İMAMƏT AYƏLƏRİ – “QURBA” AYƏSİ (2)

Qurani-Kərimdə imam Əlinin (ə) imamət və rəhbərliyinə işarə edən, o həzrəti İslam ümmətinin ən fəzilətlisi və İslam Peyğəmbərindən (s) sonra ən üstün şəxsiyyət olduğunu göstərən ayələrdən biri də “Qurba” ayəsi adını daşıyan “Şura” surəsinin 23-cü ayəsidir. Bu ayədə Peyğəmbərə (s) xitab olunaraq buyurulur:

قُل لَّا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَى

“(Ya Peyğəmbər!) De ki, mən sizdən bunun (peyğəmbərlik və risalətimin) müqabilində ən yaxınlarımı sevməkdən başqa bir şey istəmirəm.”

Bütün şiələr və bir çox əhli-sünnə təfsirçiləri bu ayədə qeyd olunan “zil-qurba” sözünün kimlərə aid olması barədə demişlər: “Zil-qurba”da məqsəd Peyğəmbərin (s) ən yaxınlarıdır!” Bu təfsir müqabilində digər ehtimallar verilsə də, belə görünür ki, onların əsas məqsədi Peyğəmbərin (s) xilafət məsələsini və Əhli-beytin (ə) məqamını gözdən salmaqdır.

Həm şiə, həm də əhli-sünnə mənbələrində bu ayənin məna və təfsirini tam açıqlayan xeyli rəvayət nəql olunmuşdur. O cümlədən:

1. Beşinci əsrin məşhur əhli-sünnə alimi Hakim Həskani “Şəvahidut-tənzil” kitabında Səid ibn Cübeyrdən, o da İbn Abbasdan belə nəql edir: “Qurba” ayəsi nazil olandan sonra Peyğəmbərə (s) dedilər: “Ey Allahın Peyğəmbəri! Sevilməsi Allah tərəfindən vacib edilən kəslər kimlərdir?” O həzrət belə buyurdu: “Əli, Fatimə və onların iki oğlu!”

Bu rəvayəti Qurtubi həmin ayənin təfsirində azacıq fərqlə Səid ibn Cübeyr və İbn Abbasdan, Əhməd ibn Hənbəl isə “Fəzailul-xəmsə” kitabında Səid ibn Cübeyr və Amirdən nəql etmişdir. (“Ehqaqul-həqq”, c.3, səh.2.)

2. Yenə həmin kitabda Əbu Əmamə Bahilidən nəql olunur ki, Peyğəmbər (s) belə buyurmuşdur:

اِنَّ اللهَ خَلَقَ الْاَنْبِياءَ مِنْ اَشَجارٍ شَتّى، وَخُلِقْتُ وَعَلِىّ مِنْ شَجَرَةٍ واحِدَة، فَاَنَا اَصْلُها وَعَلِىٌّ فَرْعُها، (وَفاطِمَةُ لُقاحُها) وَالْحَسَنُ وَالْحُسَيْنُ ثِمارُها، وَ اََشْياعُنا اَوْراقُها، فَمَنْ تَعَلَّقَ بِغُصْنٍ مِنْ اَغْصانِها نَجى وَمَنْ زاغَ هَوى، وَلَوْ اَنَّ عَبْداً عَبَدَاللهَ بَيْنَ الصَّفا وَالْمَرْوَةِ اَلْفَ عامِ، ثُمَّ اَلْفَ عامِ، ثُمَّ اَلْفَ عامِ، حَتّى يَصِيرَ كالشَّنِّ الْبالِس، ثُمَّ لَمْ يُدْرِكْ مَحَبَّتَنااَكَبَّهُ اللهُ عَلَى مِنْخَرَيْهِ فِى النّارِ ثُمَّ قَرَءَ قُلْ لا اَسئَلُكُمْ عَلَيْهِ اَجْراً اِلاَّ الْمَوَدَّةَ فِى الْقُرْبى:

“Allah-Taala peyğəmbərləri müxtəlif ağaclardan, mənimlə Əlini isə eyni bir ağacdan yaratdı. Mən həmin ağacın köküyəm, Əli budaqlarıdır, (Fatimə o ağacın bar verməsi üçün bir vasitə,) Həsən və Hüseyn meyvələridir, şiələrimiz isə yarpaqlarıdır. Onun hər bir budağından yapışan kəs nicat tapar, ayrı düşən kəs zəlalətə uğrayar. Allaha Səfa və Mərvə (dağları) arasında min il, sonra daha min il, sonra başqa bir min il ibadət edib, nəticədə tuluq kimi köhnəlib quruyan, lakin bizi sevməyən bəndəni Allah-Taala üzüstə oda (cəhənnəmə) atar.” Sonra o həzrət bu ayəni (şahid və sübut olaraq) tilavət edir: “(Ya Peyğəmbər!) De ki, mən sizdən bunun (peyğəmbərlik və risalətimin) müqabilində ən yaxınlarımı sevməkdən başqa bir şey istəmirəm.” (“Şəvahidut-tənzil”, c.2, səh.130 və 141.)

3. Məşhur təfsir alimi İbn Cərir Təbəri də “qurba” ayəsinin təfsirində İbn Cübeyrdən belə nəql edir: “Məqsəd Peyğəmbərin (s) yaxın adamlarıdır!”

4. Hakim “Müstədrəküs-səhiheyn” kitabında imam Zeynəlabidindən (ə) belə nəql edir: “Əlinin (ə) şəhadətindən sonra Həsən ibn Əli (ə) camaata xütbə oxudu və xütbəsində özünü tanıtdıraraq buyurdu: “Mən elə bir ailədənəm ki, Allah-Taala onları sevməyi hər bir müsəlmana vacib etmiş və Peyğəmbərinə (s) buyurmuşdur: “De ki, mən sizdən bunun (peyğəmbərlik və risalətimin) müqabilində yaxınlarıma sevgidən başqa bir muzd istəmirəm.”

Əhli-sünnənin digər alimləri də bu hədisi nəql etmişlər. O cümlədən, Muhibbuddin Təbəri “Zəxair”də səh. 138; İbn Həcər “Əs-səvaiq”də səh. 101; Süyuti “Əd-durrul-mənsur”da, “qurba” ayəsinin təfsirində.

5. İbn Cərir Təbəri «Camiul-bəyan” kitabında Əbud-Deyləmdən belə nəql edir: “(Dördüncü imam) Zeynəlabidini (ə) Şama əsir aparıb Dəməşqin (darvazasının) pillələrində saxladılar. Şam əhalisindən bir nəfər ayağa qalxıb dedi: “Allaha şükür olsun ki, sizi öldürüb, kökünüzü kəsdi!” Zeynəlabidin (ə) ona buyurdu: “Heç Quran oxuyubsanmı?” Dedi: “Bəli!” Buyurdu: “Quranda “Ha-mim” övladlarını oxuyubsanmı?” Dedi: “Quranı oxumuşam, amma “Ha-mim” övladlarını görməmişəm!” Buyurdu: “Qul la əsəlukum ələyhi əcrən illəl-məvəddətə fil-qurba! (Ya Peyğəmbər!) De ki, mən sizdən bunun (peyğəmbərlik və risalətimin) müqabilində yaxınlarıma sevgidən başqa bir şey istəmirəm.)” Dedi: “Peyğəmbərin yaxınları sizmisiniz?” Buyurdu: «Bəli!” (“Camiul-bəyan”, c.25, səh.16.)

6. İbn Həcər “Əs-səvaiqul-muhriqə” kitabında imam Əlinin (ə) belə buyurduğunu nəql edir: “Biz “Ha-mim” övladları haqda bir ayə nazil olmuşdur və o budur ki, bizim dostluq və məhəbbətimizi möminlərdən başqa kimsə (qəlbində) saxlamaz.” Sonra bu ayəni tilavət etdi: “(Ya Peyğəmbər!) De ki, mən sizdən bunun (peyğəmbərlik və risalətimin) müqabilində yaxınlarıma sevgidən başqa bir şey istəmirəm.” (“Əs-səvaiqul-muhriqə”, səh.101.)

Bu rəvayət azacıq fərqlə “Kənzül-ümmal” kitabında da nəql olunmuşdur. (“Kənzül-ümmal”, c.1, səh.118.)

Bu rəvayətdən açıq-aşkar başa düşülür ki, bəhs etdiyimiz ayədəki “qurba” sözündə məqsəd Peyğəmbərin (s) yaxın adamlarıdır. “Ha-mim övladları”nda məqsəd, əvvəli “Ha-mim”lə başlayan surələrdir. Bunlar yeddi surədir: “Mumin”, “Fussilət”, “Şura”, “Zuxruf”, “Duxan”, “Casiyə” və “Əhqaf”. Qeyd etdiyimiz ayə isə “Şura” surəsindədir. (Bax: “Məcməül-bəyan” təfsiri, “Mumin” surəsinin başlanğıcı, vərəqaltı haşiyə, c.7-8, səh.512.)

7. Zəməxşəri, Fəxri-Razi və Qurtubi öz təfsir kitablarında “qurba” ayəsinin təfsirində Peyğəmbərdən (s) bir hədis nəql edirlər. Bu hədisdə Əhli-beyt (ə) sevgisi yüksək qiymətləndirilir. Peyğəmbər (s) buyurur: “Hər kəs Mühəmməd (s) və ali-Mühəmmədə məhəbbətlə ölsə, dünyadan şəhid olaraq getmişdir. Agah olun! Hər kəs ali-Mühəmmədə məhəbbətlə dünyadan getsə bağışlanmışdır... Agah olun! Hər kəs ali-Mühəmmədə məhəbbətlə dünyadan getsə, kamil imanla dünyadan getmişdir... Agah olun! Hər kəs ali-Mühəmmədə ədavət və kin-küdurətlə dünyadan getsə, kafir halda dünyadan getmişdir...!” (“Kəşşaf” təfsiri, c.4, səh.220-221; “Kəbir” təfsiri, c.27, səh.165-166 və “Təfsiri-Qurtubi” səh.5843.)

Fəxri-Razi bu hədisi nəql etdikdən sonra belə yazır: “Hədisdəki “ali” sözü haqda fikirayrılığı olsa da, mənim nəzərimcə “ali-Mühəmməd” (Mühəmmədin (s) Əhli-beyti) Peyğəmbərlə (s) rabitə və əlaqələri daha sıx olan şəxslərdir. Bu rabitə nə qədər güclü və kamil olarsa, yaxınlıq da bir o qədər güclənər. Şübhəsiz, Əli, Fatimə, Həsən və Hüseynin (ə) Peyğəmbərlə (s) rabitəsi hamıdan artıqdır. Bunun inkaredilməz həqiqət olduğu hamı tərəfindən söylənilmiş və “mütəvatir” hədislərlə sübuta yetirilmişdir. Buna əsasən, onlar Peyğəmbərin (s) övladları, Əhli-beytidir. Amma onlardan başqalarının “ali-Mühəmməd”ə aid olması ilə bağlı ixtilaf var. Həqiqətən də, ayrı-ayrı şəxsləri “ali” sözünün əhatəsinə daxil etmək ağıl və məntiqə, nəql olunmuş rəvayətlərə qarşı çıxmaqdır.” Fəxri-Razi əlavə dəlil və sübutlar da göstərir ki, bu ayə Əli (ə), Fatimə (ə.s), Həsən (ə) və Hüseynə (ə) aiddir. (Bax: “Kəbir” təfsiri, c.27, səh.166-167.)

Bəhsimizi məşhur əhli-sünnə alimləri Fəxri-Razinin “Kəbir” və Alusinin “Ruhul-məani” kitablarında “qurba” ayəsinin təfsiri ilə bağlı qeyd etdikləri misralarla sona çatdırırıq. Bu misralar sünni təriqətlərindən birinin banisi Şafeinindir. O, belə deyir:

Ya rakibən, qif bil-muhəssəbi min Məna,

Vəhtif bi-sakini xifiha vən-nahizi,

Səhərən, iza qazəl-həcicu ila Mina,

Fəyzən kə-multətəmil-furatil-faizi.

İn kanə rəfzən hubbu ali-Muhəmməd,

Fəl-yəşhidis-səqəlanu: inni rafiziyyun!

“Ey (Allah evinin ziyarəti üçün) süvar olan, Minanın yaxınlığında şeytana daş atılan yerdə (Allah evinin zəvvarlarının toplaşdıqları böyük mərkəzdə) dayan! Xif məscidində (ibadətlə məşğul olan), yaxud Kəbəyə doğru hərəkət edən bütün kəsləri çağır; səhər vaxtı hacıların sel kimi Mina məntəqəsinə çatdığını gördükdə, fəryad edərək söylə: “Əgər Mühəmmədin Əhli-beytini sevmək dini tərk etmək hesab edilərsə, onda bütün insanlar və cinlər şahid olsunlar ki, mən “rafizi”yəm (dindən çıxmışam)!” (“Kəbir” təfsiri, c.27, səh.166; “Ruhul-məani”, c.25, səh.32.)

İlahi! Bizi namazda salam və salavat göndərdiyimiz Əhli-beyti (ə) sevənlərdən qərar ver! (“Peyami-Quran – Qurani-Kərimdə imamət və canişinlik”, Ayətullah Məkarim Şirazi, 9-cu cild, səh. 165-175.)

Rza Şükürlü

Google+ WhatsApp ok.ru