəmbərindən (s) sonra imamət və canişinlik məsələsi ilə bağlı mübahisə yarandıqda, bir qrup Peyğəmbərin (s) özünə canişin təyin etmədiyini və bu işi ümmətin öz öhdəsinə qoyduğunu iddia etdi. Dedilər ki, ümmət bir yerə toplaşıb, öz aralarından bir nəfəri rəhbər seçməlidir. Həmin şəxs hökuməti idarə etməli, xalqın nümayəndəsi olaraq rəhbərlik vəzifəsini yerinə yetirməlidir. Hərçənd, İslam tarixində belə bir seçki əsla baş vermədi. Xəlifəliklə bağlı ilk mərhələ yalnız səhabədən təşkil olunan kiçik bir dəstənin təyini, ikinci mərhələ səsvermə, üçüncü mərhələ isə altı nəfərdən ibarət bir şura vasitəsilə başa çatdı. Bu növ təfəkkür tərzinin tərəfdarları “əhli-sünnə” adlanırlar.

Bu fikrə müxalif qrupun əqidəsincə, Peyğəmbərin (s) canişini Allah tərəfindən təyin olunmalıdır. Çünki o, ümmətin maddi və mənəvi rəhbərliyini öhdəsinə götürmək, İslamın əsaslarını qorumaq, dini yaşatmaq, şəri hökm və Quranın incəliklərini şərh etmək üçün Peyğəmbər (s) kimi yüksək elmə malik olmalı, günah və xətaya yol verməməlidir. Bu qrup “imamiyyə”, yaxud “şiə” adlanır. Bu ad Peyğəmbərdən (s) nəql olunan hədislərdən götürülmüşdür. Belə ki, əhli-sünnənin məşhur mənbələrindən sayılan “Əd-durrul-mənsur” kitabında Cabir ibn Abdullah Ənsaridən belə nəql olunur: “Biz Peyğəmbərin (s) yanında idik. Bu zaman Əlinin (ə) bizə tərəf gəldiyini gördük. Peyğəmbər (s) buyurdu:

...اِنَّ هذا وَ شِيعَتَهُ لَهُم الْفائِزُونَ يَوْمَ الْقِيامَةِ

“O və onun şiələri qiyamət günü nicat tapacaqlar.”

Bu məqamda “İnnəl-ləzinə amənu və əmilus-salihati ulaikə hum xəyrul-bəriyyəh” (“Həqiqətən, iman gətirib saleh iş görənlər yaradılmışların ən yaxşılarıdır!”) ayəsi nazil oldu.” (“Əd-durrul-mənsur”, c.6, səh.379. “Bəyyinə” surəsinin 7-ci ayəsinin təfsirində.)

Hicri-qəməri tarixi ilə 5-ci əsrin məşhur əhli-sünnə alimi Hakim Nişapuri “Şəvahidut-tənzil” kitabında İsalam Peyğəmbərindən (s) müxtəlif silsilə sənədlərlə bu məzmunu ifadə edən iyirmidən artıq rəvayət nəql etmişdir. O cümlədən, İbn Abbasdan belə nəql olunur: “Həqiqətən, iman gətirib saleh iş görənlər yaradılmışların ən yaxşılarıdır!” – ayəsi nazil olanda, Peyğəmbər (s) Əliyə (ə) buyurdu:

هُوَ اَنْتَ وَ شيعَتَكَ...

“Bu ayədə məqsəd sən və sənin şiələrindir!” (“Şəvahidut-tənzil”, c.2, səh.357.)

Başqa bir hədisdə Əbu Bərzədən nəql olunur ki, Peyğəmbər (s) bu ayəni tilavət etdikdən sonra buyurdu:

هُمْ اَنْتَ وَ شيعَتَكَ يا عَلِىّ

“Ya Əli! Onlar sən və şiələrindir!” (“Şəvahidut-tənzil”, c.2, səh.359.)

Bu hədis əhli-sünnə alimi İbn Həcərin “Əs-səvaiq” və Məhəmməd Şəbləncinin “Nurul-əbsar” kimi mötəbər kitablarında da qeyd olunmuşdur. (“Əs-səvaiq”, səh.96 və “Nurul-əbsar”, səh.70 və 110.)

Bu rəvayətlərə əsasən, imam Əlinin (ə) tərəfdarları və ardıcıllarının adını Peyğəmbərin (s) özü təyin etmişdir. Bəli, şiəliyin yaranışı İslam Peyğəmbərinin vəfatından sonraya yox, elə o həzrətin öz zamanına təsadüf edir. Peyğəmbər (s) bu adı imam Əlinin (ə) dostları və ardıcıllarına aid etmişdir. İslam Peyğəmbərini (s) Allahın rəsulu kimi tanıyanlar yaxşı bilirlər ki, (Quran ayəsinə əsasən,) o həzrət nəfsani hisslər əsasında danışmır, bütün dedikləri vəhydən qaynaqlanır. Əgər o həzrət “Ya Əli, sən və ardıcılların qiyamət günü nicat tapanlardansınız!” – deyə buyurmuşsa, demək, bu əsl həqiqətdir. (“Peyami-Quran”, 7-ci cild, “Qurani-Kərimdə imamət və canişinlik”, Ayətullah Məkarim Şirazi, səh.15-17.)

Rza Şükürlü

Google+ WhatsApp ok.ru