İMAMƏT AYƏLƏRİ – “SALİHUL-MUMİNİN” (MÖMİNLƏRİN ƏMƏLİSALEHİ) AYƏSİ

Qurani-Kərimdə imam Əlinin (ə) imamət və rəhbərliyinə işarə edən, o həzrəti İslam Peyğəmbərindən (s) sonra ən üstün şəxsiyyət və İslam ümmətinin ən fəzilətli şəxs olduğunu göstərən ayələrdən biri “Salihul-muminin” (Möminlərin əməlisalehi) ayəsi adını daşıyan “Təhrim” surəsinin 4-cü ayəsidir. Belə ki, bu ayədə Allah-Taala Peyğəmbəri-Əkrəmin (s) bəzi zövcələrinə xitabən buyurur:

إِن تَتُوبَا إِلَى اللَّهِ فَقَدْ صَغَتْ قُلُوبُكُمَا وَإِن تَظَاهَرَا عَلَيْهِ فَإِنَّ اللَّهَ هُوَ مَوْلَاهُ وَجِبْرِيلُ وَصَالِحُ الْمُؤْمِنِينَ وَالْمَلَائِكَةُ بَعْدَ ذَلِكَ ظَهِيرٌ

“Əgər (siz iki qadın) ona qarşı bir-birinizə kömək etsəniz də (əlinizdən bir iş gəlməyəcək), çünki Allah onun mövlası (hamisi), Cəbrail və möminlərin əməlisalehi, bunlardan sonra mələklər onun köməkçiləridir.”

“Möminlərin əməlisalehi” ifadəsi ümumi məna daşıyır və Peyğəmbəri-Əkrəmə (s) kömək edən bütün imanlı, əməlisaleh kəslərə, təkcə o həzrətin dövründə yaşayan əməlisaleh səhabələr və möminlərə yox, bütün dövrlərdə yaşamış möminlərə aiddir. Onların hər biri öz növbəsində İslamın, Peyğəmbəri-Əkrəmin (s) və onun məktəbinin köməkçiləridir.

Mühüm məsələ budur ki, bir çox rəvayətlərdə bu ayədə qeyd olunmuş “möminlərin əməlisalehi” ifadəsi birbaşa imam Əliyə (ə) aid edilmişdir. Məlum olur ki, o həzrət bu ayə üçün ən kamil nümunədir. Bu sözün “Cəbrail” sözünün kənarında yerləşməsinə diqqət yetirdikdə, imam Əlinin (ə) məqamının böyüklüyü və bu fəzilətin əhəmiyyəti aydın olur.

Bəli, Allah-Taala və Cəbrail-Əmindən sonra İslam Peyğəmbərinin (s) ömür boyu ən yaxın köməkçisi və hamisi imam Əli (ə) olmuşdur. Buna əsasən, xilafətə və Peyğəmbəri-Əkrəmin (s) canişinliyinə ondan başqa heç kim layiq deyil. Məgər bu rəvayətlər imam Əlinin (ə) Peyğəmbəri-Əkrəmdən (s) sonra ümmətin ən fəzilətlisi və ən üstünü olduğunu göstərən tutarlı dəlil deyilmi?

İndi də əhli-sünnə mənbələrində nəql olunan bəzi rəvayətləri araşdıraq:

Hakim Həskani Hənəfi “Şəvahidut-tənzil” kitabında bu ayədə qeyd olunan “möminlərin əməlisalehi” ifadəsinin imam Əliyə (ə) işarə olması ilə bağlı müxtəlif sənədlərlə on səkkiz hədis nəql etmişdir. O cümlədən, Əsma binti Ümeys nəql edir ki, İslam Peyğəmbəri (s) buyurdu:

صالِحُ الْمُؤمِنِينَ عَلِىُّ بْنُ اَبِيطالِب:

“Möminlərin əməlisalehi Əli ibn Əbi Talibdir.” (“Şəvahidut-tənzil”, 2-ci cild, səh.256, hədis 982.)

Yenə həmin kitabda İbn Abbasın nəqlinə görə, Peyğəmbəri-Əkrəm (s) imam Əli ibn Əbu Talib (ə) haqda buyurmuşdur: “Əməlisaleh mömin odur!” (“Şəvahidut-tənzil”, 2-ci cild, səh.258, hədis 987.)

Həmçinin Əmmar Yasirdən belə nəql olunur: “Həzrət Əli (ə) deyirdi ki, Peyğəmbər (s) məni çağırıb buyurdu: “Sənə bir müjdə verimmi?” Dedim: ”Bəli, ey Allahın Rəsulu (s)! Sən həmişə xeyirli müjdə verənsən!” Buyurdu: “Allah-Taala sənin haqqında bir ayə nazil etmişdir.” Dedim: “Hansı ayədir?” Buyurdu: “Sən Cəbraillə eyni səviyyədə nəzərdə tutulmusan!” Sonra bu ayəni tilavət etdi: Əgər (siz iki qadın) ona qarşı bir-birinizə kömək etsəniz (əlinizdən bir gəlməyəcək), çünki Allah onun mövlası (hamisi), Cəbrail möminlərin əməlisalehi, bunlardan sonra mələklər onun köməkçiləridir.” (“Şəvahidut-tənzil”, 2-ci cild, səh.259, hədis: 989.)

Bu məzmun başqa hədislərdə Hüzeyfədən, İbn Sirindən və imam Əlidən (ə) eynilə nəql edilir. Peyğəmbər (s) buyurur: “Əməlisaleh mömin Əli ibn Əbu Talibdir!” (“Şəvahidut-tənzil”, 2-ci cild, səh.255-263.)

Bir çox təfsir alimləri bu hədisi öz təfsir kitablarında, o cümlədən, Süyuti “Əddurrul-mənsur”da həmin ayənin təfsirində İbn Abbas və Əsma binti Ümeysdən nəql edir.

Borsui “Ruhul-bəyan” kitabında bu ayənin təfsiri ilə bağlı alimlərin nəzərini qeyd etdikdən sonra Mücahidin bu barədəki fikrini belə açıqlayır: “Əməlisaleh mömin” dedikdə həzrət Əli ibn Əbu Talib (ə) nəzərdə tutulur.” O yazır: “Mücahidin bu sözünün dəlili Peyğəmbərin (s) buyurduğu başqa bir hədisdir: “Ya Əli! Sən mənim üçün Harunun Musa üçün olduğu kimisən!”

Sonra o, bir sıra ayələri misal çəkir. Onlarda Allah-Taala “əməlisalehlər” sözünü İslam Peyğəmbərinə (s) aid etmişdir. Belə bir nəticə alınır ki, əgər həzrət Əli (ə) Allahın peyğəmbəri Harun (ə) kimidirsə, deməli, “əməlisaleh” adına layiqdir. (“Ruhul-bəyan”, 10-cu cild, səh.53.)

Bu hədisi Əsqəlani, (“Fəthül-Bari”də), İbn Həcər (“Əs-səvaiq”də), Əlaəddin Müttəqi (“Kənzül-ümmal”da) kimi əhli-sünnə alimləri də nəql etmişlər.

Bir sözlə, “əməlisaleh möminlər”dən olmaq böyük bir fəzilətdir. Belə bir şəxs Cəbrail-Əminlə eyni səviyyədə durur. Qeyd etdiyimiz rəvayətlərə əsasən, onun ən kamil nümunəsi imam Əlidir (ə). Bəli, Peyğəmbəri-Əkrəmlə (s) bütün hadisələrdə çiyin-çiyinə dayanan, həmişə o həzrətin köməkçisi olan Əmirəlmöminin Əli (ə) imamət və canişinlik məqamına hamıdan çox layiqdir. (“Peyami-Quran – Qurani-Kərimdə imamət və canişinlik”, Ayətullah Məkarim Şirazi, 9-cu cild, səh.214-216.)

Rza Şükürlü

Google+ WhatsApp ok.ru