İmam Rza əleyhissəlamın Məsihi rahiblə müzakirəsi

İmam Rzanın (ə) elmi müzakirələri həddən artıq çoxdur, lakin onların yeddisi daha çox əhəmiyyət kəsb edir. İndi həmin yeddi müzakirənin mündəricatını oxucuların nəzərinə çatdırırıq. Bu müzakirələri mərhum Şeyx Səduq “Uyuni-əxbarir-Rza” kitabında qeyd edib, mərhum Əllamə Məclisi də “Biharül-ənvar” kitabının qırx doqquzuncu cildində mərhum Şeyx Səduqun kitabından rəvayət etmişdir. “Müsnədi-İmamir-Rza” kitabının ikinci cildində də, həmin müzakirələr qeyd olunub. Bu müzakirələr aşağıdakılardır:
 
1. Məsihi rahiblə müzakirə;
2. Yəudi alimi Rəsül-calutla müzakirə;
3. Zərdüştilərin böyük alimi Hürbüzi-əkbərlə müzakirə;
4. İmrani-sabii ilə müzakirə.
 
Bu dörd müzakirə bir məclisdə, Məmunun və bir sıra Xorasan alim və seçilmiş şəxslərinin iştirakı ilə olub.
 
5. Süleyman Mərvəzi ilə müzakirə. Bu müzakirə xüsusi şəkildə, Məmun və ətrafındakıların iştirakı ilə olub. (Süleyman kəlam, əqaid elmində məşhur imiş).
6. Əli ibn Məhəmməd ibn Cəhimlə müzakirə;
7. Bəsrə şəhərinin müxtəlif məzhəb başçıları ilə müzakirə.
 
Bu müzakirələrin hər biri dərin ehtivalı mənaya malik olub üstündən təxminən min iki yüz il keçməsinə baxmayaraq, indi də bir çox müşkülləri həll edərək, bir çox məsələləri izah edib açıqlayır. Bu münazirələr hal-hazırda da, həm ehtiva baxımından, həm də qarşılıqlı bəhs fənni, ona qoşulmaq, ondan çıxmaq baxımından çox faydalıdır. İndi isə nümunə olaraq Məmunun böyük məclislərindən birində təşkil edilmiş məsihi rahibi ilə müzakirəni oxucuların nəzərinə çatdırırıq.
 
İmam Rza (ə) Məmunun yanına  (Mərv şəhərinə) gəldikdə Məmun xüsusi vəziri Fəzl ibn Səhlə əmr edir ki, o Həzrətlə elmi bəhs və müzakirə etmək üçün böyük məsihi rahibi, yəhudilərin böyük alimi Rəsül-calut, sabiilərin başçıları, zərdüştilərin böyük alimi Hürbüzi-əkbər və böyük məsihi alimi romalı Nəstos kimi digər din nümayəndələrini və eləcə də, əqaid elminin bütün alimlərini saraya çağırsın. Fəzl ibn Səhl Məmunun göstərişini yerinə yetirir. 
 
Dəvət edilənlərin hamısı Məmunun sarayına toplaşdıqdan sonra Məmun üzünü məsihi rahibinə tutub deyir: “Ey rahib! Bu, mənim əmim oğlu Əli ibn Musadır (İmam Rza əleyhissəlamdır). O, bizim Peyğəmbərimizin qızı Fatimə (s.ə) və Əli ibn Əbutalibin (ə) övladlarındandır. Mən çox istəyirəm ki, onunla bir bəhs edəsən. Bəhsdə ədaləti də unutmayasan.”
Rahib isə belə deyir: “Ey Əmirəl-möminin! Mən onunla necə bəhs edim? (Axı biz müştərək bir fikrə gəlməmişik.) O, elə bir kitabdan sübut gətirəcək ki, mən onu qəbul etmirəm və elə bir peyğəmbəri qəbul edir ki, mən ona iman gətirməmişəm.”
 
Bu vaxt İmam Rza (ə) sözə başlayıb buyurur: “Ey məsihi! Əgər sizin öz İncilinizdən sübut gətirsəm, qəbul edərsənmi?”
Rahib deyir: “İncilin buyurduğunu inkar edə bilərəmmi? Bəli, hətta mənim zərərimə də nəticələnsə, qəbul edəcəyəm.”
İmam Rza (ə) buyurur: “Elə isə nə istəyirsənsə, soruş, cavabını verim.”
 
Rahib: “İsa (ə) və onun kitabı barədə nə deyirsən? Bu iki şeydən hansınısa inkar edirsən?”
İmam Rza (ə): “Mən İsa əleyhissəlamın Peyğəmbər olmasına, onun kitabına (İncilə), ümmətinə müjdə verdiyi və həvarilərin etiraf etdiyi bütün şeylərə inanır və onları qəbul edirəm. Lakin Məhəmməd (s) Peyğəmbərin peyğəmbərliyinə inanmayan, onun kitabı olan Quranı qəbul etməyən, onun haqqında ümmətinə müjdə verməyən İsanı qəbul etmirəm...”
 
Rahib: “Qəzavət zamanı (məhkəmə zamanı) iki ədalətli şahiddən istifadə etmirsinizmi?”
İmam Rza (ə): “Edirik.”
 
Rahib: “Elə isə onda öz məzhəbinizdən olmayan və şəhadətləri məsihilər tərəfindən qəbul edilən iki nəfəri Məhəmmədin (s) Peyğəmbər olmasına şahid gətir. Eyni zamanda biz də öz məzhəbimizdən olmayan iki nəfəri şahid gətirək.”
İmam Rza (ə): “Sən tamamilə ədalətə riayət etdin. Ədalətli və İsa ibn Məryəmin (ə) nəzdində hörmətli sayılan bir şəxsi qəbul edirsənmi?”
 
Rahib: “Bu ədalətli şəxs kimdir belə, adını de görək.”
İmam Rza (ə): “Yuhənna Deyləmi barədə nə deyirsən?”
 
Rahib: “Bəh-bəh! O, Həzrət Məsihin yanında ən sevimli şəxs olmuşdur.”
İmam Rza (ə): “Səni and verirəm, de görüm İncil Yuhənnanın “İsa (ə) mənə ərəb olan Məhəmmədin (s) dini haqqında xəbər verib özündən sonra belə bir peyğəmbərin gəlişi ilə müjdə verdi. Mən də öz növbəmdə onu həvarilərə müjdə verdim, onlar da ona iman gətirdilər” cümləsini bəyan edibmi?”
 
Rahib: “Bəli! Yuhənna Həzrət Məhəmməd (s) haqqında belə bir rəvayət söyləyib və İsa əleyhissəlamdan sonra bir nəfərin Peyğəmbər olacağı, onun Əhli-beyti və canişini haqqında müjdə verib, ancaq bunun nə vaxt olacağını deməmiş və onların adını çəkib bizlərə tanıtdırmamışdır.”
İmam Rza (ə): “Əgər İncili oxuya bilən, orada Məhəmməd (s), onun Əhli-beyti və ümməti barədə olan ayələri qiraət edən bir şəxsi gətirsək, ona inanarsınız?”
Rahib: “Əlbəttə!”
 
İmam Rza (ə) Roma imperiyasından olan Nəstasa buyurur: “İncilin üçüncü sifrini (hissəsini) əzbərdən bilirsənmi?” Nəstas “Bəli, bilirəm” – deyə cavab verir. Sonra İmam (ə) üzünü yəhudilərin ən böyük alimi Rəsül-caluta tutub soruşur: “Sən də İncil oxuyursan?” Rəsül-calut cavab verir ki, “bəli, oxuyuram”. Belə olduqda İmam Rza (ə) buyurur: “İncilin üçüncü sifrini aç bax, əgər orada Məhəmməd (s) və onun Əhli-beyti barədə bir şey yazılıbsa, onda mənim lehimə şəhadət ver, yox əgər yazılmayıbsa, onda şəhadət vermə.” 
 
Sonra o Həzrət İncilin üçüncü sifrini oxumağa başlayır. Məhəmmədin (s) adına çatdıqda dayanaraq üzünü rahibə tutub buyurur: “Ey məsihi! Səni and verirəm Həzrət Məsih (ə) və anası Məryəmə (s.ə), de görüm mənim İncildən xəbərdar olduğumu qəbul edirsənmi?” Rahib “Bəli” –deyə cavab verir. İmam Rza  Həzrət Məhəmməd (s), onun Əhli-beyt və ümmətinin adını onun üçün qiraət etdikdən sonra buyurur: “Ey məsihi! Nə deyirsən? Bu İsa ibn Məryəmin sözü deyilmi? Əgər təkzib etsən, İncilin bu barədə dediklərini, həmçinin, Musa (əleyhissəlam) və İsa əleyhissəlamın hər ikisini danıb kafir olarsan.”
 
Rahib: “İncildə mənim üçün məlum olan şeylərin heç birini inkar etmir, hamısını qəbul edirəm.”
İmam Rza (ə) (üzünü məclisdəkilərə tutub buyurdu): “Hamınız şahidsiniz ki, o, dediklərimə etiraf etdi.”
Sonra əlavə edib buyurdu: “Nə sualın var, soruş.”
 
Rahib: “Mənə İsa əleyhissəlamın həvarilərindən danış. De görüm onlar neçə nəfər olmuşlar? Eləcə də, məsihi alimlərinin sayını mənim üçün bəyan et.”
İmam Rza (ə): “Agah olan şəxs barəsində sual etdin. Həvarilər on iki nəfər olmuş, onların ən fəzilətli və biliklisi Luka olmuşdur. O ki qaldı məsihi alimlərinin sayına, onlar üç nəfər olmuşlar. Biri Bax vilayətindəki böyük Yuhənna, ikincisi Qirqisa vilayətindəki Yuhənna, üçüncüsü isə Hicazdakı Yuhənna. Peyğəmbərin (Həzrət Məhəmmədin (s)), Əhli-beytinin və ümmətinin adını da sonuncu bilmiş, İsanın ümmətinə və Bəni-İsrailə də Həzrət Məhəmmədin (s) gəlişini məhz o bəşarət vermişdir. Ey məsihi! And olsun Allaha, biz o İsaya inanırıq ki, o, Məhəmmədə (s) iman gətirmişdi. Sizin peyğəmbəriniz İsa əleyhissəlama olan təkcə iradımız budur ki, o, az oruc tutur və az namaz qılırdı.”
 
Rahib təəccüblə deyir: “Allaha and olsun ki, bütün bildiklərini puç, işinin bünövrəsini zəiflətdin. Mən səni müsəlmanların ən bilikli şəxsi hesab edirdim!”
 
İmam Rza (ə): “Məgər nə olub?”
Rahib: “Deyirsən ki, İsa (əleyhissəlam) az oruc tutub az namaz qılırdı, halbuki, o Həzrət bir gününü belə oruc tutmadan keçirməmiş, gecəni bir dəfə də olsun belə (tam şəkildə) yatmamış, bütün günlərini oruc tutub gecələrini ibadətlə keçirmişdir.”
 
İmam Rza (ə): “İsa (ə) kimin üçün oruc tutub namaz qılırdı?”
Rahib bir cavab verə bilməyib sükut edir. (Çünki İsa əleyhissəlamın bəndə olmasını bildirsəydi, bu fikir onun (Həzrət İsanın) Allah olması iddiası ilə uyuğun gəlməzdi.)
 
İmam Rza (ə): “Sənə başqa bir sualım var.”
Rahib təvazökarlıqla dedi: “Əgər bilsəm, cavab verərəm.”
 
İmam Rza (ə): “Sən İsa əleyhissəlamın ölüləri Allahın izni ilə diriltməsini inkar edirsənmi?”
Rahib çıxılmaz vəziyyətə düşərək çarəsi kəsilib deyir: “Bəli, inkar edirəm. Çünki ölüləri dirildən, anadangəlmə kora, alaca xəstəliyinə tutulmuşa şəfa verən şəxs Allah olub bu məqama layiqdir.”
 
İmam Rza (ə): “Həzrət əl-Yəsə də bu işləri görürdü. O, suyun üzərində yol gedir, ölüləri dirildir, kor və alaca xəstəliyinə tutulmuşlara şəfa verirdi. Ancaq onun ümməti heç də onu Allah bilib ona ibadət etmədi. Hizqil Peyğəmbər də, İsa (ə) kimi ölüləri dirildirdi.” 
 
Sonra o Həzrət üzünü yəhudilərin alimi Rəsül-caluta tutub buyurur: “Büxtün-nəsr Beytül-müqəddəslə mübarizə apararkən Bəni-İsrail əsirlərini Babilə gətirdikdən sonra Allah-taalanın Hizqil peyğəmbəri onların ölülərini diriltmək üçün oraya göndərməsini Tövratda oxumusanmı? Bunu haqqı dananlardan başqa kimsə inkar edə bilməz.” 
 
Rəsül-calut “Biz də bunu eşitmişik və bilirik” –deyə cavab verdi. İmam Rza (ə) “Doğru deyirsən” deyib əlavə etdi: “Ey yəhudi! Götür Tövratın bu sifrinə bax.” O Həzrətin özü isə Tövratdan bir neçə ayə oxumağa başlayır. 
 
Sonra İmam Rza (əleyhissəlam) üzünü məsihiyə tutub İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) bəzi ölülərin o Həzrətin əmri ilə dirilməsi, bəzi çarəsiz xəstələrin o Həzrətin vasitəsilə şəfa tapmasına aid olan möcüzələrindən bir neçəsini sayaraq buyurur: “Bununla belə, biz heç vaxt Həzrət Məhəmmədi (s) Allah bilməmişik. Əgər siz bu kimi möcüzələrə görə İsa əleyhissəlamı Allah bilirsinizsə, onda gərək Əl-Yəsə və Hizqil peyğəmbəri də öz məbudunuz hesab edəsiniz. Çünki onlar da, (İsa Peyğəmbər kimi) ölüləri dirildirdi. Həmçinin, İbrahim Peyğəmbər də bir neçə quşun başını kəsib onları ətrafdakı dağların başına qoyur, sonra onları özünə tərəf çağırdıqda, hamısı dirilib ona tərəf uçmağa başlayır. Eləcə də, Musa Peyğəmbər onunla Tur dağına getmiş və ildırım çaxması nəticəsində ölmüş yetmiş nəfəri diriltmişdi. Sən bunları inkar edə bilməzsən. Çünki Tövrat, İncil, Zəbur və Quran bunlar haqqında söhbət açmışdır. Onda adları çəkilən bu şəxslərin hamısını öz Allahımız bilməliyik!”
 
Cavab verməyə söz tapmayan məsihi rahib təslim olub deyir: “Həqiqət sən deyəndir və Allahdan başqa heç bir tanrı yoxdur!”
 
Sonra İmam Rza (ə) məsihi və yəhudi alimlərindən Əşiya Peyğəmbərin kitabı haqqında sual edir. Məsihi alim cavab verir ki, mən onun haqqında yaxşı bilirəm. İmam Rza (ə) buyurur: “Əşiya peyğəmbərin “Mən ulağa minmiş və əyninə nurdan paltar geymiş bir nəfəri (Həzrət Məsih əleyhissəlama işarədir), dəvəyə minmiş və nuru ay işığı kimi olan başqa bir nəfəri (Həzrət Məhəmmədə (s) işarədir) gördüm” – deyə buyurduğu cümləni xatırlayırsınıznmı?” Onlar “Bəli, Əşiya (ə) belə bir cümlə buyurmuşdur” –deyə cavab verirlər. İmam Rza (ə) əlavə edib buyurdu: “Ey məsihi! İncildə İsa əleyhissəlamın “Mən sizin və öz Tanrımın hüzuruna gedirəm, Barqlita (yaxud Farqlita) gəlib mənim haqqımda doğru şəhadət verəcək (necə ki, mən onun barəsində doğru şəhadət vermişəm) və hər şeyi sizin üçün açıqlayacaq” deyə buyurduğunu qəbul edirsənmi?” Rahib “İncildən dediklərinin hamısını qəbul edirik” – deyə cavab verir.
 
Sonra İmam Rza (ə) İncil barədə, ilk əsl İncilin itib-batması və sonradan Mark, Luka, Yuhənna və Mattanın tərəfindən dörd İncil yazılması (bu İncillər hal-hazırda mövcud olub məsihilərin müqəddəs kitabları hesab olunur) barədə söhbət edib rahibin sözlərində bəzi ziddiyyətlərin olduğuna işarə edir. Rahib tamamilə özünü itirir və heç bir çıxış yolu qalmır. Buna görə də, İmam Rza (ə) bir daha ona, “nə sualın var, soruş!” - deyə buyurduqda, o, daha heç bir sual verməyib deyir: “Qoy indi başqası sual versin. And olsun Allaha ki, müsəlmanlar arasında sənin kimi bir şəxsin olmasına heç inanmazdım!”

Google+ WhatsApp ok.ru