İMAM BAQİRİN (Ə) ELMİ MƏQAMI

İmam Baqir (ə) Əhli-beyt elmlərinin varisi olduğundan o həzrətin dərsində bütün İslam şəhərlərindən gələnlər iştirak edir, İmamın hüzurundan faydalanır, elmi və fiqhi suallarının həllini o həzrətdən soruşurdular. O həzrətin (ə) elmi məclisləri şöhrət tapmışdı. Qeyd etmək olar ki, İraq xalqı o həzrətin şəxsiyyətinə aşiq olmuşdu. Məclis iştirakçıları imam Baqirə (ə) elə ehtiram göstərirdilər ki, Abdullah ibn Əta Məkki belə deyirdi: “Alimləri həzrət Baqirin (ə) hüzurunda olduğu kimi kiçik görmədim. Hakim ibn Üyeynə xalq arasındakı elmi məqamına baxmayaraq, o həzrətin hüzurunda eynilə müəllim qarşısındakı şagird kimi görünürdü.” (“Hilyətül-övliya”, Əbu Nəim, c.3, s.180.)

İbn Ənbətənin ibarəsi ilə desək, “çox dərin bilik və böyük səbrə sahib olan” imam Baqirin (ə) elmi şöhrəti onu izah etməkdən daha yüksəkdədir. (Umdətul-mətalib”, s. 195.)

İbn Əbil-Hədidin ifadəsi ilə desək, imam Baqir (ə) “Hicaz fəqihlərinin ustadı” kimi şöhrət tapmışdı və bu, təkcə Hicazda deyil, İraq və Xorasanda da bilinirdi. (“Şərhi Nəhcül-bəlağə”, İbn Əbil-hədid”, c.15, s.77.)

Zəhəbi imam Baqir (ə) haqqında belə yazır: “O, elmlə əməli, izzətlə şərəfi və etimadla inamı bir yerə toplayan və xilafətə layiq kəslərdən biridir.” (“Siyəru əlamin-nubəla”, Şəmsəddin Zəhəbi, c.4, s.408, 194.)

Əbu Zöhrənın ustadı insanların imama müraciəti haqqında belə yazır: “İmam Baqir (ə) imamətdə və xalqı hidayət etməkdə imam Səccadın (ə) varisi idi və bu səbəbdən, bütün İslam alimləri hər tərəfdən ona tərəf axışır və Mədinəyə gələn hər kəs o həzrətin hüzuruna gəlib sonsuz elmindən faydalanardı.” Yenə yazır: “Bir çox fiqh və hədis alimləri imam Baqirin (ə) elmindən faydalanmaq məqsədilə onun hüzuruna gəlirdilər.”

İmam Baqirin (ə) fiqh, əqaid və digər islami elmlərlə bağlı rəvayətləri çoxluq təşkil etdiyindən əhli-sünnə hədis alimləri, o cümlədən, onların ən məşhuru Əbu Hənifənin o həzrətdən hədis nəql etməsinə səbəb olmuşdur. O, əhli-sünnə silsilə sənədləri ilə nəql edilən hədisləri qəbul etmədiyi üçün Əhli-beytdən, məxsusən, imam Baqirdən (ə) çoxlu sayda hədis nəql etmişdir.

Zəhəbinin qeydlərinə görə, Əbu Hənifədən başqa, Əmr ibn Dinar, Əməş, Əvzai, İbn Cüreyh və Qürrət ibn Xalid də imam Baqirdən (ə) hədis nəql etmişlər. (“Təzkirətul-huffaz”, Zəhəbi, c.1, s.124.)

Bir gün Əbu İshaq o həzrətin hüzuruna gedərək yüksək elmi məqamını gördükdə, onun xüsusiyyəti haqda demişdir: “Onun kimisini əsla görməmişəm.” (“Əyanuş-şiə”, c.4, s.20.)

Əbu Zöhrə də o həzrət haqda belə demişdir: “Həzrət Mühəmməd Baqir (ə) alimlərin ən üstünüdür.” (“Mənaqibu Ali-Əbi Talib”, İbn Şəhr Aşub, c.3, s.327.)

İmam Əmirəlmöminin Əlidən (ə) sonra şiə imamları arasında hədislərin əksəriyyətinin sənədi imam Baqir (ə) və imam Sadiqə (ə) yetişdiyini vurğulamaq olar. Bu iki imamın digər imamlara nisbətdə çoxlu fürsət əldə edərək Ali-Mühəmmədin (s) elmlərini yaymağın səbəbi ogünkü cəmiyyətinin xüsusi siyasi vəziyyəti ilə əlaqədar idi. Bu baxımdan, şiə hədis toplusunda Əhli-beyt hədislərinin böyük bir qismi bu iki imamdan nəql edilmiş və təfsir, kəlam, fiqh, halal və haram barəsində imam Baqirdən (ə) nəql olunan hədislər imam Həsən (ə) və imam Hüseynin (ə) digər övladlarının heç birindən nəql olunmadığı söylənilmişdir. Bu da onların həm o dövrdə, həm də sonrakı dövrlərdə fiqh alimi və Rəsulullahın (s) hədislərinin raviləri kimi məşhur olmalarına səbəb olmuşdur. Əbu Zöhrə o həzrətə müraciət edən və elm öyrənən kəslər sırasında Süfyan Suri, (Məkkə mühəddisi) Süfyan ibn Üyeynə və Əbu Hənifə kimi şəxslərə işarə etmişdir.

Əbrəş Qəlbi, Hişam ibn Əbdül-Məlikdən: “İraq xalqının elmi sualları soruşduqları bu şəxs kimdir?” – deyə soruşduqda, Hişam dedi: “Bu, Kufənin peyğəmbəridir. O, Rəsulullahın (s) övladı, elmi yaran və Quran təfsirçisidir.”

Başqa bir rəvayətdə də Hişam o həzrəti “İraq əhlinin aşiq olduğu şəxs” – deyə tanıtdırmışdır. (“Nurul-əbsar”, Məhəmməd Mömin Şəblənci, s.143.)

Rza Şükürlü

Google+ WhatsApp ok.ru