`İmamzadə` kompleksində təmir və bərpa işləri başa çatdırılıb

Gəncədə yerləşən İmamzadə İbrahimin pir kompleksində təmir və bərpa işləri başa çatdırılıb.
 
İmam Məhəmməd Baqirin (ə) oğlu Mövlanə İbrahim dəfn olunduğu kompleksdə əsaslı yenidənqurma və bərpa işləri aparılıb. Binalar üzlənib və daxili interyerdə bəzək işləri aparılıb, Hüseyniyyə və Zeynəbiyyə adlanan hər birinin 200 nəfər tutumu olan zallar tikilib, ziyarətgahın üstündə 28 metr hündürlüyündə gümbəz, tikilinin sağ və sol hissəsində 2 minarə, kompleksin həyətində isə mehmanxana inşa edilib.
 
"İmamzadə" dini kompleksinə aid olan tikililərin daxilində xəttatlıq işləri görülüb və kaşı materialla örtülüb. Tikilinin həyəti kərpiclə hasara alınıb. Kompleksin hasarları kərpic elementləri ilə bəzədilib. 600 kv.metrlik ərazidəəsas giriş xüsusi layihə ilə hazırlanıb.
 
2010-cu ildən əsaslı təmirinə başlanılan kompleksin yerləşdiyi 2,5 hektar ərazidə 36 kiçik və 5 böyük günbəzdən ibarət məscid, 200 kv.m ərazisi olan qurbangah, 1000 nəfərlik ehsangah, 500 avtomobillik 2 dayanacaq inşa edilib. Ərazidə müasir işıqlandırma sistemi, piyadaların rahat hərəkəti üçün səkilər yenidən qurulub. Kompleksin ətrafında yaşıllıq zolaqları salınıb. Həmişəyaşıl və dekorativ ağaclar əkilib.
 
"İmamzadə" kompleksi Gəncə şəhərinin və bütövlükdə ölkənin ən maraqlı memarlıq abidələrindən biridir.
 
Bu kompleks orta əsrlər dövrünə aid edilən ən mühüm dini və tarixi abidələrdəndir.
 
Tarixi mənbələrə görə Gəncə İmamzadə Pirində - V İmam Məhəmməd Baqirin (ə) oğlu Mövlanə İbrahim dəfn olunub.
 
Türbə bu kompleksin ən qiymətli abidəsidir.
 
Orta əsr Azərbaycan memarlığının dəyərli nümunələrindən olan "İmamzadə" piri Şərqin qədim karvan-ticarət yolunun üzərində yerləşib.
 
"İmamzadə" əsrlərdən bəri Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də başqa ölkələrdən gələn müsəlmanların ziyarətgahına çevrilib. Bu dini abidə Gəncənin qədimliyini sübut etməklə yanaşı, şəhərin İslam aləmindəki yerini və nüfuzunu da göstərir.
"İmamzadə" kompleksində təmir və bərpa işləri başa çatdırılıb və bu gün açıllışı olacağı gözlənilir.

Google+ WhatsApp ok.ru