İMAMƏT AYƏLƏRİ – “TÖVBƏ” SURƏSİNİN AYƏLƏRİ (10)

“Tövbə” surəsində bir neçə ayə  vardır ki, onların nazilolma səbəbilə əlaqədar təfsir, hədis və tarix kitablarında nəql olunan rəvayətlərə diqqət yetirdikdə, imam Əmirəlmöminin Əlinin (ə) fəzilətləri aşkar olur. Bu surənin ilk ayələrində əhd-peymanı pozan müşriklərlə müharibə elan olunur. Demək olar ki, bütün tarixçi və təfsirçilərin nəzərincə, hicrətin 9-cu ili bu ayələr nazil olanda, İslam Peyğəmbəri (s) həmin əmri Məkkədə həcc mərasimində hamıya çatdırmağı Əbu Bəkrə tapşırdı. Lakin Əbu Bəkr yolun bir miqdarını getdikdən sonra bu iş imam Əliyə (ə) həvalə olundu və Əbu Bəkr geri çağırıldı. İmam Əli (ə) Peyğəmbərin (s) əmrini olduğu kimi icra etdi. Tarix, təfsir və hədis alimləri bu hadisəni azacıq fərqlə nəql etmişlər. İndi həmin rəvayətlərdən bir qismini nəzərdən keçiririk:

1. Əhli-sünnənin hənbəli məzhəbinin rəhbəri Əhməd ibn Hənbəl “Müsnəd” kitabında yazır: “Peyğəmbər (s) “Bəraət” (“Tövbə” surəsinin) ayələrini Əbu Bəkrə verib Məkkəyə göndərdi ki, onu Məkkə əhlinə çatdırıb desin: “Bu ildən heç bir müşrik Allah evi Kəbəni ziyarət etmək hüququna malik deyil, müşriklər Allah evinə daxil ola bilməz. Heç kəs çılpaq halda Kəbəni təvaf edə bilməz...” Sonra Peyğəmbər (s) həzrət Əliyə (ə) buyurdu ki, özünü (Məkkə ilə Mədinə yolu arasında) Əbu Bəkrə çatdırıb, onu geri qaytarsın və “Bəraət” ayələrini özü aparsın. Həzrət Əli (ə) belə də etdi.” Hədisin axırında deyilir: “Əbu Bəkr Peyğəmbərdən (s) “Mənim geri qayıtmağımla əlaqədar bir ayəmi nazil olub?” – soruşduqda, Həzrət buyurdu:

اُمِرْتُ اَنْ لا يُبَلِّغَهُ اِلاّ اَنَا اَوْ رَجُلٌ مِنِّى:

“Mənə əmr gəlib ki, bu surəni camaata ya özüm çatdırım, ya da məndən olan bir kəs!” (“Müsnədi-Əhməd”, c.1, səh.3, “Darus-sadiq” çapı.)

Əhli-sünnənin mötəbər mənbələrindən sayılan “Sünəni-Termizi”də bu rəvayət Ənəs ibn Malikdən nəql olunur. Peyğəmbər (s) “Bəraət” ayələrini Əbu Bəkrə verəndən sonra onu geri çağırtdırıb buyurdu:

لا يَنْبَغِى لاِحَدٍ اَنْ يُبَلِّغَ اِلاّ رَجُلٌ مِنْ اَهْلِى فَدَعا عَلِيّاً فَاَعْطاهُ اِيّاهُ:

“Bu surəni mənim Əhli-beytimdən olan kişidən başqa, heç kəs camaata çatdırmağa layiq deyil.” Sonra həzrət Əlini (ə) çağırıb, bu surəni ona verdi!” (“Sünəni-Termizi”, c.5, səh. 275, hədis 3090.)

2. Süyuti “Əd-durrul-mənsur” kitabında Abdullah ibn Əhməd Hənbəldən və İbn Mərdəveyhdən, onlar da imam Əlidən (ə) belə nəql edirlər: “Tövbə” surəsinin ilk on ayəsi nazil olanda, Peyğəmbər (s) Əbu Bəkri çağırıb, ayələri ona verdi ki, Məkkə əhalisinə yetirsin. Sonra isə məni çağırıb buyurdu: “Əbu Bəkrə çatıb, məktubu (ayələri) ondan al (və özün elan et)! Əbu Bəkr geri qayıdıb dedi: “Ya Peyğəmbər (s)! Mənim haqqımda (bu işə layiq olmadığımı göstərən) bir şeymi nazil olub?!” Peyğəmbər (s) buyurdu: “Xeyr, lakin Cəbrail gəlib mənə dedi: “Bu xəbəri başqası oxuya bilməz, ya özün, ya da sənin Əhli-beytindən bir kişi oxumalıdır!”

Bu hədis həmin kitabda Səd ibn Əbu Vəqqas, Əbu Səid Xudri və Əbu Rafedən də nəql edilir. (“Əd-durrul-mənsur”, c.3, səh. 209 və 230.)

3. Hakim Həskani “Şəvahidut-tənzil” kitabında Ənəs ibn Malik, İbn Abbas, Səd, Əbu Səid Xudri, Əbu Hüreyrə və başqalarından bu haqda on iki rəvayət nəql etmişdir. (“Şəvahidut-tənzil”, c.1, səh.232-243, hədis 309-318 və 323-325.)

Digər alimlər də bu rəvayəti müxtəlif sənədlərlə nəql etmişlər. Onun ravilərinin sayı olduqca çoxdur. Əllamə Əmini bu barədə yazır: “Bu hədis “təvatür” həddinə çatmış, hətta bəzilərinin nəzərincə “təvatür” həddini keçmişdir.” Sonra bu hədisi öz kitablarında nəql edən 73 əhli-sünnə aliminin qeydlərini təfsilatı – mənbə və sənədləri ilə birlikdə qeyd etmiş, sonra yazmışdır: “Bu hədisin raviləri aşağıda adları çəkilən səhabələrdir: Əli (ə), Əbu Bəkr, İbn Abbas, Cabir ibn Abdullah Ənsari, Ənəs ibn Malik, Əbu Səid Xudri, Səd ibn Əbu Vəqqas, Əbu Hüreyrə, Abdullah ibn Ömər, Həbəş ibn Cünadə, İmran ibn Həsin və Əbuzər Qifari.” (“Əl-qədir”, c.6, səh.341-348.)

Bu mövuz ilə əlaqədar 8-ci (h.q) əsrin məşhur şairlərindən olan Şəmsəddin Maliki öz şerində deyir:

Və ərsələhu ənhur-Rəsulu mubəlliğən,

Və xəssə bihazəl-əmri təxsisə mufrədi,

Və qalə: “həlit-təbliğu ənni yənbəği,

Li-mən ləysə min bəyti minəl-qovmi fəqtəda.”

“Peyğəmbər (ə) onu (Əlini) onun (Əbu Bəkrin) əvəzinə öz təbliğatçısı kimi göndərdi və bu əmri yalnız ona tapşırıb buyurdu: “Görəsən, layiqdirmi ki, Əhli-beytimdən kənar bir şəxs bunu mənim tərəfimdən yetirsin ?! Əli də ona tabe oldu!” (“Əl-qədir”, c.6, səh. 338.)

Nəticə: Bu hədis mənbə və sənədləri ilə birgə imam Əlinin (ə) Allah dərgahında Peyğəmbərdən (s) sonra bütün insanlardan üstün və fəzilətli olduğunu göstərən aydın və möhkəm dəlildir. Çünki bu hədisdə açıq-aydın buyurulur: “Cəbrail Allah tərəfindən nazil olub Peyğəmbərə (s) dedi ki, “Bəraət” ayələrini ya özün elan et, ya da Əli (ə)!” Peyğəmbər (s) də buyurdu: “Bu, ya mənim, ya da mənim Əhli-beytimdən olan bir kişinin işidir. Bu işə yalnız Əli (ə) layiqdir!”

Müşriklərin əhd-peymanları pozması o zaman ən həssas və mühüm hadisələrdən olduğu üçün İslamın göstərişlərinin şücaət və yüksək tədbirlə həyata keçirilməsi tələb olunurdu. Həcc mərasimində müxaliflərin sərt rəftar edəcəyi ehtimalı güclü idi. İmam Əlinin (ə) bu işə seçilməsi onun ümmət arasında ən şücaətli və tədbirli bir şəxs olduğunu göstərir. Belə bir mühüm işə seçilən şəxs, sözsüz ki, İslam Peyğəmbərinin (s) canişini olmağa hamıdan layiqdir.

Diqqət yetirmək lazımdır ki, Əbu Bəkrin özü də Peyğəmbərin (s) hüzuruna gəldikdə, tam nigarançılıqla “Mənim haqqımda bir şeymi nazil olub? – deyə soruşur. Peyğəmbər (ə) buyurur: “Bu iş mənim yaxınlarımdan olan bir şəxsin vasitəsilə yerinə yetirilməlidir.”

“Mətalibus-sual” kitabında da Əbuzər Qifaridən nəql olunan bir hədisdə Peyğəmbəri-Əkrəm (s) belə buyurur:

عَلِىٌّ مِنِّى وَاَنَا مِنْ عَلِىّ وَلا يُؤَدِّى اِلاّ اَنَا اَوْ عَلِىٌّ:

“Əli məndəndir, mən də Əlidənəm. Bu risaləti (“Bəraət” ayələrinin elanını) mən və Əlidən başqa heç kim yerinə yetirə bilməz!” (“Mətalibus-sual”, səh.18.)

Bu bəhsi “Tövbə” surəsinin ilk on ayəsinin (Bəraət ayələrinin) tərcüməsini verməklə sona yetiririk:

1. (Bu ayələr) Allah və Onun Peyğəmbəri tərəfindən müşriklərdən əhd-peyman bağladığınız kəslərə nifrət (və onlarla olan əhd-peymanın ləğv edilməsi və onlara verilən amanın aradan qaldırılması) bildirişidir. 2. Odur ki, (ey müşriklər, bu nifrət bildirişinin elan olunmasından sonra) dörd ay yer üzündə (azad) gəzin və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz (Onun çəngindən yaxanızı qurtara bilməzsiniz) və Allah kafirləri xar edəndir. 3. Həmçinin (bu ayələr) Allah və Onun Peyğəmbəri tərəfindən (bütün) insanlara böyük həcc günündə bir bildirişdir ki: “Allah və Onun Peyğəmbəri müşriklərdən uzaqdırlar (onlarla heç bir əhd-peymanları yoxdur).” Buna görə də (ey müşriklər), əgər tövbə etsəniz (və İslamı qəbul etsəniz), sizin üçün daha yaxşıdır və əgər üz döndərsəniz, bilin ki, siz (nə mübarizə etmək, nə də qaçmaqla) Allahı aciz qoya bilməzsiniz. (Ey Peyğəmbər,) kafirlərə ağrılı bir əzabla müjdə ver! 4. Müşriklərdən əhd-peyman bağladığınız, sonra sizdən (sizinlə olan əhdlərindən) bir şeyi əskiltməyən və (düşmənlərinizdən) sizin əleyhinizə heç kəsə kömək etməyənlər istisnadırlar. Beləliklə, onların əhd peymanını müddətlərinin sonuna qədər tamamlayın. Həqiqətən, Allah pərhizkarları sevir. 5. Beləliklə, elə ki, haram aylar (verilmiş möhlət və döyüşməyin haram olduğu dörd ay) sona çatdı, müşrikləri harada görsəniz (istər Hərəmin daxilində olsunlar, istərsə də xaricində, haram aylarda olsun və ya başqa aylarda) öldürün, tutun, mühasirəyə alın və hər yerdə onların pusqusunda durun. Beləliklə, əgər tövbə etsələr, namaz qılsalar və zəkat versələr yollarını açın ki, həqiqətən, Allah çox bağışlayan və mehribandır. 6. Əgər (təqib edilən) müşriklərdən biri səndən aman istəsə, Allahın kəlamını eşitmək üçün ona aman ver. Sonra onu təhlükəsiz olduğu yerə çatdır. Çünki onlar bilməyən bir dəstədirlər. 7. Məscidül-Həramın yanında əhd-peyman bağladığınız kəslərdən başqa, müşriklərin Allahın yanında və Onun Peyğəmbərinin yanında necə əhd-peymanları ola bilər?! Buna görə də, nə qədər ki, onlar (Məscidül-Həramın yanında əhd-peyman bağladığınız müşriklər) sizinlə (olan əhdlərində) möhkəm durublar, siz də onlarla (olan əhdlərinizdə) möhkəm durun ki, həqiqətən, Allah pəhrizkarları sevir. 8. (Bəli, onların əhdlərinə) necə (etimad bəslənə bilər)? Halbuki, əgər sizə qalib gəlsələr, sizin haqqınızda nə bir qohumluğu nəzərə alarlar, nə də bir əhdnaməyə riayət edərlər. Sizi öz sözləri ilə razı salırlar, halbuki ürəkləri imtina edir. Onların çoxu (Allaha və vicdanlarına qarşı) itaətsizdirlər. 9. Onlar Allahın ayələrini vermək müqabilində az bir qazanc əldə etdilər (Peyğəmbəri və onun kitabını inkar etməklə məqam və dünya əldə etdilər), beləliklə (insanları) Onun yolundan saxladılar. Doğrudan da, onların əməlləri pisdir. 10. Heç bir mömin barəsində qohumluq haqqına və əhd-peymana riayət etmirlər. Onlar həmin həddi aşanlardır. (“Peyami-Quran – Qurani-Kərimdə imamət və canişinlik”, Ayətullah Məkarim Şirazi, 9-cu cild, səh.207-212.)

Rza Şükürlü

Google+ WhatsApp ok.ru