İMAM RZANIN (Ə) ƏXLAQINA ÜMUMİ BİR BAXIŞ

Tarixçilər imam Rzanın (ə) gözəl əxlaqına aid bir çox nümunələr qeyd etmişlər ki, biz də burada onlardan bir neçəsini qeyd edirik:

1. İbrahim ibn Abbas imam Rzanın (ə) gözəl əxlaqı barəsində belə nəql edir: “Mən imam Rzadan (ə) daha üstün bir şəxs görməmiş və olduğunu da kimsədən eşitməmişəm. O, heç vaxt bir şəxsə zülm və cəfa etmədi, heç kəsin sözünü kəsmədi, bir möhtacı əliboş qaytarmadı, onunla bir yerdə oturanın qarşısında ayaqlarını uzatmadı, ondan əvvəl belini dayamadı, xidmətçiləri və kənizlərinə acı söz demədi, qəh-qəhə ilə gülmədi, süfrə başına öz xidmətçiləri ilə birlikdə oturardı. Gecələr az yatar və çox vaxt ehya saxlayardı (gecələri ibadətlə keçirərdi). Hamıya yaxşılıq edər və çoxlu sədəqə verərdi. Çox vaxt sədəqələri gecə paylayardı.” (“Həyatul-imam Mühəmməd Cavad”, səh. 37.)

2. İbrahim ibn Abbas imam Rzanın (ə) gözəl əxlaqı barəsində belə nəql edir: “İmam Rzanın (ə) belə buyurduğunu eşitdim: “Yuxuda gördüm ki, qul azad edirəm. Hər dəfə belə yuxu görəndə qul azad edirdim. Buna görə də bütün qullarımı azad etdim. Sonra İmam (ə) qara bir qula işarə edib buyurdu: Əgər o, məni yaxşı adam bilirsə, bu, Rəsulullahla (s) qohumluğuma görə deyil, saleh əməllərimə görədir.” (“Biharül-ənvar”, 12-ci cild, səh. 28.)

3 Bir şəxs imam Rzaya (ə) dedi: “And olsun Allaha ki, yer üzündə səndən şərafətli bir şəxs yoxdur.” İmam (ə) onun cavabında buyurdu: “Təqva yer əhlini şərəfləndirir və Allaha itaət dəyər verir.”

Həmçinin bir şəxs imam Rzaya (ə) “Sən ən yaxşı adamsan” – dedikdə, İmam (ə) ona buyurdu: “Məndən yaxşı o şəxsdir ki, mütəal Allahın əmrinə daha çox itaət etsin və daha çox təqvalı olsun. And olsun Allaha, bu ayə qüvvədən düşməyib:

وَجَعَلْنَاكُمْ شُعُوبًا وَقَبَائِلَ لِتَعَارَفُوا إِنَّ أَكْرَمَكُمْ عِندَ اللَّهِ أَتْقَاكُمْ

“Sizi xalqlara və qəbilələrə böldük ki, bir-birinizi tanıyasınız. Həqiqətən, Allahın yanında ən yaxşı olanınız ən çox təqvalı olanınızdır.” (“Hücurat”surəsi, ayə 13.)

4. İbadət imam Rzanın (ə) mənəviyyat və təqva ilə dolu həyatının böyük hissəsini təşkil edirdi. İmamın (ə) bəzi şiələri deyir: “Hər dəfə o həzrəti görəndə Allah-Taalanın bu kəlamı yadımıza düşərdi:

كَانُوا قَلِيلًا مِّنَ اللَّيْلِ مَا يَهْجَعُونَ

Onlar (təqvalılar) gecənin az bir hissəsini yatırdılar.” (“Zariyat” surəsi, ayə 17.)

Şəbravi belə deyir: “İmam Rza (ə) həmişə gecəni sübhə qədər namaz qılardı...” (“Əl-ittihaf bihubbil-əşraf”, səh. 59.)

5. “İmam (ə) süfrə başında oturanda səlahiyyətli işçilərindən tutmuş qapıçılarına qədər bütün xidmətçilərini çağırıb onlarla birlikdə yemək yeyərdi.” (“Həyatul-imam Əli ibn Musər-Riza (ə)”, 1-ci cild, səh. 32.)

İmam (ə) bu rəftarı ilə insanları ayrıseçkilikdən çəkindirir və hamıya bərabər gözlə baxmağı vacib bilirdi.

 

Rza Şükürlü

Google+ WhatsApp ok.ru