İMAMƏT AYƏLƏRİ – “ƏHZAB” SURƏSİNİN AYƏLƏRİ (11)

Bir çox təfsir alimləri islami rəvayətlərə əsaslanaraq “Əhzab” surəsinin bir neçə ayəsinin imam Əli (ə) və onun misilsiz fədakarlığı haqda nazil olduğunu qeyd etmişlər. Bu surənin 23-cü ayəsində buyurulur:

مِنَ الْمُؤْمِنِينَ رِجَالٌ صَدَقُوا مَا عَاهَدُوا اللَّهَ عَلَيْهِ فَمِنْهُم مَّن قَضَى نَحْبَهُ وَمِنْهُم مَّن يَنتَظِرُ وَمَا بَدَّلُوا تَبْدِيلًا

“Möminlərdən bəziləri Allahla əhdlərinə sadiqdirlər. Onlardan kimisi öz əhdini sona çatdırmış (və bu yolda şəhid olmuş), kimisi də intizardadır. Onlar (əhd-peymanlarını, verdikləri sözü) əsla dəyişməzlər.”

Həmin surənin 25-ci ayəsində buyurulur:

وَرَدَّ اللَّهُ الَّذِينَ كَفَرُوا بِغَيْظِهِمْ لَمْ يَنَالُوا خَيْرًا وَكَفَى اللَّهُ الْمُؤْمِنِينَ الْقِتَالَ وَكَانَ اللَّهُ قَوِيًّا عَزِيزًا

“Allah kafirləri qəzəbli olduqları halda geri döndərdi. Onlar heç bir xeyir əldə edə bilmədilər. Döyüşdə Allah möminləri ehtiyacsız (və onlara qələbəni nəsib) etdi. Allah qüvvət və qüdrət sahibidir!”

Məlum olduğu kimi, İslamın ən mühüm müharibələrindən biri “Əhzab” (ordular) müharibəsidir. Adından bəlli olduğu kimi, bu müharibə bütün İslam düşmənlərinin müsəlmanların əleyhinə hərtərəfli mübarizə tədbiri idi. İslam dininin tərəqqisi ilə öz mənafelərinin təhlükəyə düşdüyünü görən bütün müxaliflər əl-ələ verib, İslama və İslam Peyğəmbərinin (s) fəaliyyətlərinə son qoymaq, bununla da, həmişəlik rahat olmaq istəyirdilər.“Əhzab” surəsinin on yeddi ayəsində bu müharibədən danışılır, onun incəlikləri, o cümlədən, müharibə zamanı müsəlmanların parçalanması açıqlanır. Bu müharibədə müsəlmanlar çox ağır və təhlükəli hadisələrlə üzləşdilər. Düşmənin sayının çox, İslam qoşununun isə azlığı, eləcə də, düşmənin hərtərəfli hazırlığı onları daha böyük çətinliklərə məruz qoydu.

Qeyd etdiyimiz iki ayə də həmin on yeddi ayələrdəndir. Verilən 1-ci ayənin təfsiri ilə bağlı “Şəvahidut-tənzil” adlı məşhur əhli-sünnə kitabında silsilə sənədlə imam Əlinin (ə) belə buyurduğu nəql olunur: “Möminlərdən bəziləri Allahla əhdlərinə sadiqdirlər...” – ayəsi bizim haqqımızda nazil olmuşdur. And olsun Allaha, şəhadət intizarında olan şəxs mənəm!”

Yenə həmin kitabda Abdullah ibn Abbasdan belə nəql olunur: “Möminlərdən bəziləri Allahla əhdlərinə sadiqdirlər” – ayəsi həzrət Əli (ə), Həmzə və Cəfər haqqında nazil olmuşdur. (Ayədə qeyd olunan) “Bəzisi də intizardadır!” – cümləsi Allah yolunda şəhadət intizarı çəkən həzrət Əliyə (ə) işarədir. Allaha and olsun ki, şəhadət ona nəsib oldu!” (“Şəvahidut-tənzil”, c.2, səh. 1-2, hədis 627-628.)

Bu rəvayət İbn Həcərin “Əs-səvaiq”, İbn Səbbağ Malikinin “Əl-füsulul-muhimmə” və Nişapurinin “Əl-kəşfu vəl-bəyan” kitablarında da nəql olunmuşdur. (“Əliyyun fil-kitabi vəs-sünnə”, səh.218.)

İkinci ayədə bu haqda söhbət daha genişdir. Bir çox hədis və təfsir alimlərinin yazdıqlarına görə, “Kəfəllahul-mumininəl-qital” (Döyüşdə Allah möminlərə qurtuluş verdi!) – ayəsi Əmr ibn Əbdəvüdü məğlub etməklə kafirlərin kələyini kəsən imam Əliyə (ə) işarədir. Bunu nəql edən kəslərdən biri də Abdullah ibn Məsuddur. Belə ki, o, bu ayəni oxuyarkən, onun təfsirində deyir: “Möminləri döyüş zamanı qoruyan şəxs Əli ibn Əbu Talib olmuşdur!” (“Şəvahidut-tənzil”, 2-ci cild, səh.3, hədis 629.)

Hakim Həskani bu məzmunda Abdullah ibn Məsuddan bir neçə və İbn Abbasdan bir hədis nəql etmişdir: Döyüşdə Allah möminlərə qurtuluş verdi (və onlara qələbəni nəsib etdi)” – ayəsini oxuyarkən buyurdu: “Allah-Taala “Xəndək” günü həzrət Əli ibn Əbu Talib (ə) vasitəsilə Əmr ibn Əbdəvüdü öldürüb möminləri (döyüşdən) xilas etdi.” (“Şəvahidut-tənzil”, c.2, səh.5, hədis 633.)

Məşhur səhabə Hüzeyfədən imam Əlinin (ə) Əmr ibn Əbdəvüdlə döyüşü və onu qətlə yetirməsi ilə bağlı uzun bir hədis nəql etdikdən sonra Peyğəmbərin (s) belə buyurduğunu yazır:

بَشِّرْ يا عَلِىُّ! فَلَوْ وُزِنَ الْيَوْمُ عَمَلُكَ بِعَمَلِ اُمَّةِ مُحَمَّدٍ (ص) لَرَجَحَ عَمَلُكَ بِعَمَلِهِمْ وَذالِكَ اَنَّهُ لَمْ يَبْقَ بَيْتٌ مِنْ بُيُوتِ الْمُسْلِمِينَ اِلاّ وَ قَدْ دَخَلَهُ عِزٌّ بِقَتْلِ عَمْرو:

Ya Əli, sənə müjdə olsun! Əgər bu gün sənin bu işin Mühəmməd (s) ümmətinin bütün əməlləri ilə müqayisə edilsə, sözsüz ki, sənin əməlin onların əməllərindən üstün olacaq. Çünki Əmr ibn Əbdəvüdün ölümü ilə bütün müsəlman evlərinə izzət verildi.” (“Şəvahidut-tənzil”, c.2, səh.7, hədis 634.)

O, bu rəvayəti İbn Həkimdən də nəql edir.

Süyuti “Əd-durrul-mənsur” kitabında İbn Əbu Hatəm, İbn Mərdəveyh, İbn Əsakir və İbn Məsuddan nəql edir ki, Peyğəmbəri-Əkrəm (s) həmin ayəni oxuyarkən (onun şərhində) belə buyururdu: “Allah-Taala möminləri həzrət Əli ibn Əbu Talib vasitəsilə döyüşdən xilas etdi.” (“Əd-durrul-mənsur”, c.5, səh.192.)

Bunu Əllamə Şeyx Süleyman Qunduzi də “Yənabiul-məvəddət” kitabında (səh.94.) nəql etmişdir. Ayə ilə bağlı başqa rəvayətlər də nəql olunmuşdur ki, qeyd etdiklərimizlə kifayətlənirik. Diqqəti cəlb edən məsələ budur ki, “Əhzab” müharibəsində İslamın düşmənləri və müşriklərin atdıqları “sonuncu oxu” imam Əli (ə) Allahın əmrilə sındırır və döyüş müsəlmanların qələbəsilə sona çatır. Bəli, bu fəzilət Peyğəmbərin (s) ümməti içərisində imam Əlidən (ə) başqasına aid deyildir. İndi görək, Peyğəmbərin (s) canişinliyi bir əməli ilə bütün İslam ümmətinin əməllərindən üstün olan kəsə layiqdir, yoxsa başqalarına?!

Sual: Sual verilə bilər ki, “Əhzab” surəsinin 9-cu ayəsində bu müharibəyə işarə ilə buyurulur: “Ey iman gətirənlər! Ordular sizin üstünüzə gəldiyi zaman Allahın sizə olan nemətini yadınıza salın. O vaxt Biz onların üstünə külək və sizin görmədiyiniz qoşun göndərmişdik (ki, bununla da onları məhv etdik). Allah sizin nə etdiyinizi görürdü!”

Ayəyə əsasən, bu müharibədə düşmən ordusunun məğlubiyyət amillərindən biri onların üstünə əsən şiddətli külək və gözə görünməyən mələklərdən ibarət ilahi ordu olmuşdur. Belə isə necə deyə bilərik ki, müsəlmanların qələbəsinin səbəbi imam Əlidir (ə)?

Cavab: Bir müharibədə qələbənin müxtəlif amilləri ola bilər; təbii amil, hərbi amil, mənəvi amil və s. “Əhzab” müharibəsində də, şübhəsiz, hər üç amil birləşərək düşmənləri məğlub etdi. Onların ayrı-ayrılıqda təsirini inkar etmək olmaz. Düşmən ordusunun cəsur döyüşçüsü Əmr ibn Əbdəvüd həm imam Əli (ə), həm külək, həm də mələklər vasitəsilə öldürüldü. Bu amillərin yanaşı təsiri ilə, nəhayətdə, müsəlmanlar qələbə qazandılar. (“Peyami-Quran – Qurani-Kərimdə imamət və canişinlik”, Ayətullah Məkarim Şirazi, 9-cu cild, səh.219-222.)

Rza Şükürlü

Google+ WhatsApp ok.ru