İMAMLARIN ELMİ MƏNBƏLƏRİ – MƏLƏKLƏRLƏ ƏLAQƏ VƏ “RUHUL-QUDUS”UN TƏLQİNİ (3)

Mələklərlə əlaqə: İmamların elmi mənbələrindən biri də mələklərlə rabitədən əldə etdikləridir. Əlbəttə, bu onların peyğəmbər olduğunu göstərmir. Bildiyimiz kimi, İslam Peyğəmbəri (s) ilahi elçilərin sonuncusu olmuş və o həzrətin vəfatı ilə ilahi vəhy kəsilmişdir. Qurani-Kərim ayələrinə əsasən, Xızr (ə), Zülqərneyn (ə) və Məryəm (ə) kimi müqəddəs şəxslər mələklərlə əlaqə saxladığı kimi, imamlar da qeyb aləminin həqiqətlərindən xəbərdar olurdular. İmam Baqirdən (ə) nəql olunan bir hədisdə buyurulur: Həqiqətən, Əli (ə) “mühəddəsidi.” (Yəni o həzrət qeyb aləmindən söz alırdı.) O həzrətdən: “Həzrət Əli (ə) ilə söhbət edən kim idi?” – soruşulduqda buyurdu: Onunla mələk söhbət edirdi!”

Yenə də o həzrətdən “O, peyğəmbərmi idi?” – soruşulduqda, Həzrət əlini inkar əlaməti olaraq tərpədib buyurdu: O, eynilə Süleymanın dostu (Asəf ibn Bərxiya), yaxud Musanın dostu (Yuşə ibn Nun ya Xızr), yaxud da Zülqərneyn kimi idi.” (Bu barədə çoxlu rəvayət nəql olunmuşdur. “Üsuli-kafi”, 1-ci cild, səh. 271.)

Ruhul-Qudusun (müqəddəs ruhun) təlqini: İmamların elm mənbələrindən biri də Ruhul-Qudusdan aldıqları təlqinlərdir.

Qurani-Kərimin üç ayəsində həzrət İsanın (ə) (“Bəqərə” surəsi, ayə 87, 253 və “Maidə” surəsi, ayə 110.), bir ayəsində isə İslam Peyğəmbərinin (s) (“Nəhl” surəsi, ayə 102.) “Ruhul-Qudus” vasitəsilə qüvvətlənməsindən söz açılmışdır.

“Ruhul-Qudus” kimdir, yaxud nədir?” – sualına cavab barədə təfsirçilər arasında fikirayrılığı var. Bəziləri onu Cəbrail, bəziləri həzrət İsa (ə), bəziləri İncil, bəziləri də həzrət İsanın (ə) ölüləri dirildərkən istifadə etdiyi Allahın böyük adı (“ismi-əzəm”) kimi təfsir etmişlər. ( “Kənzüd-dəqaiq”, c.2, səh.78. Bəzi məşhur təfsirçilər yalnız birinci təfsiri qeyd etmişlər. Fəxri-Razinin “təfsir”ində üç təfsir görünür: “Cəbrail, İncil və Allahın böyük adı.” (“Kəbir” təfsiri, 3-cü cild, səh. 177.)

Lakin Qurani-Kərimin ifadələri, eləcə də, bir çox rəvayətlərdən başa düşülür ki, “Ruhul-Qudus”un müxtəlif mənaları var. Onun ayrı-ayrı hallarda xüsusi və fərqli məna daşıması mümkündür. Qurani-Kərimin bir ayəsində buyurulur: “De: “Ruhul-Qudus onu Rəbbi tərəfindən haqq olaraq sənə nazil etdi!” (“Nəhl” surəsi, ayə 102.) Zahirən burada Quranı Allah tərəfindən Peyğəmbəri-Əkrəmə (s) nazil edən Cəbrail (ə) nəzərdə tutulur.

Qurani-Kərimin həzrət İsadan (ə) söz açan digər üç ayəsində onun başqa məna ifadə etdiyi nəzərə çarpır. Çünki ayələrdə qeyd olunan “əyyədəkə bi-ruhil-qudus” və yaxud “və əyyədnahu bi-ruhil-qudus” (onu müqəddəs ruhla qüvvətləndirdik) kimi ifadələrdə İsa (ə) ilə həmişə birgə olan, onu qüvvətləndirən ruha işarə olunur.

Əhli-beytdən (ə) nəql olunan rəvayətlərdən də aydın olur ki, “Ruhul-Qudus” bütün peyğəmbər və məsumlarla birlikdə olan, müxtəlif məqamlarda ilahi yardım edən müqəddəs ruhdan ibarətdir. Əhli-sünnə mənbələrində nəql olunan bir çox rəvayətlərdən də başa düşülür ki, bəzən onlar mühüm işlər gördükdə, yaxud dərinmənalı fikir və şeir söylədikdə, onu müqəddəs və pak ruhdan ilham kimi aldıqlarını xəbər verirdilər. O cümlədən, “Əd-durrul-mənsur” təfsirində nəql olunan bir hədisdə buyurulur ki, Peyğəmbəri-Əkrəm (s) İslamın məşhur şairi Həssan ibn Sabit haqda buyurmuşdur: İlahi! Peyğəmbəri müdafiə etdiyinə görə Həssanı müqəddəs ruhla qüvvətləndir!” (“Əd-durrul-mənsur”, c.1, səh.87, “Bəqərə” surəsinin 87-ci ayəsinin təfsirində. Bu rəvayətə oxşar iki rəvayət də “Səhihi-Müslim”də (c.4, səh.19 və 32, “Həssan ibn Sabitin fəzilətləri” bölümündə) nəql olunmuşdur.)

İmam Baqir (ə) məşhur Əhli-beyt (ə) şairi Kumeyt ibn Zeyd Əsədi haqda buyurmuşdur: Peyğəmbəri-Əkrəmin (s) Həssan ibn Sabit haqda duası sənə aiddir. Bizi müdafiə etdiyin vaxta qədər müqəddəs ruh səninlə olacaq!” (“Səfinətül-bihar”, 2-ci cild, səh.4954.)

İslamın qorxmaz şairi Dibel Xüzai “Mədarisul-ayat” adlı məşhur qəsidəsindən iki beyt oxuduğu zaman imam Rza (ə) ağlayaraq buyurmuşdu: Müqəddəs ruh bu iki beyti sənin dilinlə söylədi!” (“Kəşfül-ğümmə”, 3-cü cild, səh.118 və “Əlamul-vəra”, səh.331.)

Beləliklə, bir çox ayə və rəvayətlərdən məlum olur ki, Ruhul-Qudus mühüm işlərdə ilahi və mənəvi yardım göstərən ruhdan ibarətdir. Əlbəttə, bu yardım bəndələrin dərəcələrinə görə fərqlənir; Peyğəmbər və məsum imamların işlərində daha qüvvətli, başqalarında isə aşağı həddə özünü göstərir. (Əlbəttə, qeyd edək ki, bu işin mahiyyəti və təfərrüatı barədə geniş məlumat yoxdur!)

İmam Sadiq (ə) “Vəs-sabiqunəs-sabiqun, ulaikəl-müqərrəbun” manda) öncül (və təqvada) qabaqcıllar! Onlar (Allahın dərgahına) yaxın olanlardır) – ayəsinin təfsirində buyurmuşdur:

فَالسّابِقُونَ هُمْ رُسُلُ اللهِ (ع) وَخاصَّةِ اللهِ مِنْ خَلْقِهِ، جَعَلَ فِيهِمْ خَمْسَةُ اَرْواحٍ، اَيَّدَهُمْ بِرُوحِ الْقُدُسِ فَبِهِ عَرَفُوا الْاَشْياءَ...

Buradaqabaqcıllaryaranmışlar arasındakı ilahi elçilər Allahın xüsusi bəndələridir. Allah-Taala onlarda beş ruh qərar vermiş (o cümlədən,) onları müqəddəs ruhla qüvvətləndirmişdir ki, onun vasitəsilə əşyaları (olduğu kimi) tanıya bilsinlər...” (“Üsuli-kafi”, 1-ci cild, səh. 271.)

İmam Baqir (ə) bir hədisdə peyğəmbər və vəsilərdə mövcud olan beş ruhu bəyan etdikdən sonra buyurur: Onlar müqəddəs ruh vasitəsilə ərş yerin altında olanları bilirlər.” (“Üsuli-kafi”, 1-ci cild, səh. 272.)

Bu məsələ ilə əlaqədar “Üsuli-kafi” və digər kitablarda çoxlu hədis vardır ki, burada qeyd etdiklərimizlə kifayətlənirik. Bəli, müqəddəs ruh vasitəsilə ilahi yardımlar məsum imamların elmi mənbələrindən sayılır. (“Peyami-Quran” – (Qurani-Kərimdə imamət və canişinlik) kitabından nəqlən, Ayətullah Məkarim Şirazi, 7-ci cild, səh.98-101.)

Rza Şükürlü

Google+ WhatsApp ok.ru