İmamətin başlanğıcı - Höccətül-islam hacı İlham Əliyev

İmamətin başlanğıcı - Höccətül-islam hacı İlham Əliyev

Maide.Az AİP sədri höccətül-islam hacı İlham Əliyevin İmamətin başlanğıcı adlı məqaləsini təqdim edir:
 
Bismillahir-Rəhmanir-Rəhim.
 
Böyük İslam Peyğəmbəri hicrətin onuncu ilində ömrünün son həcc əməllərini yerinə yetirmək üçün Məkkəyə yollandı. Həmin il Peyğəmbərin sonuncu həcc ziyarəti olduğu üçün həccətül-vida (vida həcci) adı ilə tanınmışdır. Müsəlmanlar həcc əməllərini peyğəmbərlə birlikdə yerinə yetirərək həm həcc, həm də başqa dini məsələləri Peyğəmbərdən (s) öyrəndilər. Həcc əməlləri bitdikdən sonra Peyğəmbər(s) Mədinəyə dönməzdən əvvəl bir daha Məkkə ilə vidalaşıb karvana hərəkət etməyi göstəriş verdi. Peyğəmbər Məkkəni tərk edib “Rabiğ” düzənliyində yerləşən “Qədur-xum” adlı məntəqəyə çatdıqda Cəbrail nazil olub Həzrətə “Maidə” surəsinin 67-ci ayəsini oxudu: “Ey Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil olanı (camaata ) çatdır! Əgər (bunu) etməsən (elə bil ki,) onun (heç bir) tapşırığını çatdırmamısan. Allah səni insanlardan (onların fitnə və şərrindən) qoruyacaq.
 
Şübhəsiz ki, Allah kafirlərin dəstəsini hidayət etməz. Ayənin ahəngindən məlum olur ki, Allah tərəfindən nazil olan bu hökm peyğəmbərliyin özü qədər əhəmiyyətli və camaata çatdırılması bir o qədər də vacibdir. Görəsən, bu hökm hansı hökmdür? Görəsən, hansı mühüm hökm bu gün müsəlmanlara çatdırılmalıdır? Çatdırılmayan təqdirdə sanki Ulu tanrının heç bir hökmünü çatdırmamışdır? Lakin Allah tərəfindən nazil olmuş bütün hökmlər Peyğəmbər (s) tərəfindən camaata çatdırılmışdı. Namaz, oruc, xums, cihad kimi bir çox fərdi və ictimai hökmlər iyirmi üç il ərzində tədricən müsəlmanlara çatdırılmışdır. Həcc hökmlərini də canlı olaraq Peyğəmbərin əməlində öz gözləriylə müşahidə etmişdirlər. Peyğəmbərin (s), camaata çatdırılmayacağı təqdirdə 23-illik peyğəmbərlik zəhmətinin hədər getməsi ilə hədələnməsinə səbəb olan bu hökm hansıdır?
 
İslam düşmənlərini məyus edən bu hökm 100 mindən çox insanın qarşısında elan olunmuşdur. Həzrət Əlinin (ə) imamət və vilayətindən, İslam ümmətinin Peyğəmbəri (s) sonrakı İlahi rəhbəriyyətin davamından başqa bir şey ola bilərdimi? Namazın, orucun, xümsün və həccin hökmləri islam düşmənlərini məyus etməmişdi. Ümidləri Peyğəmbərdən sonrakı ilahi rəhbəriyyətsiz ümmətə tikilmişdi. Amma bu hökm onların qulaqlarına çatdıqda başa düşüb bildilər ki, Peyğəmbərin (s) vəfatıyla onun ilahi rəhbəriyyəti aradan getməyəcək.
 
“İmam” sözünün  mənası
 
“ İmam “ -  lüğət alimlərinin nəzərinə əsasən bir cəmiyyətin önündə gedib onlara fərdi və ictimai işlərində rəhbərlik edən və yol göstərən şəxsə deyilir. İstər haqqa, ədalətə dəvət etsin, istərsə də batilə və azğınlığa. Lüğət baxımından “imam” kəlməsində haqq və ya batil mənası yoxdur. Buna görə də “imam“ kəlməsi Quranda həm haqq rəhbərlər və həm də batil rəhbərlər barədə işlənmişdir. Məsələn: 1) “Onları (yaşadıqları cəmiyyəti) Bizim əmrimizlə, doğru yola yönəldən rəhbərlər etdik.” (Ənbiya  surəsi ayə 73.) 2) “ Biz onları (Küfr və tuğyanları ilə gələcək nəsilləri cəhənnəm) oduna sarı çağıran rəhbərlər etdik.” (Qəsəs surəsi ayə 41.) Din terminologiyasında isə imamın mənası belədir: “Peyğəmbərin (s) canişini olaraq din və dünya işlərində rəhbərlik etmək”. 
 
İmamət məqamı Peyğəmbərin (s) canişinidir
 
İmam peyğəmbərin (s) xəlifəsi və canişinidir. Belə olduğu təqdirdə imamı tanıyıb və onun hansı vəzifələri daşıdığını bilmək üçün ilk növbədə Peyğəmbəri (s) tanıyıb, onun vəzifələriylə tanış olmalıyıq. Peyğəmbərin (s) vəzifəsini üç əsas hissəyə bölmək olar:
 
1) Peyğəmbərlik və vəhyi qəbul etmək məqamı. Bu məqamda peyğəmbər (s) yalnız Allahdan qəbul etdiyi vəhyi camaata çatdırmalıydı və özündən heç bir ixtiyarı yox idi. Bu haqda Qurani-kərim buyurur: “Allaha itaət edin, Onun peyğəmbərinə tabe olun və (onunla müxalifət etməkdən) çəkinin. Beləliklə, əgər üz döndərsəninz bilin ki, Bizim peyğəmbərimizin vəzifəsi yalnız (ona tapşırıqları) aydın şəkildə çatdırmaqdır.” (Maidə surəsi, ayə 92)
 
2) Vəhyi camaata çatdırdıqdan sonra onu camaata aydınlaşdırmaq və izah etməkdir. Çünki bir çox ayələrin mənasını sətiraltı tərcümə etməklə başa düşülmür.  Buna görə də nazil olmuş ayələrin insanlar tərəfindən asan başa düşülməsi üçün Peyğəmbər (s) onları izah etməlidir.  Bu barədə Allah-taala buyurmuşdur: “... və sənə də bu zikri (quranı) nazil etdik ki, insanlara, onlara nazil olanı açıqlayasan və bəlkə düşündülər” (Nəhl surəsi ayə 44.)
 
3) İslam ümmətinin rəhbərliyi və hakimiyyəti.Bu məqamda Allah taala peyğəmbərinə ixtiyar verib ki, cəmiyyəti idarə etməkdə Quran çərçivəsi əsasında məsləhət bildiyi kimi hökm verib qərar qəbul etsin. Bu haqda Qurani –kərim buyurur : “Həqiqətən Biz bu kitabı sənə haqq olaraq (uca və ağlın təsdiq etdiyi bir məqsədlə) nazil etdik ki, insanlar arasında Allahın sənə göstərdiyi əsasında  hökm çıxarasan...” (Nisa  surəsi ayə 105.)
 
Peyğəmbərin bu üç vəzifəsindən birincisi, yəni peyğəmbərlik və vəhyi qəbul etmək məqamı  heç bir şəkk-şübhə olmadan Həzrətin (s) vəfatıyla sona çatdı. Belə ki, islam dini dinlərin sonuncusu və əziz Peyğəmbəri (s) peyğəmbərlərin sonuncusu olduğu kimi, Peyğəmbərin vəfatından sonra  Allah tərəfindən vəhyin nazil olmasına son qoyuldu. Yəni bu məqam peyğəmbərdən sonra heç kəsə həvalə olunmadı. Amma Peyğəmbərin 2-ci və 3-cü vəzifələri isə özündən sonrakı xəlifəsinə mütləq həvalə olunmalıdır.
 
İkinci vəzifənin, yəni şəriəti bəyan etmək məsuliyyətinin həvalə olunmasının səbəbi bu kiçik müqəddimələrə nəzər saldıqda məlum olur:
 
1) Peyğəmbər sonuncu peyğəmbər olduğu üçün onun gətirdiyi din də sonuncudur və qiyamətə qədər davam edəcəkdir.
 
2) Həmçinin Həzrətin gətirdiyi kitab da insanların arasında olmalı və onlara qiyamətədək səadət yolunu göstərməlidir.
 
3) Digər tərəfdən yuxarıda işarə etdiyimiz kimi bəzi ayələri möhkəm və bəzi ayələrisə  mütəşabehdir. Peyğəmbər (s) kimi insanların izahına ehtiyacı vardır.
 
4) Peyğəmbər 23 il ərzində insanın xoşbəxtliyinə lazım olan Quran ayələrinin hamısını açıqlamağa kifayət qədər fürsəti olmayıb. Belə ki, 23 ilin 3 ilini gizlində olub, 10 ilini Məkkə müşriklərinin amansız işgəncələrinə məruz qaldı və sonda Mədinəyə hicrət etməyə məcbur oldu.
 
Mədinədə olduğu 10 il müddətində də islam düşmənləri ilə müharibəyə başı qarışıb. Əlbəttə, bunlara baxmayaraq  Peyğəmbər (s) əlində olduğu fürsətlərdən tam istifadə edərək mümkün qədər insanlara islamı izah etmişdir. Bunu da nəzərdən qaçırmaq olmaz ki, bəzi alimlərin dili ilə desək, əgər Peyğəmbər (s) bir müəllim kimi sinifdə İslamın, Quranın qiyamətə qədər bütün insanlar üçün gətirdiyi maarifi dərs demək istəsəydi belə, mümkün olan iş deyildi. Çünki ən azı  o dövrdə yaşayan insanların bötük əksəriyyəti İslamın bütün maarifini dərk etmək istedadına malik deyildilər. Bu səbəbdən də Peyğəmbərin (s) canişini də Onun özü qədər Qurandan məlumatı olmalıdır ki, Quranı insanlara olduğu kimi açıqlayaraq onlara Peyğəmbərin (s) əvvəldə qoyduğu yoldan yayınmağa imkan verməsin. Haqq və hidayət yolunda sabitqədəm etsin. Peyğəmbərin 3-cü vəzifəsinə gəlincə  isə demək lazımdır ki, onun sübut etməyə, dəlilə heç bir ehtiyac yoxdur. Hər bir cəmiyyətin rəhbəri olmalıdır. Hakimiyyətsiz cəmiyyətdə hərc-mərclik labüddür. Həzrət Əli (ə) “Nəhcül-bəlağə”nin 40-cı xütbəsində bu barədə buyurur: “Xalq arasında istər xeyirxah, istərsə də pis əməl sahibi olan əmirin (hakimin, rəhbərin) olması labüddür. 
 
İmamət məqamının əzəməti və əhəmiyyəti
 
Bu deyilənlərdən məlum olur ki, imamət də risalətin özü qədər əhəmiyyətli və əzəmətlidir. Və bəlkə də ondan da əzəmətli və yüksək bir məqamdır. Belə ki, Allah-taala bu məqamı bütün peyğəmbərlərinə deyil, yalnız  “ulil-əzm” peyğəmbərlərinə əta etmişdir. Nümunə olaraq Quranın bir ayəsinə işarə edirik: “Və (yadına sal) o zaman ki, Rəbbin İbrahimi bəzi işlərlə imtahana çəkdi. Beləliklə O (İbrahim), hər şeyi kamil surətdə yerinə yetirdi. Rəbbi dedi: Həqiqətən, Mən səni insanlara imam və rəhbər təyin etdim.” (İbrahim) dedi: Övladlarımdan (da imam təyin et)! Dedi: “ Mənim əhdi-peymanım (imamət) zalımlara nəsib olmaz” (Bəqərə surəsi 124-cü ayə).
 
Bu görəsən hansı məqamdır ki, İibrahim nübüvvət və risalət məqamına çatdıqdan sonra, məşəqqətli sınaqlardan  keçəndən sonra ömrünün axırlarında bu məqama nail ola bilib? Şübhəsiz bunların hamısından.Yüksək bir rütbə idi ki, öz ləyaqətini sübut etdikdən sonra Allah-taala tərəfindən ona verildi.
 
İmamın şərtləri
 
1) Sözsüz ki, Peyğəmbərdən sonra hər kəs belə bir əzəmətli məqamın iddiasında ola bilməz. Xəlifə Peyğəmbərin (s) xüsusiyyətlərinə malik olan səlahiyyətli bir şəxs olmalıdır ki, Peyğəmbərdən sonra insanlar arasında Həzrətin vəzifələrini davam etdirə bislin. Bu xüsusiyyətlərdən birincisi və bəlkə də ən əsası ismətdir. Peyğəmbərin (s) canişini olan şəxs ilk növbədə Peyğəmbərin (s) özü kimi səhvdən, xətadan və unutqanıqdan məsum olmalıdır. Belə olmadığı təqdirdə onun sözünün, əməlinin heç bir etibarı omayacaqdır. Peyğəmbərin (s) gətirdiyi şəriəti olduğu kimi qoruyub saxlamağın, eləcə də insanlara çatdırmasının başlıça şərti imamın məsum olmasıdır. İmamın ismətini sübut edən ayələrdən biri də Bəqərə surəsinin 124-cü ayəsidir. İbrahim (ə) imamət məqamına nail olduqdan sonra bu məqamı övladları üçün də istədikdə Allah-taala bururdu: “Mənim əhd–peymanım (imamət məqamı) zalımlara nəsib olmaz”. Mərhum Əllamə Təbatəbai bu ayənin ismətə dəlalətini belə izah edir: İnsanları ismət baxımdan dörd qismə bölmək mümkündür:
 
1. Ömrünün əvvəlindən axırınadək zalım olub;
 
2. Ömrünün əvvəlindən axırınadək pak və məsum olub;
 
3. Ömrünün əvvəlində zalım, axırında isə pak olub;
 
4. Ömrünün əvəlində pak və məsum, axırında isə zalım olub;
 
Şübhəsiz, İbrahim peyğəmbər Allah-taaladan birinci və dördüncü dəstədən olan övladları üçün imamət məqamını istəyə bilməzdi. Yerdə qalan iki dəstənin də birinə Allah-taala qadağa qoyaraq onu imam məqamından uzaqlaşdırdı. Bununla da Allah-taala, ömrünün əvvəlindən axırınadək pak və məsum olan insanları imamət məqamına layiq bilir. İkinci şərt: İmamda ismət, şərt  olduğu kimi onun Allah tərəfindən təyin edilməsi də şərtdir. Çünki ismət zahiri deyil, batini xislətlərdən olduğu üçün onu Allahdan başqası tanıya bilməz. Odur ki, onu yalnız Allah-taala təyin etməlidir. Məhz buna görə də İbrahim peyğəmbər (ə) haqqında oxuduqmuz ayədə Allah ona xitabən təkidlə Buyurur: “Həqiqətən Mən səni insanlara imam və rəhbər  təyin etdim”.   Həmçinin imam Səccad (ə) bu məqama toxunaraq buyurur: "İmam bizdəndir. İmam yalnız məsum olmalıdır. İsmət isə zahiri sifətlərdən deyil ki, onu görüb tanısınlar. Buna görə də O, (Allah)  tərəfindən təyin dilməlidir!”
 
İmamın üçüncü şərti peyğəmbərdən sonra ümmətin arasında ən fəzilətlisi olmalıdır. İmam Peyğəmbər (s) kimi Həzrətdən sonra insanlar arasında hər cəhətdən kamil olmadığı təqdirdə iki haldan xaric olmayacaq. Ya insanlarla eyni səviyyədə bərabərdir, ya da onlardan aşağı səviyyədədir.
 
Hər iki halı əql məzəmmət edərək inkar edir. Çünki, birinci halda insanlarla eyni səviyyədə olanı rəhbər təyin etməyə heç bir dəlil yoxdur. İkinci halda isə məzəmmət daha kəskindir. Çünki aşağı səviyyəli bir insanın özündən yüksək səviyyəli insana hakim təyin edilməsi güzgün deyildir. Buna görə də imam zəmanənin ən yüksək və ən fəzilətlisi olmalıdır ki, təbəiyyət olunmaq məqamını əldə etsin. Qurani-kərim bu barədə buyurur: “Belə isə arxasınca gedilməyə haqqa tərəf  hidayət edən kəs daha layiqdir, yoxsa hidayət edilməyincə doğru yolu tapa bilməyən kəs? Sizə nə olmuşdur? Necə mühakimə yürüdürsünüz?" (Yunus surəsi, ayə 35). Həzrət Əli (ə)-dan başqa, Peyğəmbərdən (s) sonra bu xüsusiyyətlərə, şərtlərə sahib çıxan varmı? Maraqlı deyilmi ki, Peyğəmbərin (s) xəlifəsində niyə bu xüsusiyyətləri şərt bilməyiblər? Məhz Həzrət Əli (ə)-ın bu xüsusiyyətlərinə görə idi ki, Peyğəmbər (s) onu dəfələrlə ümmətə tanıtdırıb. Və sonuncu dəfə “Qədir-xum”–da böyük kütlə qarşısında Onu özündən sonrakı xəlifəsi elan etmişdir.
 
 Hacı İlham Əliyev
İlahiyyatçı, AİP-in sədr əvəzi
 

Google+ WhatsApp ok.ru