İMAMƏT AYƏLƏRİ – “ULUL-ƏMR” (ƏMR SAHİBLƏRİ) AYƏSİ (3)

Qurani-Kərimdə imam Əlinin (ə) imamət və rəhbərliyinə işarə edən, o həzrəti İslam Peyğəmbərindən (s) sonra ən üstün şəxsiyyət və İslam ümmətinin ən fəzilətli şəxs olduğunu göstərən ayələrdən biri “Ulul-əmr” ayəsi adını daşıyan “Nisa” surəsinin 59-cu ayəsidir. Bu ayədə buyurulur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ أَطِيعُواْ اللّهَ وَأَطِيعُواْ الرَّسُولَ وَأُوْلِي الأَمْرِ مِنكُمْ

“Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin.”

Şiə və Əhli-beyt (ə) məktəbinin bütün alim və təfsirçilərinin yekdil nəzərinə əsasən, “əmr sahibləri” İslam ümmətinin maddi və mənəvi rəhbərləri olan məsum imamlardır. Çünki Allah və Peyğəmbərə (s) itaətlə eyni səviyyədə zəruri sayılan itaət yalnız məsum imamlara itaət ola bilər. Lakin digərlərinə itaət həmişə müəyyən qeyd-şərtlə məhdudlaşır və onlara mütləq itaət əsla mövcud deyil. Halbuki sünni alim və təfsirçilər arasında “əmr sahibləri”nin kimliyi ilə bağlı böyük fikirayrılığı mövcuddur. Bəziləri ilk “dörd xəlifə”nin, bəziləri “səhabə”lərin, bəziləri “ordu sərkərdələri”nin, hətta bəziləri xalq nümayəndələrinin, hakimlərin, rəislərin, alimlərin və müxtəlif vəzifə sahiblərinin, başqa sözlə, ixtilafları aradan qaldıran və camaatın işlərini tənzim edənlərin nəzərdə tutulduğunu iddia edir, amma tutarlı bir dəlil göstərmirlər.

“Əmr sahibləri” ilə əlaqədar deyilən bütün ehtimalları araşdırdıqda, görürük ki, onun məsum imamlardan başqası haqda düzgün məfhumu yoxdur. Burada isə bizim məqsədimiz imam Əlinin (ə) və digər imamların xilafətilə bağlı bu ayənin onlara tətbiqi və İslamın (xüsusilə, əhli-sünnənin) məşhur mənbələrində nəql olunan hədisləri araşdırmaqdır.

Məşhur əhli-sünnə alimi Hakim Həskani sözügedən ayənin təfsirində beş hədis nəql etmişdir ki, onların hamısında “əmr sahibləri” ünvanı imam Əliyə (ə) (xarici bir nümunə və fərd kimi) tətbiq olunmuşdur. Birinci hədis o həzrətin özündən nəql edilir: “Peyğəmbər (s) “Mənim (ümmətə rəhbərlikdə) şəriklərim o kəslərdir ki, Allah-Taala onları Özünə və mənə yaxın etmişdir” deyə buyurduğu zaman, “Ey iman gətirənlər, Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin!” – ayəsi nazil oldu. Mən Həzrətdən soruşdum:

يا نَبِىَّ اللهِ مَنْ هُمْ؟ قالَ اَنْتَ اَوَّلُهُمْ

Ya Peyğəmbər! Əmr sahibləri kimlərdir?” Həzrət buyurdu: Sən onların birincisisən!” (“Şəvahidut-tənzil”, c.1, səh.148.)

İkinci hədis məşhur təfsirçi Mücahiddən nəql edilir: “Bu ayə həzrət Əli (ə) haqqında nazil olmuşdur. Bu o zaman idi ki, Peyğəmbər (s) (“Təbuk” müharibəsinə gedərkən,) Mədinədə onu öz yerinə canişin seçmişdi.”

Üçüncü hədisi imam Baqir (ə) və dördüncü hədisi Səd Vəqqasdan nəql edərək yazır: “Peyğəmbər (s) “Təbuk” müharibəsinə gedərkən (Mədinənin yaxınlığındakı) Curuf adlı məntəqəyə çatdı. Əli (ə) Peyğəmbərin (s) arxasınca gedirdi və əlində silah yox idi. O, Peyğəmbərə (s) dedi: “Ey Allahın Rəsulu! Məni öz yerinə qoydun (məni özündən ayırdın), halbuki mən heç bir müharibədə səndən ayrılmamışam! Münafiqlər şayiə yayıblar ki, məni Mədinədə ona görə saxlamısan ki, yanında olmağımı istəmirsən!”

Səd deyir: “Öz qulağımla eşitdim ki, Allahın Rəsulu (s) buyurdu:

يا عَلِىّ اَلا تَرْضى اَنْ تَكُونَ مِنِّى بِمَنْزِلَةِ هارُونَ مِنْ مُوسى اِلاّ اَنَّهُ لا نَبِيَّ بَعْدِى فَارْجِع فَاخْلُفْنِى فِى اَهْلِى وَ اَهْلِكَ:

Ya Əli! “Razı olmazsanmı ki, səninlə mənim nisbətim Harunla Musanın nisbəti kimi olsun? Bu fərqlə ki, məndən sonra bir peyğəmbər yoxdur. (Yəni sən Harun kimi peyğəmbərlikdən başqa bütün məqamlara sahibsən!) Buna görə geri qayıt, mənim öz əhli-əyalın arasında canişinim ol (və Mədinəni münafiqlərin şərindən qoru)!”

Buna oxşar beşinci hədis yenə imam Əlidən (ə) nəql edilmişdir. (“Şəvahidut-tənzil”, c.1, səh.148-151.)

Əbu Həyyan Əndəlusi Məğribi “Əl-bəhrul-muhit” təfsirində “əmr sahibləri” ilə bağlı (üç təfsir alimi) Müqatil, Məymun və Kəlbidən nəql edir ki, məqsəd Əhli-beyt imamlarıdır.

Əbu Bəkr ibn Mömin Şirazi “Etiqad” risaləsində (Kaşinin “Mənaqib” kitabına istinadən) İbn Abbasdan nəql edir ki, “ulul-əmr” ayəsi həzrət Əli (ə) haqqında nazil olmuşdur. Peyğəmbər (s) “Təbuk” müharibəsinə gedərkən, onu Mədinədə öz yerinə qoydu. Həzrət Əli (ə) dedi: “Ey Allahın Rəsulu! Məni Mədinədə qadın və uşaqlarla birgə qoyub gedirsən?” Peyğəmbər (s) buyurdu: Razı olmazsanmı ki, səninlə mənim nisbətim Harunla Musanın nisbəti kimi olsun? O zaman ki, Musa ona dedi: “Tayfamın arasında qal onları islah et!” Sonra Allah-Taala buyurdu: “Əmr sahibləri sizdən olacaqlar!” (“Ehqaqul-həqq”, c.3, səh.425.)

Məşhur əhli-sünnə alimi Şeyx Süleyman Hənəfi Qunduzi özünün “Mənaqib” kitabında Süleym ibn Qeysdən belə nəql edir: “Bir gün bir kişi həzrət Əlinin (ə) hüzuruna gəlib soruşdu: “İnsanı möminlərin, yaxud kafirlər və azğınların sırasına qatan ən kiçik əməl hansıdır?” Həzrət buyurdu: “İnsanı azğınların dəstəsinə qatan ən kiçik əməl vilayəti vacib olan ilahi höccəti tanımamaqdır.” O kişi dedi: “Ya Əmirəlmöminin! Onları (ilahi höccətləri) mənə tanıtdır!” Həzrət Əli (ə) buyurdu: “Allah-Taala onları Özü və Peyğəmbərlə (s) birgə qərar verərək buyurmuşdur: “Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin!” (“Yənabiul-məvəddət”, səh.116. İraqın “Darul-kutub” çapı.)

Bu hədis çox aydın surətdə əmr sahiblərinin camaatın seçdiyi şəxslər deyil, ilahi höccət və nümayəndə olduqlarını göstərir.

“Burhan” təfsirində də bu ayə ilə bağlı Əhli-beytdən (ə) nəql olunan bir çox rəvayətlərdə deyilir ki, “ulul-əmr” ayəsi imam Əli (ə) və Əhli-beytdən olan digər imamlar haqqında nazil olmuşdur. Hətta bu rəvayətlərin bir qismində Əhli-beyt imamlarının adları bir-bir qeyd edilmişdir. (“Burhan” təfsiri, c.1, səh.381-387.)

İKİ İRAD VƏ CAVAB

1. Əgər “əmr sahibləri”nin məfhumu məsum imamlara şamildirsə, bu cəm formasında işlənən “uli” (sahiblər) sözü ilə uyğun gəlmir. Çünki şiələrin əqidəsinə əsasən, məsum imam eyni dövrdə bir nəfərdən çox ola bilməz.

Cavab: Eyni zamanda məsum imamın bir nəfərdən artıq olmaması doğru olsa da, lakin ayə bütün zamanlara aid edildikdə, məsum imamlar bir qrup təşkil edirlər. Ərəb dilində buna bənzər ifadələr çoxdur. Məsələn, “Əssəlamu ələykum və əla ərvahikum və əcsadikum.” (Sizə, sizin ruh və cismlərinizə salam olsun!) deyilərkən, kimsə bu salama irad tutub, “insan bir ruh və bir cisimdən ibarət olduğu halda, nə üçün ruh və cisim cəm formada işlənmişdir?” demir. Çünki buradakı cəm forması onların məcmusuna işarədir. Deməli, Peyğəmbəri-Əkrəmin (s) hər dövrdə bir məsum canişini olmasına baxmayaraq, bütün zamanları nəzərə almaqla (onların sayı çox olduğundan) ayədə “əmr sahibləri” cəm formada işlənmişdir.

2. Peyğəmbərin (s) dövründə məsum imam olmadığından, ona itaət əmri necə mümkündür?

Cavab: Əgər bu ayə yalnız Peyğəmbərin (s) öz dövrünə aid olsaydı, belə bir irad mümkün idi. Lakin onun bütün müsəlmanlar üçün qiyamət gününə qədər ümumi bir göstəriş olduğuna diqqət yetirdikdə, bu şübhə aradan qalxır. Peyğəmbəri-Əkrəmin (s) dövründə əmr sahibi o həzrətin özü, sonrakı dövrlərdə isə məsum imamlardır. Bu, belə bir ifadəyə bənzəyir: “Peyğəmbər və onun canişinlərinə itaət etmək müsəlmanların vəzifəsidir!” Bu əmr canişinlərin məhz o həzrətin dövründə olduğunu göstərmir.

Qeydlərimizi şiə və sünni kitablarında bu ayənin təfsirində imam Əli (ə) və digər məsum imamlara aid gələn bir hədisə qısa şəkildə işarə etməklə yekunlaşdırırıq. Şeyx Süleyman Qunduzi Hənəfi “Yənabiul-məvəddət» kitabında Mücahidin təfsir kitabından belə nəql edir: “Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin!” – ayəsi həzrət Əli (ə) barəsində nazil olmuşdur. Bu ayə nazil olarkən Peyğəmbəri-Əkrəm (s) onu (“Təbuk” müharibəsində) Mədinədə öz canişini təyin etmişdi. Həmçinin imam Əlidən (ə) belə nəql edir ki, o həzrət mühacir və ənsar zümrələri ilə söhbət zamanı bu ayəni onlara dəlil gətirdikdə, onlar heç bir etiraz etməyib susdular. (“Yənabiul-məvəddət”, səh.114-116.)

Bu ayənin məsum imamlara aid olması ilə əlaqədar Əhli-beytdən (ə) çoxlu rəvayət nəql olunmuş, onların hər birində “əmr sahibləri”nin məsum imamlardan ibarət olduğu açıqlanmışdır. (“Peyami-Quran – Qurani-Kərimdə imamət və canişinlik”, Ayətullah Məkarim Şirazi, 9-cu cild, səh. 160-163.)

Rza Şükürlü

Google+ WhatsApp ok.ru