İMAM SADİQ (Ə) VƏ ƏHLİ-BEYT HƏDİSLƏRİNİN YAZILMASI

İmam Sadiq (ə) Quranı kök, hədisləri isə budaq olaraq tanıtdırırdı. O, hədislərin düzgünlüyünün ölçü və meyarını onların Quranla uyğun gəlməsində bilirdi. Digər imamlar da bu məsələ üzərində təkid edirdilər. İmam Sadiq (ə) öz şiələrinə yalnız Quranla uyğun gələn hədislərin düzgünlüyünə inanmalarını əmr edirdi. Çoxsaylı hədislərdə imam Sadiqdən (ə) belə rəvayət olunub: “Sizin əlinizə bir hədis yetişdikdə, əgər Quran və yaxud Rəsulullahın (s) hədislərindən onun düzgünlüyünə şahid tapa bilsəniz, onu qəbul edin. Əks-təqdirdə, həmin hədis yalnız onu sizə nəql edən şəxs üçün keçərlidir.” Başqa bir yerdə belə buyurur: “Allahın kitabının təsdiq etmədiyi hər bir hədis batildir.”

Peyğəmbərin (s) vəfatından sonra hədis yazmaq uzun müddət qadağan edildi. Hətta əhli-sünnə ravilərindən bəziləri üçüncü əsrdə belə, hədis yazmaqdan ehtiyat etmişlər. Buna qarşı olaraq məsum imamlar elə əvvəldən öz səhabələrini hədis yazmağa və onları məhv olmaqdan qorumağa təşviq edirdilər. İmam Sadiq (ə) də eynilə əcdadları kimi buna təkid edirdi. O həzrətin zamanında bəziləri hədisləri bir yerə toplayıb yazmağa başlasalar da, amma bir çoxları hələ də bu məsələdə tərəddüd edirdilər. Əbu Zöhrə imam Sadiqin (ə) hədis yazılmasının tərəfdarı olduğunu yazaraq bu mövzunun o zaman məşhur olduğunu və Malik ibn Ənəsin “Əl-muvəttəə” adlı hədis kitabını o dövrdə qələmə aldığını iddia etmişdir. Bunu da qeyd etməliyik ki, ikinci əsrin əvvəllərindən etibarən hədislər yazılmağa başladı və bəzi kitablar qələmə alındı. Amma tarixə nəzər saldıqda, “Əl-muvəttəə” kimi yazılan kitabların az olduğunu və hədis kitablarından çoxunun ikinci əsrin sonlarında və əsasən, üçüncü əsrdə yazıldığını görürük. (Əl-imamus-Sadiq (ə)”, Məhəmməd Cavad Fəzlullah, s.95.)

İmam Sadiqin (ə) öz səhabələrini hədis yazmağa təşviq etməsi haqda o həzrətdən bir çox hədislər nəql edilmişdir ki, bu da o həzrətin dövründə hədis yazmağa çox az əhəmiyyət verildiyini göstərir.

Rza Şükürlü

 

Google+ WhatsApp ok.ru