İMAM ƏLİNİN (Ə) FƏZİLƏTLƏRİ – “SABİQUN” (ÖNDƏ OLANLAR) AYƏSİ (16)

Qurani-Kərimdə imam Əlinin (ə) fəzilət və üstünlüyünə işarə edən, o həzrəti İslam ümmətinin ən fəzilətlisi və İslam Peyğəmbərindən (s) sonra ən üstün şəxsiyyət göstərən ayələrdən biri “Sabiqun” adını daşıyan “Vaqiə” surəsinin 10-14-cü ayələridir. Bu ayələrdə buyurulur:

وَالسَّابِقُونَ السَّابِقُونَ أُوْلَئِكَ الْمُقَرَّبُونَ فِي جَنَّاتِ النَّعِيمِ ثُلَّةٌ مِّنَ الْأَوَّلِينَ وَقَلِيلٌ مِّنَ الْآخِرِينَ

“Öndə olanlar, öndə olanlar! Onlar yaxın olanlardır. Onlar behiştin nemətlə dolu bağlarında olacaqlar. Bir qrupu əvvəlki ümmətlərdən, az bir qismi də sonrakılardandır!”

Hakim Həskani “Şəvahidut-tənzil” kitabında İbn Abbasdan belə nəql edir: “İmanda öndə olanlar üç nəfərdir: Musaya iman gətirən Yuşə ibn Nun, İsaya iman gətirən Sahibi-Yasin (Həbib Nəccar) və Peyğəmbərə (s) ilk iman gətirən Əli (ə)!”

Yenə həmin kitabda İbn Abbasın belə dediyi nəql olunur: “Peyğəmbərdən (s) bu ayənin təfsirini soruşdum. Həzrət buyurdu:

حَدَّثَنِى جَبْرَئِيلُ بِتَفْسِيرِها، قالَ ذاكَ عَلِىٌّ وَشِيعَتُهُ اِلَى الْجَنَّةِ:

Mən onun təfsirini Cəbraildən soruşdum. O dedi: “Ayə Əli və onun şiələrinə aiddir, onlar hamıdan öncə behiştə girəcəklər!” (“Şəvahidut-tənzil”, c.2, səh.213, 215-216, hədis 924 və 927.)

Bu iki hədis və təfsir bir-birilə ziddiyyət təşkil etmir; çünki imam Əli (ə) həm Peyğəmbərə (s) iman gətirməkdə, həm də behiştə daxil olmaqda hamıdan öndədir. Həqiqətdə, bu iki təfsirin bir-birilə sıx rabitəsi var. Yəni hamıdan əvvəl Peyğəmbərə (s) iman gətirən şəxs hamıdan əvvəl də behiştə daxil olacaqdır!

“Əd-durrul-mənsur” kitabında da İbn Əbu Hatəm və İbn Mərdəveyh həmin ayənin təfsiri ilə bağlı İbn Abbasdan iki rəvayət nəql edirlər. Hədislərin birində belə deyilir: “Musaya (ə) iman gətirən birinci şəxs Yuşə ibn Nun, İsaya (ə) iman gətirən birinci şəxs Həbib Nəccar və İslam Peyğəmbərinə (s) iman gətirən birinci şəxs isə Əli ibn Əbu Talibdir (ə)!” Həmin kitabda bu məzmunda daha bir neçə hədis də nəql olunmuşdur. (“Əd-durrul-mənsur”, c.6, səh.154.)

Burada bir neçə mühüm məsələnin qeyd olunması zəruri nəzərə çarpır:

1) Ayədə qeyd olunanqəlilun minəl-axirin(az bir qismi də sonrakılardır) ifadəsində məqsəd kimlərdir?

Sözügedən ayələrdə öndə gedənlərin yüksək məqamından, Allah dərgahına yaxın olmalarından və onların behiştin nemətlə dolu bağlarında yaşayacaqlarından söz açılır və həmin ayələrin davamında belə buyurulur:

ثُلَّةٌ مِّنَ الْأَوَّلِينَ وَقَلِيلٌ مِّنَ الْآخِرِينَ

“Bir qismi əvvəlki ümmətlərdən, az bir qismi də sonrakılardandır!”

Hakim Həskani “Şəvahidut-tənzil” kitabında Məhəmməd ibn Fərat, Məhəmməd ibn Səhl və Əli ibn Abbasdan bir neçə rəvayət nəql etmişdir ki, Cəfər ibn Məhəmməd (s) “az bir qismi də sonrakılardır” ayəsinin təfsirində buyurmuşdur: “O, Əli ibn Əbu Talibdir!” (“Şəvahidut-tənzil”, c.2, səh.218, hədis 932-935.)

Məlum olduğu kimi, ayənin mənası bu deyil ki, İslam ümməti içərisində behiştə yalnız imam Əli (ə) gedəcək; əksinə imanda hamıdan öndə olmaq behiştdə yüksək məqam tələb edir. Bu da Peyğəmbər (s) sonra imam Əliyə (ə) məxsusdur. Buna görə də, behiştə öndə gedənlərin (“əshabul-yəmin”in, sağ tərəf sahiblərinin) məqamlarından söz açan “Vaqiə” surəsinin sonrakı ayələrində buyurulur ki, bir qrup əvvəlki ümmətlərdən, bir qrup da sonrakı ümmətdən, yəni Mühəmmədin (s) ümmətindən behiştə daxil olacaq. Aydındır ki, əməl dəftəri sağ əlinə verilən kəslər behişt əhlidirlər, lakin onların məqamı öndə gedən və Allah dərgahına yaxın olanların məqamına çata bilməz.

2) Birinci müsəlman kimdir?

Bu məsələ ilə əlaqədar ən mühüm bəhslərdən biri də İslam Peyğəmbərinə (s) iman gətirən və beyət edən birinci şəxsin kim olmasıdır. Bütün İslam ümmətinin yekdil fikrinə əsasən, qadınlar içərisində Peyğəmbərə (s) iman gətirən birinci şəxs xanım Xədicə (s.ə.), kişilər içərisində isə imam Əlidir (ə). O, Peyğəmbərə (s) iman gətirən, onunla beyət edib namaz qılan, rüku və səcdə edən birinci şəxsdir. Bu, bütün İslam mənbələrində açıq-aydın göstərilmişdir. Biz burada həmin mənbələrin bir qisminə işarə edirik:

Səhabələrdən on səkkiz nəfəri müxtəlif silsilə sənədlərlə Peyğəmbərdən (s) nəql etmişlər ki, İslamı qəbul edən və Peyğəmbərlə (s) namaz qılan birinci kişi imam Əli (ə) olmuşdur:

1. Əbu Səid Xidri deyir: Peyğəmbər (s) əlini həzrət Əlinin (ə) kürəyinə vurub buyurdu:

يا عَلِىّ لَكَ سَبْعَ خِصالٍ لا يُحاجُّوكَ فِهِينَّ اَحَدٌ يَوْمَ الْقِيامَةِ اَنْتَ اَوَّلُ الْمُؤمِنِينَ اِيماناً بِاللهِ...

“Ya Əli! Sən yeddi xislətə maliksən ki, qiyamət günü heç kəs sənə tay ola bilməz (səninlə mübahisə edə bilməz): “Birincisi budur ki, Allaha iman gətirən (və İslamı qəbul edən) ilk şəxs sənsən...” (“Hilyətül-övliya”, Əbu Nəim İsfahani, c.1, səh.66.)

2. İbn Abbas deyir ki, Ömər ibn Xəttabın belə dediyini eşitdim: “Əlini pis adla çağırmayın. Mən onun haqqında Peyğəmbərdən (s) bəzi fəzilətlər eşitmişəm ki, əgər onların biri Xəttab övladlarında olsaydı, mənim üçün günəşin saçdığı hər bir şeydən sevimli olardı. Əbu Bəkr, Əbu Übeydə və bir qrup səhabə ilə Ümmü-Sələmənin evinə getdik. Əlini onun evinin kandarında görüb dedik: “Peyğəmbəri (s) görmək istəyirik!” Əli buyurdu: “İndi gələcək.” Peyğəmbər (s) gələrkən, biz də Həzrətə tərəf getdik. Həzrət, Əliyə söykəndi və əli ilə onun çiyininə vurub buyurdu:

اِنَّكَ مُخاصِمٌ، اَنْتَ اَوَّلُ الْمُؤمِنِينَ اِيماناً وَ اَعْلَمُهُمْ بِاَيّامِ اللهِ وَ اَوْفاهُمْ بِعَهْدِهِ وَاَقْسَمُهُمْ بِالسَّوِيَّةِ وَاَرْاَفَهُمْ بالرَّعِيَّةِ وَ اَعْظَمُهُمْ الرَّزِيَّةَ:

“Səninlə müxalifətə qalxacaqlar, halbuki sən iman gətirən ilk möminsən, ruzigardan hamıdan çox xəbərdarsan, ilahi əhd-peymana ən vəfalısan, ədalətlə bölgüdə hamıdan dəqiqsən, rəiyyətə qarşı hamıdan mehribansan və sənin müsibətin də hamının müsibətindən böyükdür!” (“Kənzül-ümmal”, c.13, səh.117.)

3. Salman Farsi Peyğəmbərin (s) belə buyurduğunu deyir: “Kövsər hovuzunda mənə qovuşan birinci şəxs İslam dinini qəbul edən birinci şəxsdir: O Əli ibn Əbu Talibdir!” (“Kənzül-ümmal”, c.11, səh.616.)

4. Əbu Süxeylə deyir: “Mən və Salman həcc əməllərini yerinə yetirdikdən sonra Əbuzərin yanına getdik və bir az onun yanında oturduq. Ayağa qalxıb qayıtmaq istədikdə dedim: “Ey Əbuzər! Mən bir sıra işlərin baş verdiyini görür və camaatın arasında ixtilaf düşəcəyindən qorxuram. Əgər belə bir hadisə baş versə, mənə nə göstəriş verəcəksən?” Əbuzər dedi: “Allah-Taalanın kitabı və Əli ibn Əbu Talibdən ayrılma! Şəhadət verirəm ki, Peyğəmbərin (s) belə buyurduğunu özüm eşitmişəm: “Əli mənə iman gətirən və qiyamət günü mənimlə görüşəcək birinci şəxsdir. O, “böyük siddiq” (sözündə və əməlində doğru) və “faruq”dur, yəni haqqı batildən ayırandır!” (“Təlxisu tarixid-Dəməşq”, müəllif: “İbn Mənzur” adı ilə məşhur olan İmam Məhəmməd ibn Mükərrəm, c.17, səh.306, “Ehqaqul-həqq” kitabından nəqlən, c.20, səh.472 və “Kənzül-ümmal”, c.11, səh.616, hədis 32990.)

5. İbn Abbas deyir: “Əli (ə) heç kimdə olmayan dörd xislətə malik idi. “...O, ərəb-əcəm içərisində Peyğəmbərlə (s) namaz qılan birinci şəxsdir!” (“Əl-muxtar fi mənaqibil-əbrar”, səh.16.)

6. Peyğəmbərin (s) dövründə müharibədə yaralananlara yardım edən Leyla Qifariyyə adlı bir qadın deyir: “Mən Əlinin (ə) qoşununda müharibə məqsədilə Bəsrəyə getdim. Ayişənin o həzrətə qarşı çıxdığını görüb, şübhəyə düşdüm. Onun yanına gedib soruşdum: “Peyğəmbərdən (s) Əli (ə) haqqında bir fəzilət eşitmisənmi?” Dedi: “Bəli!” Sonra bir əhvalat danışdı və nəhayət, Peyğəmbərin (s) belə buyurduğunu dedi: “Əli mənə iman gətirən birinci şəxsdir!” (“Təlxisu tarixid-Dəməşq”, c.7, səh.119.)

7. Peyğəmbəri-Əkrəmin (s) səhabəsi Abdullah ibn Sabit deyir: “Bir gün Peyğəmbərin (s) hüzuruna gedib dedim: “Ya Peyğəmbər! Sənin elə bir sevimli səhabən varmı ki, bir hadisə baş verdikdə, ona qoşulaq və bir təhlükə zamanı onun yolunda fədakarlıq göstərək?” Peyğəmbər (s) buyurdu: “O, hamıdan əvvəl müsəlman olan və İslamı qəbul edən Əlidir!” (“Mənaqib”, Əhməd ibn Mərdəveyh, “Ehqaqul-həqq” kitabından nəqlən, c.15, səh.336.)

Bu hədisdə açıq-aydın göstərilir ki, Abdullah ibn Sabit kimiləri Peyğəmbərdən (s) sonra imamət və vilayət məqamına kimin hamıdan layiqli olduğunu bilmək istədikdə, Peyğəmbər (s) imam Əlini (ə) göstərmişdir.

Şeyx Məhəmməd ibn Mükərrəm Ənsari “Təlxisu tarixid-Dəməşq” adlı kitabında imam Əlinin (ə) belə buyurduğunu nəql edir: “İslamı qəbul edən birinci şəxs mənəm!” (“Təlxisu tarixid-Dəməşq”, c.17, səh.118.)

“Nəhcül-bəlağə”də də dəfələrlə bu məsələ qeydə alınmış və imam Əli (ə) 131-ci xütbədə belə buyurmuşdur:

اَللّهُمَّ اِنِّى اَوَّلُ مَنْ اَنابَ وَ سَمِعَ وَ اَجابَ لَمْ يَسْبِقْنِى اِلاّ رَسُولُ اللهِ (ص) بالصَّلاةِ:

“İlahi! Sənə üz tutub, əmrini eşidən və qəbul edən birinci şəxs mənəm. Peyğəmbərdən (s) başqa heç kim məndən öncə namaz qılmamışdır!” (Bu ibarə “Nəhcül-bəlağə”nin 71-192-ci xütbələrində də gəlmişdir.)

Bu məsələni İbn Hişamın “Əs-sirətun-nəbəviyyə” adlı məşhur kitabında nəql etdiyi bir rəvayətlə sona çatdırırıq. Əlbəttə, etiraf etməliyik ki, bu haqda nəql olunan rəvayətlər olduqca çoxdur. O yazır: “İslamın ilk çağlarında Peyğəmbər (s) namazı məxfi şəkildə, Məkkənin dərələrində qılardı. Onunla bu yolda bir addım atan və namaz qılan şəxs yalnız Əli ibn Əbu Talib (ə) idi... Günlərin birində atası Əbu Talib ondan “Oğlum! Sənin qəbul etdiyin bu din nədir?” – deyə soruşduqda, Əli (ə) buyurdu: “Atacan! Mən Allaha, Peyğəmbərinə (s) və Allah tərəfindən göndərilənə iman gətirmişəm və onunla birgə namaz qılıram...” Əbu Talib dedi: “Agah ol ki, o, səni yalnız xeyir və yaxşılığa dəvət edir. Ondan heç vaxt ayrılma!” (“Sireyi-İbn Hişam”, c.1, səh.263)

Sual: Burada İslamın əvvəllərindən bəzi bəhanə axtaranlar tərəfindən belə bir məşhur sual irəli sürülmüşdür: “Düzdür, həzrət Əli (ə) İslamı qəbul edən birinci şəxsdir, lakin yetkinlik həddinə çatmayan 10 yaşlı bir uşağın İslamı qəbul etməsi nə qədər mühüm ola bilər?! Halbuki onun yetkinlik dövrünü meyar və əsas götürsək, başqaları ondan qabaq İslamı qəbul etmişlər.”

Cavab: Burada xəlifə Məmunla onun müasiri İshaq adlı məşhur əhli-sünnə alimi arasında baş verən danışıqları qeyd etməyi münasib görürük (bu əhvalatı İbn Əbdu Rəbbih “İqdul-fərid” kitabında qeyd etmişdir):

Məmun, İshaqa deyir: “İslam Peyğəmbərinin (s) peyğəmbərliyə seçildiyi gün ən fəzilətli əməl nə ola bilərdi?

İshaq: “Allahın yeganəliyinə və Peyğəmbərin (s) risalətinə səmimi qəlbdən şəhadət vermək.”

Məmun: “Həzrət Əlidən (ə) öncə İslamı qəbul edən bir şəxsi tanıyırsanmı?”

İshaq: “Əli (ə) İslamı qəbul edəndə, yaşı çox az idi və ilahi hökmlər ona aid deyildi.”

Məmun: “Məgər həzrət Əlinin (ə) İslam dinini qəbul etməsi Peyğəmbərin (s) dəvəti ilə olmayıbmı? Məgər Peyğəmbər (s) onun İslama gəlişini qəbul etmədimi? Belə isə, necə ola bilər ki, Peyğəmbər (s) bir kəsi İslama dəvət etsin, amma onun İslama gəlişi qəbul olunmasın?”

İshaq, Məmunun bu sualına cavab verə bilməyib susdu. (“İqdul-fərid”, c.3, səh.43 – ixtisarla.)

Mərhum Əllamə Əmini bu əhvalatı “İqdül-fərid” kitabından nəql etdikdən sonra yazır: “Əbu Cəfər İskafi Mötəzili (vəfatı: 240-cı h.q ili) öz risaləsində yazmışdır ki, hamının bildiyi kimi, həzrət Əli (ə) çərşənbə axşamı Peyğəmbərə (s) iman gətirmiş və özü buyurmuşdur ki, mən başqalarından yeddi il qabaq namaz qılmağa başlamışam! O, həmişə deyərdi: “Mən İslamı qəbul edən ilk şəxsəm.” Bu isə hər məşhur məsələdən məşhurdur. Biz keçmişdəkilər arasında elə bir şəxs tapa bilmədik ki, həzrət Əlinin (ə) İslamı qəbul etməsini yüngül saysın, yaxud “İslamı uşaq ikən qəbul etdi” desin. Maraqlıdır ki, Abbas və Həmzə kimi şəxsiyyətlər İslamı qəbul etmək üçün Əbu Talibin rəftarını gözləyirdilər. Lakin Əbu Talibin oğlu heç vaxt atasını gözləməyərək, Peyğəmbərə (s) iman gətirdi.” (“Əl-qədir”, c.3, səh.237.)

Bir sözlə, İslam Peyğəmbəri (s) imam Əlinin (ə) imanını qəbul etdiyi halda, bunu mötəbər saymayanlar həqiqətdə Peyğəmbərə (s) irad tuturlar. Bir də ki, Peyğəmbər (s) Qüreyşin mühüm adamlarını bir yerə yığıb, onları İslam dininə dəvət edərkən belə buyurmuşdur: “İslamın müdafiəsinə qalxaraq dəvətimi qəbul edən şəxs mənim qardaşım, (məndən sonra) vəsim və xəlifəm olacaqdır.” O zaman imam Əlidən (ə) başqa heç kim bu işi qəbul etmədi və Peyğəmbərə (s) cavab olaraq dedi: “Mən sənə beyət edirəm və sənin köməkçinəm.” Peyğəmbər (s) də buyurdu: “Sən mənim qardaşım, (məndən sonra) vəsim və xəlifəmsən!”

Beləliklə, Peyğəmbər (s) o gün yetkinlik həddinə çatmayan, bəhanə axtaranların dediyi kimi, imanı etibarsız olan bir kəsi öz qardaşı, vəsisi və canişini kimi tanıtdırıb, başqalarına da ona tabe olmağı əmr etmədimi? Hətta müşriklərin böyükləri istehza ilə Əbu Talibə dedilər ki, get, oğluna tabe ol!

Şübhəsiz, büluğ həddi İslamın qəbul şərtlərindən deyil. Kifayət qədər ağlı kəsən, yaxşı-pisi ayırd edən hər bir yeniyetmə uşaq İslamı qəbul etsə, atası müsəlman olmasa belə, müsəlmanların zümrəsinə daxil olur. Qurani-Kərimin ayələrindən də başa düşülür ki, yetkinlik həddi hətta nübüvvət və peyğəmbərliyin şərtlərindən də sayılmır. Peyğəmbərlərdən bəzisi elə uşaq ikən bu məqama çatmışlar. Belə ki, Qurani-Kərimdə Yəhya (ə) haqqında buyurulur: “Biz ona uşaq ikən peyğəmbərlik verdik!” (“Məryəm”/12.) Həzrət İsanın (ə) əhvalatında onun uşaq ikən “Mənə kitab verən, peyğəmbərliyə seçən Allahın bəndəsiyəm!” (“Məryəm”/30.) dedikləri qeyd olunmuşdur.

Qeyd olunanlar arasında ən aydın dəlil Peyğəmbərin (s) imam Əlinin (ə) imanını qəbul etməsi, dəvətinin ilkin çağlarında Qüreyş böyüklərinin qarşısında onu öz qardaşı, (özündən sonra) vəsi və xəlifəsi elan etmişdir. Beləliklə, Əli (ə) Peyğəmbərin (ə) dəvətini qəbul edən ilk şəxsdir deyən rəvayətlər imam Əlinin (ə) misilsiz fəzilətini açıqlayır. Heç kim bu işdə onunla qarşı-qarşıya dura bilməz və o, İslam ümməti içərisində Peyğəmbərin (s) canişinliyinə hamıdan layiqdir. (“Peyami-Quran – Qurani-Kərimdə imamət və canişinlik”, Ayətullah əl-üzma Məkarim Şirazi, 9-cu cild, səh.242-252.)

Rza Şükürlü

 

Google+ WhatsApp ok.ru