İMAM RZA (Ə) VƏ SİYASİ HADİSƏLƏR

1. İMAM RZA (Ə) XƏLİFƏ HARUNƏR-RƏŞİDİN DÖVRÜNDƏ

İmam Rzanın (ə) atası imam Kazim (ə) 183-cü hicri ilində Harunun əmri ilə Bağdad zindanında zəhərlənib şəhid olduqdan sonra imam Rza (ə) imam olduğu müddətin on ilini Harunun hakimiyyəti dövründə yaşamışdır. Bu müddət Harunun hakimiyyətinin özbaşınalıq və azğınlıq mühiti olması ilə yanaşı, həm də imam Rzanın (ə) nisbətən azad yaşadığı və elmi-mədəni fəaliyyəti dövrü hesab olunur. Çünki Harun bu müddət ərzində o həzrətə toxunmamış və imam Rza (ə) açıq şəkildə fəaliyyət göstərmişdir. Buna görə də, o həzrətin yetirdiyi şagirdlər, islami elmlər ocağında təlim etdiyi Quran həqiqətləri və İslam maarifi də, məhz bu dövrə təsadüf edir. Harunun təzyiqləri azaldaraq imam Rzanı (ə) nisbətən azad buraxmasının səbəbi, bəlkə də, onun imam Kazimi (ə) qətl etdiyini ört-basdır etməsi ilə əlaqədardır. Harun bu böyük cinayətin üstünü örtməyə çalışsa da, məsələnin üstü açılır və camaatda ona qarşı böyük nifrət hissi oyanır.

2. İMAM RZA (Ə) XƏLİFƏ ƏMİNİN DÖVRÜNDƏ

Harunər-Rəşid hicrətin 193-cü ilinin Cəmadiüs-sani ayının 3-də Tus (Məşhəd) şəhərində vəfat etdikdən sonra camaat Bağdadda onun oğlu Əminə beyət edir. Onun xəlifə olmasından cəmi on səkkiz gün keçməmiş, qardaşı Məmunu vəliəhdlikdən çıxarıb öz oğlu Musanı vəliəhd seçmək fikrinə düşür. O, bu barədə öz vəzirləri ilə məsləhətləşsə də, Məmunun vəliəhdlikdən çıxarılmasını istəyən Əli ibn İsa Mahandan başqa, heç kəs bu fikirlə razılaşmır. Əmin isə axırda qardaşının vəliəhdlikdən çıxarılması barədə qərar verir. Məmun da öz növbəsində qardaşının bu hərəkətinə cavab olaraq onu xəlifəlik məqamından kənarlaşdırır. Belə ki, aparılan nizami mübarizələrdən sonra, nəhayət, hicrətin 198-ci ilində Əmin öldürülür və ölkənin bütün işləri Məmunun ixtiyarına keçir.

Xəlifə Əminin hakimiyyəti və Harunun ölümündən Məmunun hakimiyyətə gəldiyi dövrə qədər imam Rza (ə) ilə dövlət məmurları arasında heç bir toqquşma tarixdə gözə dəymir. Məlum məsələdir ki, Abbasi xəlifələri daxili ixtilaflara, Əminlə Məmun arasındakı münaqişələrə, Məmunun vəliəhdlikdən çıxarılıb Əminin oğlu Musanın vəliəhd seçilməsi kimi çəkişmələrə məruz qaldıqları bir müddətdə imam Rza (ə) və ümumiyyətlə, imam Əlinin (ə) nəslindən olanlara əziyyət etməyə vaxt tapa bilməmişdilər. Bu illəri (193-198 h.q.) imam Rzanın (ə) nisbi azadlıq və o həzrətin İslam dininin təbliği üçün yaxşı fürsət tapdığı bir dövr hesab etmək olar.

3. İMAM RZA (Ə) XƏLİFƏ MƏMUNUN DÖVRÜNDƏ

Məmunun hakimiyyətə gəlişi ilə imam Rzanın (ə) həyatında yeni bir səhifə açılır. Bu səhifə başdan-ayağa o həzrətin qəmli-qüssəli illəri ilə dolu olur. Məmun əvvəlcə imam Rzanı (ə) imam Əlinin (ə) nəslinin adlı-sanlı şəxsləri ilə birlikdə xilafət mərkəzinə dəvət edir. İmam Rza (ə) Məmunun dəvətini qəbul etmir. Lakin Məmun hədsiz təkidindən və imam Rza (ə) ilə onun arasındakı məktublaşmalardan sonra, nəhayət, o həzrət imam Əlinin (ə) nəslindən olan bir qrup adlı-sanlı şəxslərlə birlikdə Mərvə doğru hərəkət edir.

VƏLİƏHDLİK MƏSƏLƏSİ

İmam Rza (ə) haqqında ən önəmli tarixi hadisə o həzrətin vəliəhdlik məsələsi idi. O həzrətin vəliəhdliyi ilə bağlı nəzərə çarpan məsələlər bunlardır: 1. Bu prosesdə Məmunun hədəfi; 2. Məmunun öz hədəfinə çatmamasında imam Rzanın (ə) mövqeyi.

Məmunun zahiri rəftarlarından başa düşülür ki, o, bu prosesdə xüsusi hiyləgərliklə zahirdə öz xalis niyyətini – imam Rzaya (ə) məhəbbətini bildirmək istəmiş və xilafət məsələsində imam Əlinin (ə) nəslinin haqlı və layiqli olduğuna inandığını göstərməyə çalışmışdır.

Digər məsələ imam Rzanın (ə) xilafət təşkilatına gətirilməsi ilə o həzrətin fəaliyyətlərinin məhdudlaşdırılması idi.

Üçüncü məsələ isə budur ki, imam Rza (ə) Məmunun vəliəhdliyini qəbul etməklə əzəmətini, məqam və mövqeyini azaldacaq, tərəfdarlarının yanında hörmətdən düşəcək, kimsə onu pak və müqəddəs bir şəxsiyyət kimi tanımayacaq və nəhayət, iddia etdiklərini puç biləcəkdilər.

Əbu Səlt Hərəvi də vəliəhdliyin imam Rzaya (ə) həvalə edilməsinin səbəbini belə açıqlayır: “Məmun imam Rzanı (ə) vəliəhd seçməklə, camaata o həzrətin dünyapərəst və dünya malına hərisliyini sübut etmək və beləcə, mənəvi məqamını ləkələmək istəyirdi.”

Məmunun bu hədəflərinin kənarında bəzi məsələlərə də toxuna bilərik. Məsələn, Məmun bu tədbiri ilə imam Rzanı (ə) istədiyi kimi idarə edə bilərdi. Bu istiqamətdə İmamın üzərində bir çox gözətçi qoymuşdu ki, onlar hər an İmamın vəziyyətini Məmuna çatdırırdılar. (“Üyunu əxbarir Rza (ə)”, c.2, s.151-152.)

İMAM RZANIN (Ə) REAKSİYASI

İmam Rzanın (ə) göstərdiyi ilk əksüləməli Xorasana gəlməkdən imtina etməsi idi. Təbii ki, bu iş Məmun üçün bir qələbə hesab edilirdi. O həzrət onu aparmağa məmur olan Rəca ibn Əbu Zəhhakın məcbur etməsinə qədərki müddətdə bu işlə müxalifətçilik etdi. Şeyx Kuleyni, Yasir Xadimdən və Rayyan ibn Səltdən belə nəql edir: “(Məmunun qardaşı) Əmin məğlub edildikdən və Məmun hökumətini qurduqdan sonra, imam Rzaya (ə) bir məktub yazaraq Xorasana gəlməsini istədi. İmam isə onun istəyinə müsbət cavab vermədi. Bir hədisdə deyilir: “Məmun bu haqda o qədər məktub yazdı ki, İmam (ə) Məmunun bu işdən əl çəkməyəcəyini gördükdə, getməkdən başqa bir çarənin olmadığını başa düşdü.” (“Üsuli-kafi”, c.1, s.488)

Nəhayət, Məmun xilafəti imam Rzaya (ə) həvalə etmək istəyini irəli sürdü. Məmunun hədsiz israrından və İmamın da bunu qəbul etməməsindən sonra, vəliəhdlik zorla İmama yükləndi.

Qeyd etmək lazımdır ki, Məmun xilafətin İmama həvalə edilməsi ilə bağlı təklifində ciddi deyildi. Belə ki, İmamın vəliəhdliyi qəbul etmədiyi təqdirdə, Məmun tərəfindən ölümlə hədələnməsi bu iddianın təsdiqlənməsində qənaətbəxş bir dəlil ola bilər. Çünki Məmunun eyni zamanda imam Rzaya (ə) sevgisini zahir etməsi və o həzrəti ölümlə hədələməsi necə düşünülə bilər?! Əgər o, həqiqətən, İmama etiqad bəsləyirdisə, nə üçün İmamı “bayram” namazı qılmaqdan çəkindirdi?!

Hər halda, vəliəhdliyin qəbulluğu barədə Məmunun israrı və əks-təqdirdə, imam Rzanın (ə) ölümlə hədələnməsi o həzrəti elə bir vəziyyətdə qoymuşdu ki, başqa çarəsinin olmadığı anlaşılırdı. Eyni zamanda, İmam (ə) Məmunun öz hədəfinə çatmaması üçün əlindən gələnini əsirgəmədi. Bu məsələ yalnız İmamla (ə) Məmun arasında baş verən iki aylıq müzakirədən sonra gerçəkləşdi.

İmam Rza (ə) dəlil-sübutları ilə Məmuna bildirdi ki, ya özünün və ata-babalarının xilafətə haqlı olmadıqlarını etiraf etməli, ya da İmamdan əl çəkməlidir. Məmun imam Rzanı (ə) vəliəhdliyə məcbur etdiyi zaman İmam ona buyurdu: Əgər bu xilafət sənə aiddirsə, Allah onu sənin üçün qərar vermişdir. Belə olan halda, Allahın sənə geyindirdiyi paltarı çıxarıb başqasına verməyin caiz deyildir. Əgər sənə aid deyilsə, yenə də, özünə aid olmayanı başqasına bağışlamağın caiz deyildir.” (“Rovzətul-vaizin”, Nişapuri, s.223.)

Hər halda, imam Rza (ə) məcburi şəkildə vəliəhdliyi qəbul etdi. Lakin vəliəhdliyi qəbul etdiyi üçün siyasi istifadələr olunmasın deyə, İmam bütün gücünü səfərbər etdi.

O həzrət vəliəhdliyi bir sıra xüsusi şərtlərlər əsasında qəbul etmişdi ki, əməli olaraq onu siyasi və ictimai məsələlərə müdaxilə etməkdən tamamilə uzaqlaşdırırdı. O həzrət şərtlərini belə açıqladı: “Mən bunu (vəliəhdlik) bu şərtlərlə qəbul edirəm ki, kimsəyə vəzifə verməyəcək və kimsəni vəzifəsindən azad etməyəcəyəm. Heç bir sünnə və adət-ənənəni pozmayacaq və vəliəhdlik məqamını yalnız uzaqdan-uzağa daşıyacağam.” (“Üyunu əxbarir Rza (ə)”, c.2, s.148.)

Burada Məmunun imam Rza (ə) ilə əlaqəsi haqda iki əsaslı məsələni xatırlamaq yerinə düşərdi:

1. Məmun imam Rzanı (ə) Mərvə gətirdikdən sonra müxtəlif alimlərin iştirakı ilə bir çox elmi yığıncaqlar təşkil edər və orada İmamla başqaları arasında bir çox müzakirələr baş verərdi. Bu yığıncaqlarda müzakirə edilən məsələlər, ümumiyyətlə, fiqhi və etiqadi məsələlərdən ibarət idi.

Bu işdə Məmunun məqsədi özünü elmsevər və ona əhəmiyyət verən kimi göstərmək idi. Amma Məmunun belə yığıncaqlar təşkil etməkdə məqsədi başqa idi. O, İmamı müzakirə mühitinə çəkməklə, adi camaatın Əhli-beyt imamları ilə bağlı “Onlar xüsusi elmlərə, o cümlədən, “lədünni” elmə sahibdirlər!” – düşüncəsini aradan qaldırmaq istəyirdi.

Elmi şöhrət imam Rzanı (ə) şəhadətə yetirmək üçün ən önəmli dəlil sayıldı. Əhməd ibn Əli Ənsari deyir ki, Əbu Səltdən: “Məmun imam Rzanın (ə) öldürülməsinə necə razı oldu?” – deyə soruşduqda belə cavab verdi: “...Məmun vəliəhdliyi imam Rzaya (ə) həvalə etməklə, camaata onun dünyaya bağlandığını göstərmək və nəticədə, o həzrəti camaatın gözündən salmaq istəyirdi. Ancaq imam Rzanın (ə) rəftar və hərəkətləri onun Məmundan üstünlüyünü aşkar etdikdə, Məmun imam Rzanın (ə) elmi məqamını zədələmək və camaatın gözündən salmaq üçün bütün müsəlman sxolastiklərini İmamla elmi münazirəyə dəvət etdi. Amma İmamla həmsöhbət olan hər bir yəhudi və məsihi alimi İmama təslim olurdu. Nəticədə, camaat da deyirdi ki, imam Rza (ə) xilafətə Məmundan daha layiqdir. Məmunun casusları da hadisələri ona xəbər verirdilər. Beləcə, Məmun imam Rzanı (ə) zəhərləyərək öldürdü. (“Üyunu əxbarir Rza (ə)”, c.2, s.241.)

2. Məmunla imam Rza (ə) arasındakı əlaqələrə kölgə salan ikinci bir nöqtə də, İmamın “bayram” namazında iştirak etməsi oldu. Məmun, İmamdan (ə) bayram namazını qılmağı istəsə də, İmam vəliəhdliyi qəbul edərkən qarşıya qoyduğu şərtlər əsasında bayram namazını qılmayacağını söylədi. Məmun israr etdikdə, İmam məcbur olaraq qəbul etdi və buyurdu: “Belə isə, Rəsulullah (s) kimi namaza gedəcəyəm!” Məmun da bunu qəbul etdi. Bu arada camaat imam Rzanın (ə) padşahlar kimi bəzi xüsusi ənənələrə tabe olaraq evdən çıxacağını gözləyərkən, bir də gördülər ki, İmam ayaqyalın evdən çıxdı və “təkbir” deyərək yola düşdü. Rəsmi geyimlərlə bu məclisdə iştirak edən əmirlər və dövlət məmurları bunu gördükdə, atlarından düşüb, ayaqqabılarını çıxartdılar, ağlayıb “təkbir” deyərək İmamın arxasınca hərəkət etməyə başladılar. Nəql edirlər ki, Fəzl xəlifə Məmuna dedi: “Əgər imam Rza (ə) bu şəkildə namaz qılınacaq yerə getsə, camaat ona aşiq olar. Yaxşı olar ki, onun geri dönməsini istəyin.” Məmun bir nəfəri göndərərək İmamın geri dönməsini istədi. İmam ayaqqabılarını istədi və geyinib atına minərək geri döndü.” (“Rovzətul-vaizin”, Nişapuri, s.227-228.)

Məmun bu hadisədən daha çox təhlükə hiss edib anladı ki, İmam onun heç bir dərdinə dərman olmadığı kimi, siyasi vəziyyəti tamamilə onun əleyhinə yönəldir. Buna görə də, onun hər bir işini vasvasılıqla araşdırmaq və Məmunun əleyhinə görmək istədiyi hər bir tədbiri ona xəbər vermək üçün gözətçilər təyin edildi və onlar belə fəaliyyətlərdən Məmunu xəbərdar etdilər. (“Üyunu əxbarir Rza (ə)”, c.2, s.153.)

Başqa hallarda da imam Rza (ə) Məmunu gördüyü işlərinə görə tənqid edərdi. Məsələn, Məmun İslam ərazilərini genişləndirmək üçün qeyri-islami dövlətlərlə döyüşərkən o həzrət Məmuna buyurmuşdu: “Nə üçün Mühəmmədin (s) ümməti haqda düşünmür və onları islah etməyə çalışmırsan?”

Rza Şükürlü

Google+ WhatsApp ok.ru