İmam Həsən Əskəri əleyhissəlamın elmi fəaliyyəti

Abbasilər hökumətinin amansız təqibinə, əzab-əziyyətlərinə baxmayaraq İmam Həsən Əskəri (ə) bir sıra siyasi-ictimai və elmi fəaliyyətlər göstərib. Düzdür, İmam Abbasilər hökumətinin yaratdığı o cür pis və məhdud şəraitdə öz geniş elmini bütün cəmiyyətə çatdıra bilməzdi. Lakin buna baxmayaraq, o Həzrət çətinliklə də olsa, hər birinin İslam maarifini yaymaqda və düşmənlərin iradlarını rədd etməkdə böyük rolu olmuş və neçə şagird yetişdirib. Şeyx Tusi o Həzrətin şagirdlərinin sayının yüzdən çox olduğunu qeyd edib. Onların arasında Əhməd ibn İshaq Əşəri Qummi, Əbu Haşim Davud ibn Qasim Cəfəri, Abdullah ibn Cəfər Himyəri, Əbu Əmr Osman ibn Səid Əmri, Əli ibn Cəfər və Məhəmməd ibn Həsən Səffar kimi böyük şəxsiyyətlər də olub.
 
Bu cür şagirdlər yetişdirməkdən əlavə, bəzi vaxtlar müsəlmanlar üçün elə çətinliklər yaranır və müsəlmanlar elə çıxılmaz vəziyyətə düşürdülər ki, onu İmam Həsən Əskəridən (ə) başqa heç kəs həll edə bilmirdi. İmam bu cür hallarda öz İmamət elmi sayəsində fövqəladə bir tədbir töküb müşkülü həll edir və müsəlmanları çıxılmaz vəziyyətdən qurtarırdı. Buna dair aşağıdakı iki nümunəni göstərmək olar.
 
a) Filosofun səhvi
 
İbn Şəhr Aşub yazır: “İraq sakini, İslam və ərəb filosoflarından biri hesab olunan İshaq Kendi “Quranın ziddiyyətləri” adlı bir kitab yazır. O, uzun müddət cəmiyyətdən aralanıb evdə oturaraq bu kitabı yazıbmış.
Bir gün onun şagirdlərindən biri İmam Həsən Əskərinin (ə) hüzuruna gəlir. İmam onu görcək buyurur: “Sizin aranızda müəlliminiz Kendiyə cavab verə bilən rəşadətli bir kişi yoxdur?” 
 
Şagird deyir: “Biz hamımız onun şagirdiyik və müəllimin səhvinə etiraz edə bilmərik.”
İmam buyurur: “Bəzi məsələləri sənə başa salsam, onu öz müəlliminə deyə bilərsənmi?” Şagird “Bəli!” - deyə cavab verir. İmam buyurur: “Buradan qayıtdıqdan sonra müəlliminin yanına get və onunla ünsiyyətdə ol. Tamamilə ünsiyyət tapdıqdan sonra ona de ki, mənim üçün bir məsələ irəli çıxıb və onu sizdən başqa heç kəsin həll etməyə səlahiyyəti yoxdur. Məsələ isə budur ki, Quranı söyləyən şəxs sizin ondan başa düşdüyünüz mənadan başqa bir məna nəzərdə tuta bilərmi? O, sənin cavabında deyəcək: Ola bilər. Onda sən ona deyərsən ki, bəlkə Allah-taala Quranda buyurduğu ifadələrdən sizin başa düşdüyünüz mənadan başqa bir məna nəzərdə tutub, lakin siz isə Onun ifadəsini başqa mənaya yozursunuz.” Sonra İmam əlavə edərək buyurdu: “O, ağıllı adamdır, bu məsələ onun səhvini özünə başa salmaq üçün kifayət edər.”
 
Şagird müəlliminin yanına gəlib İmamın buyurduğu kimi edir. Nəhayət, məsələni ortaya atmağın vaxtı gəlib çatır. O, İmamın sualını bu cür səsləndirir: “Ola bilərmi ki, bir nəfər bir söz deyib ondan müəyyən bir mənanı nəzərdə tutsun, ancaq həmin mənanı oxucu, yaxud dinləyici başa düşməsin? Başqa sözlə desək, bir sözü deyən şəxsin məqsədi həmin sözü dinləyən şəxsin başa düşdüyü məna ilə fərq edə bilərmi?”
 
İraqlı filosof diqqətlə şagirdin sualını dinləyib deyir: “Sualını bir də de!” Şagird sualı təkrar edir. Müəllim bir öz fikirləşib deyir: “Bəli, ola bilər ki, sözü deyən şəxs nəzərində müəyyən bir məna tutur, dinləyici isə onun nəzərində tutduğu mənadan başqa bir mənanı başa düşür.”
 
Belə bir sualı öz şagirdinin düşünüb deyə bilməməsini və onun fikrinə bu sualın gələ bilməməsini yaxşı başa düşən müəllim üzünü şagirdə tutub deyir: “Səni and verirəm ki, həqiqəti mənə deyəsən. Bu sual haradan sənin fikrinə gəldi?”
 
Şagird deyir: “Belə bir sualın mənim fikrimə gəlməsinin nə eybi var?”
Müəllim: “Yox, sənin hələ bu məsələni başa düşməyinə çox var. De görüm bu sualı sənə kim deyib?”
Şagird: “Doğrusunu bilmək istəyirsənsə, bu sualı mənə İmam Həsən Əskəri (ə) öyrədib.”
Müəllim: “Bax indi düz dedin.”
 
Sonra müəllim əlavə edib deyir: “Bu cür suallar, ancaq onların ailəsinə yaraşıb. (Həqiqəti üzə çıxaran yalnız onlardır.)
 
Müəllim öz səhvini anlayıb həqiqəti başa düşdükdən sonra böyük bir ocaq qalanmasını əmr edir və öz nəzərinə görə “Quranın ziddiyyətləri” barədə yazdıqlarını oda atıb yandırır.
 
b) Rahibin əli açılır
 
Bir dəfə Samirrada bərk quraqlıq düşür. Xəlifə Mötəmid əmr edir ki, camaat “istisqa” namazına çıxsın. Camaat üç gün dalbadal istisqa namazına gedib dua etsə də, lakin yağış yağmır. Dördüncü gün isə xristian yepiskopların baş kotoliki, rahiblər və xristianlarla birlikdə səhraya gedir. Rahiblərdən biri hər dəfə əlini göyə qaldırıb dua etdikdə dolu yağmağa başlayır. Sonrası gün baş katolik də həmin işi təkrar edir. O qədər yağış yağır ki, camaat daha yağış istəmir. Bu iş camaatın təəccübünə və müsəlmanların böyük bir qisminin İslam dinində şəkk edib xristianlığa meyl etməsinə səbəb olur. Xəlifə bu işdən narahat olur, məcbur olub zindanda olan İmam Həsən Əskərini (ə) saraya çağırtdırıb deyir: “Cəddin Peyğəmbərin (s) ümməti yolunu azır, onların dadına çat!” İmam Həsən Əskəri (ə) buyurur: “Baş katolik və rahiblərə de ki, sabah səhraya gəlsinlər.”
 
Xəlifə bildirir ki, camaat daha yağış istəmir, kifayət qədər yağış yağıb, daha səhraya getməyin nə mənası var? İmam isə cavabında bildirir ki, şəkk-şübhəni aradan götürmək istəyir.
 
Xəlifə əmr edir ki, sabah xristianların başçısı rahiblərlə birlikdə səhraya getsin. İmam Həsən Əskəri (ə) da çoxsaylı müsəlmanlarla birlikdə səhraya gedir. Baş katolik və rahiblər yağış yağması məqsədilə əllərini duaya qaldırırlar. Göy üzü tutularaq yağış yağmağa başlayır. Bu vaxt İmam Həsən Əskəri (ə) buyurur ki, gedin, filan rahibin əlində nə varsa, çıxarın. Onun ovcunda bir parça adam sümüyü tapırlar. İmam sümük parçasını bir parçaya büküb rahibə buyurur: “Yenə də Allahdan istə ki, yağış yağsın!” Rahib yenə əlini göyə qaldırır. Ancaq bu dəfə əvvəlkindən fərqli olaraq, bulud çəkilir və günəş çıxır. Camaat hamı təəccüblənib, mat qalır. Xəlifə məsələnin səbəbini soruduqda İmam Həsən Əskəri (ə) belə cavab verir: “Bu, peyğəmbərlərdən birinin sümüyüdür, onu qəbirdən çıxarıbşlar. Hansı peyğəmbərin sümüyü görünərsə, həmin an mütləq yağış yağmalıdır.”
 
Xəlifə İmamın bu elmini alqışlayır. Bu hadisə İmamın zindandan azad olmasına və o Həzrətin camaatın yanında hörmətinin daha da artmasına səbəb olur. İmam Həsən Əskəri (ə) bu fürsətdən istifadə edib onunla bir yerdə zindanda olan dostlarının azad edilməsini xəlifədən istəyir. Xəlifə İmamın istəyini qəbul edib onları da azad edir.

Google+ WhatsApp ok.ru