Manat faizləri dollarla müqayisədə çox təklif edilir- SƏBƏB

Azərbaycan Beynəlxalq Bankı əmanətlərin banka qoyulmasıyla  bağlı məlumat yayıb. Bankdan “Marja”ya gələn məlumata görə, 2 may 2016-cı il tarixindən etibarən bank əmanət faizlərini artırıb. Müştərilərdən əmanətləri 12 aydan 120 ayadək müddətə qəbul edən Beynəlxalq Bankda illik əmanət faizləri müddətdən asılı olaraq indi 11,75 faizə qədər yüksəlib.
 
Qeyd edək ki, Beynəlxalq Bankda əmanətlər həm Azərbaycan manatı, həm də ABŞ dolları ilə qəbul edilir. Faiz gəlirlərinin aylıq, yaxud illik ödənilməsindən, eləcə də valyuta növündən asılı olaraq faizlər dəyişir. Manatla birillik qoyulan əmanətdən əmanətçi hər ay 8 faiz, dollarla isə 2 faiz gəlir götürəcək.
 
Maraqlıdır, birillik əmanət üçün valyutalar arasındakı 4 dəfə fərq nəylə bağlıdır? Ölkədə maliyyə sabitliyinin yarandığı, manatın ucuzlaşmayacağı deyilirsə, dollar əmanətindən az faizin verilməsi növbəti devalvasiyanın anonsu da ola bilər.
 
Iqtisadçı-ekspert Nemət Əliyev söyləyir ki, milli valyutayla yerləşdirilən əmanətlərin əmanət haqqına görə tətbiq olunan faiz dərəcəsinin digər valyutalardan fərqləndirilməsi manatı  süni şəkildə hörmətə mindirmək istəyindən irəli gəlir. Yəni manata daha çox faiz təklif etməklə istəyirlər ki, əhali əmanətlərini onda qoymağa üstünlük versin: “Xarici valyutada saxlanan faiz dərəcəsinin cüzi şəkildə müəyyən olunması isə əhalinin bu vəsaiti milli valyutaya çevirib banklara əmanət etməsinə hesablanıb. Əsas məqsəd bundan ibarətdir. Lakin onlar unudurlar ki, hökumət Mərkəzi Bankın əliylə əhaliyə çox ağır zərbə vurub. Onların borc yükü artıb, yaxın keçmişdə isə manatla əmanətlərini saxlayanlar milli valyutanın dəyərinin kəskin şəkildə azaldılmasıyla itkiyə məruz qalıblar və maliyyə imkanlarından məhrum olublar. Onların imkanları baltalanıb. Əhali bunu unutmayıb və bank sisteminin çökməsinin fərqindədir. Banklar əsasən valyuta dəyişmək hesabına dövriyyədən qazanc əldə edirlər. Onlar ölkənin kreditləşdirilməsini normal şəkildə həyata keçirə bilmirlər. Manatla əmanət saxlayanların, dollarla da kredit götürənlərin başına hansı oyunların gətirildiyi unudulmayıb axı. Mərkəzi Bank belə üsullarla istəyir ki, insanlar əmanətlərini banka manatla qoysun və növbəti dəfə onlara zərbə vursun. Manatı hörmətə mindirmək üçün ölkənin qeyri-neft sektorunun inkişafı vacibdir ki, ixrac yönümlü  fəaliyyəti stimullaşdırmaq, gücləndirmək mümkün olsun. Nəticədə ölkəyə xarici valyuta axını sürətlənsin, valyuta-qızıl ehtiyatı artsın, mal bolluğu yaransın. Yalnız bu şərtlər altında milli valyutanın möhkəmlənməsinə nail olmaq mümkündür”.(azadliq.info)

Google+ WhatsApp ok.ru