İMAM KAZİMİN (Ə) HƏYATI

İmam Kazimin (ə) mövludu və dünyaya gəlişi münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə çatdırırıq:
 
İMAM KAZİMİN (Ə) ŞƏXSİYYƏTİ
 
Adi: Musa
Ləqəbi: Kazim
Künyəsi: Əbülhəsən
Atası: İmam Sadiq (ə)
Təvəllüdü: 128-ci hicri-qəməri ili
İmamlıq müddəti: 35 il
Ömrü: 54 il
Şəhadəti: 182-ci hicri-qəməri ili, Abbasi xəlifəsi Harunun əmri ilə zəhərlənərək şəhid edildi.
Məzarı: İraq, Kazimeyn şəhəri
 
Şiələrinin yeddinci imamı həzrət Musa ibn Cəfər (ə) çox səbirli olduğu, qəzəb və hiddətini udduğuna görə, müsəlmanlar, xüsusən, şiələr ona “Kazim “ləqəbini vermişdilər. İmam Kazim (ə) hicrətin 128-ci ilində – bəzi qaynaqlara əsasən, hicrətin 129-cu ilində – Məkkə ilə Mədinə arasında yerləşən Əbva məntəqəsində dünyaya göz açıb. O həzrətin anasının adı Həmidə Bərbəriyyə idi. İmam Kazim (ə) hicrətin 182 və yaxud 183-cü ilinin Rəcəb ayının 25-də, zalım Abbasi xəlifəsi Harunər-Rəşidin Bağdaddakı zindanında şəhadətə yetmişdir. Bəzi mənbələr o həzrətin şəhadətini Rəcəb ayının 5-i, bəzisi isə Rəcəb ayının 6-ı yazıblar.
İmam Kazim (ə) əziz atasının şəhadətindən sonra, hicrətin 148-ci ilində şiələrin rəhbərliyini öz öhdəsinə götürmüş və mübarək ömrünü Mədinə və Bağdadda keçirmişdir. O həzrət elm, təqva, zöhd və ibadət baxımından öz zamanının ən öndə gedəni idi. Şeyx Müfid o həzrət haqqında belə yazır: “Əbülhəsən Musa (imam Kazim) (ə) öz zamanının ən abidi, ən fəqihi və ən səxavətlisi idi.” (“Əl-irşad”, s. 277.) Şeyx Təbərsi yazır: “İmam Kazim (ə) Allahın kitabını qorumaqda ən öndə gedənlərdən idi... Mədinə əhalisi onu “Allaha ibadətdə səy edənlərin zinəti” adı ilə adlandırmışdı.” (“Əlamul-vəra”, Əbu Əli Fəzl ibn Həsən Təbərsi, 298.)
 
İMAM KAZİMİN (Ə) MÜASİRİ OLMUŞ XƏLİFƏLƏR
 
Hicrətin 148-ci ilində imam Sadiq (ə) şəhid olduqdan sonra imam Kazimin (ə) imamlıq dövrü başlamışdır. O həzrət imam olduğu müddət ərzində aşağıda adları çəkilmiş xəlifələrlə müasir olmuşdur:
Mənsur Dəvaniqi (137-158 h.q);
Məhəmməd Mehdi Abbasi (158-169);
Musa Hadi (169-170);
Harunər-Rəşid (170-193).
 
İMAM KAZİMİN (Ə) GÖZƏL ƏXLAQINDAN NÜMUNƏLƏR
 
1. İmam Kazimin (ə) səxavəti:
İmam Kazim (ə) insanların ən səxavətlisi idi və yoxsullara, məhrumlara hamıdan çox kömək edərdi. Mədinənin əksər yoxsulları onun yardım və ehsanları ilə dolanardı. O həzrət gecənin qaranlığında yoxsullara yardım edər, amma onlar kömək edən şəxsi tanımazdılar. İmam Kazim (ə) həmişə buyurardı: “Məğfirət və bağışlanmağa səbəb olan əməllərdən biri də yoxsulları yedizdirməkdir.” (“Həyatul-imam Musa ibn Cəfər (ə)”, 1-ci cild, səh. 155.)
 
2. İmam Kazimin (ə) zahidliyi:
İmam Kazim (ə) dünyanın ləzzət və zinətlərindən tamamilə uzaq idi və yoxsullar kimi yaşayardı. Onun dünyada zahidliklə yaşaması yoxsulluqdan irəli gəlmirdi. Çünki onun çoxlu xurma bağı və bərəkətli tarlası var idi. O həzrət bütün mal-dövlətini din naminə yoxsullara sərf edirdi. Həmişə öz səhabələrinə zahidlikdə ali nümunə olan böyük səhabə Əbuzər Qifarinin həyatından danışar və buyurardı: “Allah Əbuzərə rəhmət etsin. O deyərdi ki, səhər-axşam yediyim iki arpa çörəyindən, yatarkən üstümə örtdüyüm bir yorğan, geyindiyim iki yun paltardan başqa Allah bütün dünya nemətlərinı gözümdən salmışdır.”
 
3. İmam Kazimın (ə) qulları azad etməsi:
İmam Kazimin (ə) əxlaqi səciyyələrindən biri də qulları köləlik zəncirindən xilas etmək idi. Rəvayətlərdə o həzrətin min qul azad etdiyi nəql olunmuşdur. 
 
4. İmam Kazimin (ə)Allaha sığınması:
İmam Kazim (ə) yalnız Allah-Taalaya sığınar, Onun itaət ipindən yapışar və başqalarından ümidini üzərdi. O həzrətin Allah-Taalaya itaətindən bəzi nümunələrə diqqət yetirək:
1. Allah-Taalanın qorxusundan ağlaması:
İmam Kazim (ə) Allah-Taaladan qorxan ən təqvalı və abid şəxs idi. Ravilər onun Allah-Taaladan qorxusu haqda belə nəql etmişlər: “İmam Kazim (ə) Allah-Taalanın qorxusundan o qədər ağlayırdı ki, mübarək saqqalı göz yaşlarından tamamilə islanardı.” 
2. Allah-Taalaya çox səcdə etməsi:
Şeybani belə nəql edir: “İmam Kazim (ə) həmişə günəş doğandan günortaya qədər, hər gün səcdədə qalardı.” O həzrət səcdəsinin çoxluğundan səcdə üzvləri qabar bağlamışdı. Onun qulamı deyir: “İmamın (ə) səcdə üzvləri, alnı və burnu qabar bağlamışdı.” (“Biharül-ənvar”, 11-ci cild, səh. 298.)
 
İMAM KAZİMİN (Ə) SİYASİ RƏFTARI
 
İmam Kazimin (ə) yaşadığı dövr Abbasi hakimlərinin zülm və despotizminin ilk mərhələsi ilə eyni vaxta təsadüf etmişdi. Onlar Ələvilər adı ilə hakimiyyəti ələ keçirdikdən sonra, az bir müddət ərzində xalqa və xüsusilə, Ələvilərə qarşı çox yumşaq və mülayim rəftar etdilər. Amma hakimiyyəti tam əllərinə keçirib soltanlıq təməllərini möhkəmləndirdikdə və digər tərəfdən, Ələviləri himayə etmək məqsədilə baş qaldıran dağınıq qiyamlardan narahat olduqda, zülm etməyə, xalqı təzyiq altında saxlamağa və müxaliflərini əzməyə başladılar. Onlar, hətta Abdullah ibn Əli kimi yaxın dostlarını Səffahın yerinə başqasını gətirmək üçün gizli işlər gördüyünü bəhanə gətirərək öldürdülər. Həmçinin Əbu Müslim Xorasani və Əbu Sələmə kimi ən yaxın dostlarını da Abbasiləri hakimiyyətdən salmaq bəhanəsilə həyata keçirtdikləri gizli işləri səbəb göstərərək öldürdülər. Mənsur, Ələvilərin böyük bir qrupunu şəhadətə yetirdi. (“Tarixi-Fehri”, s. 221-222.)
 
İmam Sadiqin (ə) zamanından etibarən başlayan təzyiq sistemi Məmunun xəlifə olduğu və imam Rzanın (ə) yaşadığı dövrə qədər şiddətli şəkildə davam etdi. Məmunun xilafəti dövründə xalq azacıq da olsa, siyasi əmin-amanlıq hiss etdi. Lakin çox keçmədi ki, hakim dairələrin xalqla kobud rəftarı, təzyiq və zülmləri yenidən başladı. Abbasilərin siyasi təzyiqləri başlamazdan öncə, imam Baqir (ə) və imam Sadiq (ə) öz dövrlərində çox sayda şagirdlər tərbiyə etməklə şiələrin elm və hədis sahəsindəki təməllərini möhkəmləndirmiş və şiələr arasında böyük bir hərəkat yaratmışdılar.
 
İmam Kazim (ə) belə bir dövrdən sonra həmin təzyiqlərin mərkəzində qaldı. Eyni zamanda, bu elmi hərəkatda şiələrin təfəkkür müvazinətini qorumaq da İmamın öhdəsinə düşən vəzifələrdən biri idi. Təbii ki, Abbasilər imam Kazimin (ə) rəhbərliyi ilə “şiə” adlı zümrəni qəbul etmək fikrində deyildilər. Elə bu da onların imam Kazimi (ə) təzyiqlər altında saxlamalarının ən mühüm amili idi.
İmam Kazimin (ə) dövründə şiələr hakim dairələrin şiddətli təzyiqinə məruz qalmışdılar. Bu dönəmdə şiələr və Ələvilər tərəfindən xəlifələrə etiraz məqsədli bir çox qiyamlar reallaşdı. Bu qiyamlardan ən önəmlisi “Fəxx” şəhidi Hüseyn ibn Əlinin Hadi Abbasinin hökumətinə qarşı reallaşdırdığı və Harunun zamanında Abdullahın oğulları Yəhya və İdrisin təşkil etdikləri qiyamlardır.
Mehdi Abbasinin onillik hakimiyyəti dövründə İmam (ə) tədris etmək, hədis söyləmək, şagird yetişdirmək və müxtəlif məntəqələrdə olan şiə rəhbərləri ilə əlaqə yaratmaqla məşğul idi.
 
Mehdi Abbasi imam Kazimin (ə) xalqa verdiyi ənam və bəxşişlərdən qorxuya düşmüşdü. O, ehtimal verirdi ki, İmam topladığı pullardan şiələri gücləndirmək və təşkilatlandırmaq üçün istifadə edir. Elə bu səbəbdən, Mədinədəki valisinə İmamı tutmasını əmr etdi. O da İmamı tutub Bağdada göndərdi. Mehdi, İmamı zindana saldı və gecə yuxuda imam Əlini (ə) gördü ki, ona belə buyurur: “Hakimiyyətə çatdığınız üçün yer üzündə fəsad törətmək və qohumluq əlaqələrini kəsmək istəyirsiniz?” Mehdi yuxudan oyandı. Rəbi adlı qapıçısını çağırdı və imam Kazimi (ə) onun yanına gətirməsini əmr etdi. İmam gəldikdə, onu öz yanında oturtdu və dedi: “Mən yuxuda gördüm ki, Əmirəlmöminin Əli (ə) mənə bu ayəni oxuyur.” Sonra İmamdan soruşdu: “Mənim və ya övladlarımdan birinin əleyhinə qiyam etməyəcəyinə dair mənə zəmanət verirsənmi?” İmam buyurdu: “Mən bu fikirdə deyiləm.” Bundan sonra xəlifə o həzrəti Mədinəyə qaytardı. (“Nurul-əbsar” s. 136.)
 
Hicrətin 169-cu ilində Mehdinin ölümündən sonra oğlu Musa Hadi hakimiyyəti ələ aldı. Ancaq o bir ildən çox yaşamadı. Bu xəlifənin zamanında “Fəxx şəhidi” Hüseyn ibn Əli qiyam etdi və öldürüldü. Bundan sonra Musa Hadi imam Kazimdən (ə) təhlükə hiss etdiyini dilə gətirərək onu öldürəcəyinə and içdi: “And olsun Allaha, (Fəxx şəhidi) Hüseyn onun (imam Kazimin (ə)) əmrilə qiyam və ona itaət etmişdir. Çünki bu ailə içərisində vəsiyyət və nüfuz sahibi odur. Onu sağ qoysam, Allah məni öldürsün!” Məclisdə hazır olan Qazı Əbu Yusif onu sakitləşdirib dedi: “Nə Musa ibn Cəfər (ə), nə də bu ailənin övladlarından olan heç kim, xəlifələrə qarşı qiyamın doğru olduğuna inanmır.”
 
Hədisin davamında belə nəql olunur: “İmam Kazim (ə) Hadi Abbasinin hədələrini, onun vasitəsi ilə tutulmasını və şəhadətə yetcəyini eşidən zaman, ona nifrin etdi və bir neçə gündən sonra Mədinədə Hadi Abbasın ölüm xəbəri yayıldı.” (“Əl-mənaqib”, c. 2, s. 370.)
 
İMAM KAZİM (Ə) VƏ HARUNƏR-RƏŞİD
 
Harun hicrətin 170-ci ilində hakimiyyəti ələ keçirtdi və hicrətin 193-cü ilinə qədər hakimiyyətdə oldu. O, bu müddət ərzində Ələvilərə qarşı müxtəlif qarşıdurmalar yaradır, onlara əziyyət verir və onları öldürürdü. Ümumiyyətlə, deyə bilərik ki, Harunun öz zamanında şiələrə qarşı təzyiqləri əvvəlki xəlifələrin heç birinin dövrü ilə müqayisə edilə bilməz. Onun hakimiyyət zamanını Mütəvəkkilin dövrü ilə müqayisə etmək olar.
 
İmam Kazimin (ə) həbs edilməsi barədə bir çox fərqli hədislər nəql edilmişdir. Bu rəvayətlər məcmusundan aydın olur ki, imam Kazim (ə) iki dəfə Harunun əli ilə həbs olunmuşdur. Bunlardan ikincisi hicrətin 179-cu ilindən 183-cü ilinə qədər – yəni dörd il müddətində olmuşdur ki, sonunda o həzrət şəhadətə yetmişdir. İmamın birinci dəfə həbs müddətinin nə qədər olması qeyd olunmamışdır.
 
Məşhur tarixçi Məsudi yazır: “Harunər-Rəşidin evinin məsulu və onun təhlükəsizliyini təmin edən mühafizlərinin başçısı Abdullah ibn Malik Xuzai belə deyir: “Harunun mənə göndərdiyi adamlar heç gözləmədiyim bir zamanda gəlib, hətta paltarmı geyməyimə belə, fürsət vermədən məni Harunun yanına apardılar. Harunun yanına getdiyim zaman salam verib oturdum. Sükut hər yerə hakim olmuşdu. Çox çaşmışdım, içimdəki qorxu və narahatlıq hər an artırdı. Bu zaman Harun məndən soruşdu: “Abdullah, səni niyə çağırtdığımı bilirsənmi?” “Xeyr, and olsun Allaha, bilmirəm!” – dedim. Harun dedi: “Bir həbəşini yuxuda gördüm, əlində bir qılınc vardı. Mənə dedi ki, əgər dərhal Musa ibn Cəfəri (ə) sərbəst buraxmasan, sənin başını bədənindən ayıracağam. Abdullah, dərhal get, onu sərbəst burax, ona otuz min dirhəm ver və de ki, burada qalmaq istəyirsə, qalsın, bütün ehtiyaclarını biz qarşılayacağıq, əgər Mədinəyə dönmək istəyirsə, yol hazırlıqlarını yerinə yetir!” Bunlara inanmadım, üç dəfə Harundan soruşdum: “Musa ibn Cəfəri (ə) azad etməyimi əmr edirsiniz?” Hər dəfə bu sözlərini təkrarladı və buna israr etdi. Harundan ayrılıb zindana girdim və İmama dedim: “Mənə sizi azad etmək və sizə otuz min dirhəm vermək əmr olunmuşdur.” İmam (ə) mənim sözlərimi eşidəndən sonra buyurdu: “Cəddim Rəsulullahı (s) indi yuxuda gördüm. O həzrət mənə buyurdu: “Ey Musa! Sən haqsız yerə, məzlum olaraq həbs olunubsan. Bu duanı oxu, elə bu gecə zindandan çıxacaqsan!” Daha sonra İmam (ə) həmin duanı oxudu.
 
İMAM KAZİMİN (Ə) ŞƏHADƏTİ
 
Harunər-Rəşid 179-cu hicri ilində həccə getdiyi zaman Mədinəyə də döndü. Harunu qarşılamağa gələn Mədinə böyükləri arasında imam Kazim (ə) də var idi. Harun, İmamın gizli fəaliyyətlərindən xəbərdar olduğu üçün, Rəsulullahın (s) məzarının kənarına gələn zaman Rəsulullahın (s) qəbrinə xitab olaraq belə dedi: “Ey Rəsulullah, edəcəyim bir işdən ötrü səndən üzr istəyirəm. Mən Musa ibn Cəfəri (ə) həbs edib zindana atmaq istəyirəm. Çünki o, sənin ümmətin arasında ixtilaf yaratmaq və onların qanının tökülməsini istəyir.” (“Əl-irşad”, s. 280.)
 
Camaat imam Kazimi (ə) Rəsulullahın (s) övladı bildikləri üçün Harun məsələnin zahirini belə qurdu. O, Rəsulullahdan (s) üzr istəməklə gördüyü işi yozmaq istəyirdi. Harun həmin yerdə imam Kazimin (ə) həbs olunma əmrini verdi. Beləliklə, iki karvan hazırlanıb birinin Kufəyə, digərinin isə Bəsrəyə tərəf yollanmasına göstəriş verildi. O, İmamı bu karvanların biri ilə yola saldı. Bunu görməkdə məqsədi o idi ki, camaat İmamın harada həbs olunduğunu bilməsin.
 
Əbül-Fərəc İsfahani bunu nəql etdikdən sonra yazır: “Harun imam Kazimi (ə) Bəsrə hakimi İsa ibn Mənsurun yanına göndərdi. İmam bir müddət onun zindanında qaldı, amma İsa bu işdən yorulub İmamı başqa birinə təslim etmək üçün Haruna bir məktub yazdı və onu digər bir şəxsə təhvil verməyəcəyi təqdirdə, İmamı sərbəst buraxacağını söylədi. Çünki İsa bu müddət ərzində İmamın əleyhinə bir dəlil tapmaq üçün çox çalışsa da, bir dəlil tapa bilmədi.”
 
Ən maraqlısı odur ki, İsa öz məktubunda belə yazır: “Hətta o, Allaha dua etməklə məşğul olduğunda da sənin və ya mənim haqqımda qarğış edib-etmədiyini öyrənmək üçün İmamın dualarını dinləyirdim, amma o, həmişə Allahdan özü üçün rəhmət və bağışlanmaq diləyirdi.” (“Məqatilut-talibiyyin”, Əbül-Fərəc İsfahani, s. 335.)
 
Ondan sonra İmam (ə) Fəzl ibn Rəbiyə təslim edildi. İmam (ə) uzun müddət onun zindanında qaldı. Fəzldən İmamı (ə) öldürməsini istədilər, ancaq o, bu işdən boyun qaçırdı. Ondan sonra İmamı (ə) Fəzl ibn Yəhyaya təslim etdilər. İmam (ə) bir müddət də onun zindanında qaldı. Tarixçilərin nəqlinə görə, Fəzl ibn Yəhya İmama (ə) hörmətlə yanaşırdı. İmam Kazimin (ə) orada sərbəst olması Haruna xəbər verildi. Harun bu zaman “Rəqqə” şəhərində idi. Harun bu xəbəri eşitcək əsəbiləşdi və xəlifəyə qarşı üsyan etdiyinə görə həmin məclisdə Fəzl ibn Yəhyaya lənət və qarğış edilməsini əmr etdi. Bu işə görə, Fəzl ibn Yəhyaya yüz qırmanc da vuruldu. Həmin hadisədən sonra, imam Kazim (ə) Sindi ibn Şahiq adlı bir zindançıya təhvil verildi.
 
Yəhya ibn Xalid bu hadisədən narahat olaraq Harunun yanına getdi. Fəzlin törətdiyi hadisəyə görə üzr istəyərək İmamı (ə) Sindi İbn Şahiqin əli ilə şəhid etdi və beləcə, Harunun istəyini yerinə yetirdi. (“Kəşful-ğummə fi mərifətil əimmə”, Əli ibn İsa İrbili, c. 2, s. 234.)

Google+ WhatsApp ok.ru