İMAM HÜSEYNİN (Ə) QIZI XANIM SƏKİNƏNİN (Ə.S.) HƏYATINA QISA BİR BAXIŞ

Rəbiül-əvvəl ayının 5-i (Noyabrın 24-ü) imam Hüseynin (ə) qızı xanım Səkinənin (s.ə.) vəfat günü olduğundan, onun həyatı ilə bağlı qısa məlumatı əziz oxucularımızın diqqətinə çatdırırıq:

 Tarixi mənbələrdə İmam Hüseynin (ə) qızı Səkinənin (ə.s.) adı Aminə, Əmniyyə və Amənə kimi qeyd olunmuşdur. Səkinə isə onun ləqəbidir. Anasının adı Rübabdır. Tarixdə Səkinənin (ə.s.) təvəllüdü ilə bağlı dəqiq məlumat verilməsə də Kərbəla vaqiəsində onun 10-13 yaşında olduğu göstərilir. Bunu nəzərə alaraq, onun 47-50-ci hicri-qəməri illərində və İmam Həsənin (ə) imamətinin son dövrlərində Mədinə şəhərində dünyaya göz açdığını demək olar. 67-70 il ömür sürmüş və nəhayət, 117-ci hicri-qəməri ilində Mədinədə, başqa nəzərə görə, “Ümrə həcci” zamanı Məkkədə dünyadan köçmüşdür. Bəzi tarixçilər isə onun Dəməşq şəhərində “Babus-səğir məqbərəsi”ndə dəfn olunduğunu yazmışlar və onun Dəməşq şəhərindəki qəbri şiələrin ziyarətgahına çevrilmişdir.

(Rəyahinuş-şiə”, 3-cü cild, səh. 280-281). 

İMAM HÜSEYN (Ə) AŞURA GÜNÜ QIZI SƏKİNƏ İLƏ VİDALAŞIR

İmam Hüseyn (ə) Aşura günü qadın və uşaqlarla vidalaşdığı zaman o həzrətin Səkinəyə məhəbbəti və bağlılığı diqqəti cəlb edir. O həzrət səhabə və köməkçiləri şəhadətə çatdıqdan sonra vəfalı insanlardan ibarət olan əhli-beyti ilə vidalaşmaq üçün xeymələrə sarı üz tutub deyir:

“Ey Səkinə! Ey Fatimə! Ey Zeynəb! Ey Ümmü-Gülsüm! Salam olsun sizə! Bu görüşün son anlarıdır!” 

Qadın və uşaqlar İmamın (ə) səsini eşitcək vidalaşmaq üçün onun ətrafına yığılırlar. İmamın istəkli qızı Səkinə özünü saxlaya bilməyib qışqırır: 

- Atacan! Belə vidalaşmaqda ölüməmi gedirsən? 

İmam (ə) buyurur:

- Ey gözümün nuru! Heç bir dostu, köməyi olmayan şəxs, necə ölümə getməsin? 

Sonra Əhli-beyt qadınları ağlamağa başlayır və İmam (ə) onları sakitləşdirir. 

İmamın (ə) Səkinə ilə söhbətindən ayrılıq və tənhalıq qoxusu gəliridi. Elə buna görə də Səkinə qadın və uşaqlardan ayrılıb, ağlaya-ağlaya xeymənin bir küncünə çəkilir. O, atasını bundan artıq narahat etmək və qəmləndirmək istəmirdi. İmam Hüseyn (ə) bu vəziyyəti müşahidə etdikdə, atından düşüb qızını yanına çağırır. O həzrət Səkinəni çox sevirdi. Onu sinəsinə sıxıb, gözlərinin yaşını silir və buyurur:

"Ey Səkinə, bil ki, məndən sonra çox ağlayacaqsan, amma hələki, bədənimdə can var, ayrılığımız kədər və göz yaşları ilə olmasın!" 

SƏKİNƏNİN (ə) YUХUSU 

Xanım Səkinə (ə) dеyir: 

Dörd gün idi ki, Şamda əsir idik. Bir yuхu gördüm. Gördüm ki, bir qadın kəcavədə oturmuş və əllərini başına qoymuşdur. Soruşdum:

- O qadın kimdir? 

Dеdilər:

- Mühəmmədin (s) qızı Fatimə və sənin nənəndir. 

Dеdim:

- Onun yanına gеdib bizə rəva görülən zülmlərdən şikayət еdəcəyəm. 

Sonra sürətlə onun yanına gеtdim. Qarşısında durub ağlayaraq dеdim:

ا أُمّاهُ جَحَدُوا وَ اللهِ حَقَّنا يا أُمّاهُ بَدَّدوا وَ اللهِ شَملَنا يا أُمّاهُ استَباحُوا وَ اللهِ حَرِيمَنا يا أُمّاهُ قَتَلُوا وَ اللهِ الحُسَينَ أَبانا

- Anacan, Allaha and olsun, bizim haqqımızı inkar еtdilər! Anacan, Allaha and olsun, bizi əsir еtdilər! Anacan, Allaha and olsun, bizə hörmətsizlik etdilər! Anacan, Allaha and olsun, atamız Hüsеyni (ə) öldürdülər!

Fatimeyi-Zəhra (s.ə.) buyurdu: 

- Səkinə, daha bəsdir, danışma! Ürəyimi yandırdın. Bu atan Hüsеynin (ə) köynəyidir və onu Allahla görüşənə qədər özümlə saxlayacağam.

(“Lühuf”, Seyid ibn Tavus, səh.137). 

XANIM SƏKİNƏ (S.Ə.) VƏ HAQQIN MÜDAFİƏSİ

Dini dəyərlərin qorunub-saxlanılması ilahi rəhbərlərin müqəddəs hədəflərinin bir hissəsini təşkil edir. Onlar zaman və məkana uyğun olaraq dini dəyər və ayinlərin nəşrində əllərindən gələni əsirgəməmişlər. Əhli-beyt (ə) övladları da öz ata-babaları kimi düzgün üslubdan istifadə etməklə haqq ilə batilin qarşıdurmasında batil düşməni rüsvay etmiş, şəhidlərin qanını müdafiə etməklə onların müqəddəs hədəflərini yaşatmışlar.

Xanım Səkinə (ə.s.) də belə insanlardan biridir. O, əsarətdə ikən hamının qarşısında zalımın müqabilində dayandı. Yezidin xanım Zəhranın (s.ə.) övladı İmam Hüseynin (ə) müqəddəs başına hörmətsizliyini müşahidə etdikdə, fəryad edərək dedi: 

- Allaha and olsun ki, Yeziddən daşürəkli, kafir, müşrik, çirkin və zülmkar bir şəxs görmədim.

“Nəfəsül-məhmum”, səh.207.) 

Yezid:

- Hüseyn haqqı inkar etdi, qohumluq əlaqələrini qırdı, rəyasət və rəhbərliyi ələ keçirmək üçün mənimlə müharibəyə qalxdı! – deyəndə, xanım Səkinə (s.ə.) ona belə cavab verdi: 

- Ey Yezid, atamı öldürdüyün üçün sevinmə! O, Allaha və Peyğəmbərinə müti idi, Haqqın dəvətini qəbul etdi və şəhadət məqamına nail oldu. Bir gün gələcək ki, səni sorğu-suala tutub cəzalandıracaqlar, özünü cavab vermək üçün hazırla! Amma sən necə cavab verəcəksən?!

(“Müntəxəb”, Türeyhi, səh.457). 

Allahın salam və salavatı olsun İmam Hüseynin (ə) qızı xanım Səkinəyə (s.ə.)!

Rza Şükürlü (Maide.Az)

 

Google+ WhatsApp ok.ru