İMAM ƏLİ (Ə) “QƏDİR-XUM” HƏDİSİNƏ İSTİNAD ETMİŞDİMİ?

İMAM ƏLİ (Ə) “QƏDİR-XUM” HƏDİSİNƏ İSTİNAD ETMİŞDİMİ?

Bəziləri bəhanə axtarıb deyirlər ki, əgər əzəmətlə yad edilən “Qədir-Xum” hədisi həqiqətdirsə, bəs, nə üçün Əli (ə), onun Əhli-beyti və dostları zəruri hallarda ona istinad etmirdilər? Onların Əlinin (ə) xilafətini sübut etmək üçün bu mühüm sənədə əsaslanmaları daha yaxşı olmazdımı?
 
Bu irad da digər iradlar kimi təfsir, tarix və hədis kitablarından kifayət qədər xəbərsizliyin ucbatından irəli gəlmişdir. Çünki əhli-sünnə alimlərinin bir çox kitablarında nəql olunmuşdur ki, imam Əli (ə) özü, Əhli-beyt imamları, eləcə də onların dostları “Qədir-Xum” hədisinə istinad etmişlər.
 
Xətib Xarəzmi Hənəfi “Mənaqib” kitabında Amir ibn Vasilədən nəql edir ki, (Ömərdən sonra xəlifə təyin etmək üçün altı nəfərdən ibarət olan) “Şura” günü həzrət Əli (ə) ilə birlikdə idim. O, şura üzvlərinə belə deyirdi: “Sizə tutarlı bir dəlil göstərirəm ki, ərəb və əcəm onu dəyişməyə qadir deyildir... Sizə Allahı and verirəm! Sizin aranızda elə bir kəs varmı ki, Peyğəmbər (s) onun barəsində belə buyurmuş olsun: “Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır. İlahi, onun dostunu Sən də dost bil, onu sevəni Sən də sev!Hazır olanlar bunu qaib olanlara çatdırsınlar.”
 
Hamı dedi: “Xeyr!” (“Mənaqib”, səh.217.)
 
Bu rəvayəti Həməvini “Fəraidus-səmteyn” kitabının 58-ci bölümündə, İbn Hatəm “Durrun-nəzim” kitabında və İbn Əbil-Hədid “Nəhcül-bəlağə”nin şərhində, eləcə də İbn Həcər “Əs-səvaiq” kitabında Daru-Qutnidən nəql etmişlər. (“Əl-qədir”, 1-ci cild, səh.161.)
 
“Əl-qədir” kitabında imam Əlinin (ə) müxtəlif yerlərdə, o cümlədən, Osmanın və öz xilafəti dövründə, Cəməl müharbəsində və yenidən Kufədə “Siffeyn” müharibəsi günü “Qədir-Xum” hədisinə əsaslanmasına və onların mənbələrilə birgə bu məsələyə geniş yer verilmişdir. Bundan əlavə, həzrət Fatimeyi-Zəhra (ə.s), imam Həsən (ə), imam Hüseyn (ə), bir qrup səhabə və qeyri-səhabələrin də on altı yerdə bu hədisə istinad etmələrini nəql etmişdir ki, bu da müəllifin geniş məlumata malik və bu hədisin müxtəlif zamanlarda diqqət mərkəzində olduğunu göstərir. Hərçənd, hər dövrün xüsusi siyasətinə uyğun mümkün qədər bunu əhəmiyyətsiz göstərməyə çalışmışlar. (Əlavə məlumat üçün: “Əl-qədir”, 1-ci cild, səh.159-213.)(Maide.az)
 
 

Google+ WhatsApp ok.ru