İmam Hüseynin (ə) şəxsiyyəti haqqında qısa işarə

İmam Hüseynin (ə) şəxsiyyəti haqqında qısa işarə

Bir qrup tarixçinin qeydlərinə əsasən, İmam Hüseyn (ə) 4-cü hicri-qəməri ilində çərşənbə axşamı və yaxud cümə axşamı, Şaban ayının 5-də dünyaya gəlmişdir. («İrşad», Müfid, səh.368; «Mənaqib», İbn Şəhr Aşub, c.4, səh.84.)

Amma İmam Hüseynin (ə) doğum tarixi ilə əlaqədar söylənilən digər nəzərə görə, o Həzrət 3-cü hicri-qəməri ilinin Şaban ayının 3-də dünyaya göz açmışdır. («İqbal», Seyid ibn Tavus, c.3, səh.303; «Kafi», Kuleyni, c.1, səh.201.)

Əllamə Məclisi bu fikirayrılıqlarını vurğuladıqdan sonra yazır: “Ən məşhur nəzər o Həzrətin (ə) Şaban ayının 3-də dünyaya gəlməsidir.” («Biharul-ənvar», c.44, səh.201.)

Allah Rəsulunun (s) göstərişi ilə, o Həzrətin adını Hüseyn qoydular.

Bəzi tarixçilər belə yazır: “Həmin mühitin camaatı bundan öncə Həsən və Hüseyn adları ilə tanış deyildilər ki, övladlarına bu adları qoysunlar. Bu iki ad Allah tərəfindən Peyğəmbərə (s) vəhy olunmuşdu ki, Əli (ə) və Fatimənin (s.ə) övladlarına qoysun. («Usdul-ğabə», c.2, səh.9.)

Onuncu əsrin və əhli-sünnənin tanınmış alimlərindən olan Cəlaləddin Süyuti belə nəql edir: “Həsən və Hüseyn adı Cənnət əhlinin adlarındandır və ərəb xalqı bundan öncə həmin adları öz övladlarına qoymurdu. («Tarixul-xuləfa», səh.209.)

İmam Hüseyn (ə) İslam cəmiyyəti və həmin zamandakı müsəlmanlar arasında spesifik şəxsiyyətə malik idi, çünki o, xanım Fatimeyi-Zəhranın (s.ə) övladı idi və elə həmin səbəbdən, Allah Rəsulunun (s) övladı da adlanırdı. Allah Rəsulunun (s) göstərdiyi xüsusi məhəbbət və onlar barəsində söylədiyi dəyərli sözlərə görə, bu iki şəxsiyyət (İmam Həsən (ə) və İmam Hüseyn (ə)) bütün müsəlmanların diqqət mərkəzində idi.

Burada Allah Rəsulunun (s) Həzrət Hüseyn (ə) barədə buyurduğu kəlamların və məhəbbət dolu rəftarlarının bir sıra nümunələrinə diqqət yetirək:

a) İslam Peyğəmbəri (s) İmam Həsən (ə) və İmam Hüseyn (ə) barəsində bu məşhur cümləni buyurmuşdur:

الحسن و الحسين سَيِّدا شَبَابِ اَهْلِ الْجَنَّةِ

«Həsən və Hüseyn Cənnət gənclərinin ağasıdır.»

(Bu hədis müxtəlif ibarələrlə şiə və əhli-sünnə qaynaqlarında nəql edilmişdir. O cümlədən, «Müsnədi-Əhməd», c.3, səh.3, 62, 64 və 82; «Sünəni-Tirmizi», c.5, səh.321; «Mustədrək», Hakim Neyşapuri, c.3, səh.167; «Biharul-ənvar», c.43, səh.21, 25, 124, 191-192.)

b) Bir hədisdə belə qeyd edilir: Bir qrup müsəlman Allahın Rəsulu (s) ilə qonaqlığa gedirdi. Həzrət (s) də onların önündə hərəkət edirdi. Yol əsnasında İmam Hüseyni (ə) gördü. Allahın Rəsulu (s) onu qucağına almaq istədikdə, İmam Hüseyn (ə) o tərəf-bu tərəfə qaçmağa başladı. Peyğəmbər (s) təbəssümlə bu vəziyyəti müşahidə edirdi və nəhayət, onu qucağına aldı. Sonra bir əli ilə onun başının arxasından, digər əli ilə də çənəsindən tutaraq mübarək dodaqlarını İmam Hüseynin (ə) dodaqlarına yapışdırdı, onu öpdü və buyurdu:

حُسَيْنٌ مِنِّي وَ اَنَا مِنْ حُسَيْنٍ، اَحَبَّ اللهَ مَنْ اَحَبّ َحُسَيْنًا

«Hüseyn məndən, mən də Hüseyndənəm! Kim Hüseyni sevərsə, Allah da onu sevər.» («Müsnədi-Əhməd», c.4, səh.172; «Sünəni-İbn Macə», c.1, səh.51.)

c) Allahın Rəsulu (s) Həsən və Hüseyni (ə) öz çiyninə mindirər, şeirlər oxuyaraq onları əzizləyərdi. («Kənzul-ummal», c.13, səh.664, 666-667.)

d) Allahın Rəsulu (s) minbərdə xütbə oxuduğu zaman, bəzən Həsən (ə) və Hüseyni (ə) gördükdə, minbərdən enər və hamının gözü qarşısında onları bağrına basardı, onların yüksək məqamını hamıya tanıtdırsın deyə, onlara sevgi və məhəbbət göstərərdi. («Biharul-ənvar», c.43, səh.284.)

f) Bir hədisdə belə nəql olunur:

سئل رسول الله (ص) أي أهل بيتك أحب إليك؟ قال: الحَسَن والحُسَيْن و كان يشمهما ويضمهما إليه

“Peyğəmbərdən (s) “Ailə üzvlərinizdən hansı biri sizin üçün daha sevimlidir?” – deyə soruşulduqda, cavabında buyurardı: “Həsən və Hüseyn!” O Həzrət daimonları öpər və onları öz sinəsinə sıxardı.” (“Siyəru əlamin-nubəla”, c.4, səh.382; Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi, Ayətullah Məkarim Şirazi, səh.30-33.)

Maide.az – Maarif bölümü

Google+ WhatsApp ok.ru