İMAM ƏLİNİN (Ə) TƏVAZÖKARLIĞINDAN BİR NÜMUNƏ

İMAM ƏLİNİN (Ə) TƏVAZÖKARLIĞINDAN BİR NÜMUNƏ

Şiə və əhli-sünnə kitablarında[1] imam Əlinin (ə) fəziləti haqda “xasifun-nə`l” (ayaqqabı yamayan) adı ilə tanınan bir hədisi burada qısa şəkildə qeyd edirik:

“Bir gün müsəlmanlar Peyğəmbəri-Əkrəmlə (s) birlikdə Allahın evi Kəbəni ziyarət etmək məqsədilə Məkkəyə doğru hərəkət edirlər. Məkkəlilər isə “Hüdeybiyyə” məntəqəsində onların qarşısını alıb Məkkəyə daxil olmalarına mane olurlar. Peyğəmbəri-Əkrəm (s) müşriklərin nümayəndəsi ilə görüşüb müzakirə apardıqdan sonra sülh müqaviləsi bağlayır. O zaman Peyğəmbər (s) müşriklərə xəbərdarlıq edir ki, bundan sonra inadkarlıq göstərsələr, onların üzərinə “amanlarını kəsən şəxsi” göndərəcəkdir. Bu sözdən sonra səhabələr bir-birinə baxır və baxışları ilə onun kim olduğunu bilmək istəyirlər. Bir nəfər “Ey Allahın Rəsulu, məqsədiniz kimdir?” – deyə soruşduqda, Həzrət buyurur: “Xasifun-nə`l”dir (ayaqqabı yamayan şəxsdir).” Bu sözlə onların təəccübü artsa da, çox çəkmir ki, imam Əlinin (ə) bir guşəyə çəkilib Peyğəmbəri-Əkrəmin (s) ayaqqabısını yamadığını görürlər!”[2]

Bu hədis Peyğəmbəri-Əkrəmin (s) nəzərində imam Əlinin (ə) şücaət və xüsusi mövqeyini göstərdiyi kimi, onun (Peyğəmbəri-Əkrəmin (s) ayaqqabısını tikməklə) və Peyğəmbəri-Əkrəmin (s) yamaqlı ayaqqabı geyinməklə təvazökarlığını aşılayır.

Məsum rəhbərlərin təvazökarlıqlarına dair nümunələr olduqca çoxdur. Buna onların gecə vaxtı öz çiyinlərində yoxsulların evinə azuqə daşımalarını misal göstərmək olar.

Çox vaxt imam Əli (ə) özü gecə yarısı çörək kisəsini çiyninə atıb, (hətta xidmətçisindən kömək istəmədən) onu bir-bir Kufənin yoxsullarına paylayardı.[3]

İmam Səccad (ə) da belə idi və vəfatı zamanı kisələrin izi belində aşkar görünürdü. Səhabələr o həzrətin oğlu imam Baqirdən “Bu yara izləri Kərbəla faciəsindən qırx il sonra hələ də sağalmayıbmı?” – deyə soruşduqda, belə cavab verir: “Xeyr, bunlar gecə ikən yoxsul və yetimlər üçün daşıdığı kisələrin izləridir.”[4]

Bu rəvayət imam Sadiqin (ə) həyatında da görünür. Səhabələri o həzrətdən bu işi onlara tapşırmağını istədikdə buyurardı: “Siz mənimlə gələ bilərsiniz, amma kisəni özüm götürəcəyəm...”[5]

İmam Rza (ə) da vəliəhdliyə seçildiyi zamandan bütün xidmətçilər süfrə başında əyləşməyincə, yeməyə əl uzatmazdı.[6]

Bütün bunlar Əhli-bet imamlarının təvazökarlıqları və xalis əməllərindən qaynaqlanır və ardıcılları üçün əbədi örnəkdir. (“Ayate ibadur-rəhman”, Ayətullah Məkarim Şirazi, “İlahi bəndələrin 1-ci xüsusiyyəti” bölümü.)

Rza Şükürlü (Maide.az)

 



[1]. “Ehqaqul-həqq”, 6-cı cild, səh.24-38.

[2]. “Biharul-ənvar”, 20-ci cild, səh.345 və 364.

[3]. “Mülhəqati Ehqaqul-həqq”, 8-ci cild, səh.580.

[4]. “Müntəhəl-amal”, 2-ci cild, səh.5, “İmam Səccadın (ə) həyatı”.

[5]. “Müntəhəl-amal”, 2-ci cild, səh.85, “İmam Sadiqin (ə) həyatı”.

[6]. “Müntəhəl-amal”, 2-ci cild, səh.176, “İmam Rzanın (ə) həyatı”.

 

 

Google+ WhatsApp ok.ru