İmam Həsənin (ə) mövludu

İmam Həsənin (ə) mövludu

Ramazan ayının 15-i Peyğəmbərimizin (s) sevimli nəvəsi, İmam Əlinin (ə) və Həzrəti Fatimənin (s.ə) böyük oğlu, müsəlmanların 2-ci imamı Həsənin (ə) mövlud günüdür.
 


İmam Həsən (ə) hicrətin 3-cü ilində Mübarək Ramazan ayının 15-də Mədinə şəhərində dünyaya göz açıb. O Həzrətin (ə) Seyyid, Sibt, Əmin, Hüccət, Nəqi, Zəki, Zahid və Müctəba kimi ləqəbləri vardır ki, sonuncu daha məşhurdur. Atasının şəhadətindən sonra (hicrətin qırxıncı ilindən) on il müddətinə qədər müsəlmanlara imamlıq edib, hicrətin əllinci ilində Müaviyənin hiyləsi ilə zəhərlənib və şəhadətə qovuşub. İmam Həsənin (ə) müqəddəs məzarı Mədinə şəhərindəki Bəqi qəbiristanlığındadır.

Bu mübarək gün münasibəti ilə bütün müsəlmanları təbrik edirik, onlara imam Həsən (ə) müdrikliyi və səbri diləyirik!

İmamın həyatına qısa baxış

TӘVӘLLÜDÜ VӘ UŞAQLIĞI

Üçüncü hicri ilinin mübarək Ramazan ayının 15-də Həzrət Әlinin (ə) evində ilk uşaq dünyaya gəldi. Həzrət Peyğəmbər (s) Allah-taalanın əmri ilə nəvəsinin adını Həsən qoydu. İmam Həsən (ə) atası Әli (ə) və anası Fatimeyi-Zəhranın (s.ə.) tərbiyəsi sayəsində böyüdü. Babasının, eləcə də atasının məktəbindən elmi dərslər aldı. O, Peyğəmbər (s) nəzərində çox dəyərli və üstün bir uşaq idi. Günlərin bir günündə Həzrət Peyğəmbər (s) minbərdə söhbət etdiyi vaxt imam Həsənin ağlamaq səsini duyduqda tez minbərdən aşağı düşüb, onun qəlbini ələ aldıqdan sonra yenidən minbərə çıxdı. Camaat bu hərəkəti barədə Peyğəmbərə (s) sual verdikdə, o Həzrət (s) belə buyurdu: “Onu ağlayan gördükdə, dözə bilmirəm”. Peyğəmbər (s) namazını camaatla birgə qılıb qurtardıqdan sonra Həsəni qucağına alıb belə buyurdu: «Hər kim məni sevirsə, Həsəni də sevsin». Bir dəfə isə Həzrəti Peyğəmbər (s) Həsəni çiyni üstə götürüb belə buyurdu: «Allahım, bu uşağın sayəsində ümid edirəm ki, ümmətimi (bütün pisliklərdən) təmizləyəcəksən». Başqa bir hədisində isə belə buyurub: «Həsən və Hüseyni sevən məni də sevir, bu iki nəfərlə düşmənçilik edən isə mənimlə düşmənçilik edir. Həsən və Hüseyn cənnət cavanlarının ağasıdır». Başqa bir hədisdə isə: «Həsən və Hüseyn Allah ərşinin iki qoşa nurudur ki, Allahın cənnəti onlarla fəxr edir» - deyə buyurmuşdur.

İMAM HƏSƏNİN (Ə) XÜSUSİYYƏTLƏRİ
İmam Həsən (ə) kamillik yolunu getmək istəyənlərə fərdi və ictimai siması ilə bənzərsiz bir bələdçi ola biləcək bəşəriyyət simvollarından biridir. Bu haqda nəql edilən rəvayətləri ətraflı şəkildə burada qeyd edə bilmədiyimizdən, bir neçəsi ilə kifayətlənirik:
O həzrətin ibadətdə parlaq siması bəşəriyyət tarixinə gözoxşayan bir gözəllik vermişdir. Bir rəvayətə görə, imam Həsən (ə) buyurmişdur: “Allahın evinə piyada getmədiyim halda, Allahımla görüşməkdən həya edirəm.” Buna görə də, o həzrət iyirmi dəfə Mədinədən Məkkəyə piyada getmişdi. (“Əxbari-İsfahan”, Əbu Nəim İsfahani, c.5, s.44.) Yenə nəql olunmuşdur: “İmam Həsən (ə) iyirmi beş dəfə piyada olaraq həcc səfərinə getdi.” (“Tarixi-xuləfa”, Süyuti, s.73.)
 
O həzrətin diqqətə çarpan ən önəmli xüsusiyyətlərindən biri də, tarixçilərin dilində dastan olmuş xeyirxahlığı və comərdliyi idi. Bir rəvayətdə belə deyilir: “Bir nəfər o həzrətin hüzuruna gələrək möhtac olduğunu bildirdi. İmam “ehtiyacını yazıb gətir” – deyə buyurdu. O, yazıb gətirdikdə, ehtiyacından ikiqat artığını ona əta edərək razı saldı. (“Əl-məhasin”, Beyhəqi, s.55.)
 
O həzrətin əxlaqi xüsusiyyətlərindən biri də, səbirli və yumşaqxasiyyətli olması, riya və özünügöstərməkdən çəkinməsi idi. Bu haqda da bir çox hədislər nəql edilmişdir ki, biz burada onlardan sadəcə biri ilə kifayətlənirik:
 
Bir nəfər şamlı deyir: “Bir gün Mədinədə çox gözəl və yaraşıqlı simaya sahib olan, əyninə təmiz paltar geyinən və bəzədilmiş bir qatıra minən bir şəxsi gördüm. Kim olduğunu soruşduqda, “Həsən ibn Əli ibn Əbu Talibdir (ə)” – dedilər. Bu zaman qəzəb atəşi bütün bədənimi bürüdü və Əli ibn Əbu Talibin (ə) belə bir övlada sahib olduğuna qısqandım. Yanına gedib “Sən Əbu Talibin oğlusanmı?” – deyə soruşduqda, “Mən Əbu Talibin oğlunun oğluyam!” – deyə buyurdu. Elə həmin anda onu təhqir və söyüş yağışına tutdum. Sözlərimi bitirdikdən sonra, o, “Bu şəhərdə qəribsənmi?” – deyə məndən soruşdu. Dedim: “Bəli, qəribəyəm.” Buyurdu: “Mənimlə gəl, əgər evin yoxdursa, qalmağa yer verər, pulun yoxdursa, kömək edər və bütün ehtiyacını ödəyərəm.” Ayrılıq vaxtı yer üzündə o həzrətdən daha çox kimisə sevmədiyim duyğusu ilə ondan ayrıldım.” (“Əl-kamilu fi zuəfair-rical”, İbn Ədiy, c.3, s.1187.)
İslam nöqteyi-nəzərindən varlı və imkanlı şəxslər kasıb və imkansız şəxslərə qarşı böyük məsuliyyət daşıyırlar. Dərin mənəvi əhdlər və müsəlmanlar arasında bərqərar olmuş dini qardaşlıqlara əsasən, varlılar kasıbların ehtiyaclarını mümkün qədər təmin etməyə çalışmalıdırlar. İslam Peyğəmbəri (s) və dini rəhbərlər (imamlar) bu barədə təkcə sifariş deyil, həm də hər biri öz zamanında insansevərlik nümunəsi olmuşlar.
 
İkinci imam elm, təqva, zahidlik və ibadətlə yanaşı, öz dövrünün səxavətli şəxsi, məzlumların və miskinlərin köməkçisi kimi tanınmışdır. O həzrətin vücudu dərdli ürəklərin, imkansızların pənahı, ehtiyacı olanların ümid yeri idi. Belə ki, bir kasıb belə onun evindən əliboş geri qayıtmazdı. Qəlbi sınmış hər hansı bir şəxs dərdini ona açıb söyləsəydi, İmam (ə) onun dərdinə mütləq bir məlhəm qoyardı. Hətta bəzi vaxtlar imkansız şəxs özü ehtiyacını deməzdən qabaq İmam (ə) onun ehtiyacını ödəyər və ona utanmağa icazə verməzdi.
İMAM HƏSƏNİN (Ə) ŞƏHADƏTİ
Müaviyənin öz hakimiyyəti dövründə törətdiyi dəhşətli cinayətlərdən biri də Rəsulullahın (s) məhəbbət bəslədiyi imam Həsən Müctəbanı (ə) şəhadətə yetirməsi idi. Tarixdə bu faciə açıq-aşkar qələmə alınmışdır. Bu cinayət belə həyata keçirildi: Müaviyə hiyləgərcəsinə bir sui-qəsd təşkil edərək Əşəs ibn Qeysin qızından (imam Həsənin (ə) həyat yoldaşı) istifadə etməklə İmamı zəhərləyərək şəhadətə yetirdi. Beləliklə, bütün ömrü boyu hiyləgər və xain kimi tanınan Müaviyənin ikiüzlü və nifaq törədən siması bir daha bu cinayətdə camaatın gözü önünə sərgiləndi.
 
Təbəri imam Həsən Müctəbaya (ə) dəfələrlə zəhər verilməsinə baxmayaraq, hər dəfə xilas olduğunu, lakin sonuncu dəfə ciyəri parçalanaraq ağzından gəldiyi və bu yolla şəhid olduğunu Ümmü Bəkr binti Müsəvvərdən nəql etmişdir. (“Əl-muntəxəbu min zeylil-muzil”, Təbəri, s.514, Misir, “Darul-məarif” çapı.)
 
O həzrətin dəfn mərasimindəki məzlumiyyəti diqqəti daha çox cəlb edir. İmam Həsənin (ə) yaxınları və şiələri o həzrəti öz vəsiyyətinə uyğun olaraq, İslam Peyğəmbərinin (s) məzarı kənarında dəfn etmək istədikdə, Bəni-Üməyyədən bir qrupu Peyğəmbərin (s) zövcəsi Ayişə ilə birlikdə buna qarşı çıxdı. Bu zaman Mərvan ibn Həkəm bu fitnəkarların arasından səslənərək dedi: “Osman “Bəqi”nin ən uzaq bir yerində dəfn edildiyi halda, Həsən ibn Əlinin (ə) Rəsulullahın (s) evində dəfn edilməsinə icazə verəcəyimizi sanırsınızmı?” (“Əl-mənaqib”, İbn Şəhr Aşub, c.2, s.175.)
 
Fitnəkar şəxs qatıra minərək miras yolu ilə Peyğəmbərin (ə) evinə sahib olduğunu iddia edir və canı bahasına olsa belə, imam Həsənin (ə) Rəsulullahın (s) qəbrinin kənarında dəfn edilməsinə mane olacağını bildirirdi. Bu kədərli hadisədən sonra imam Həsəni (ə) “Bəqi” qəbiristanlığında dəfn etdilər.
Rza Şükürlü

 

Google+ WhatsApp ok.ru