Manat həyəcanı: Milli valyuta artıq “tramplin” üzərindədir

Mərkəzi Bankın valyuta ehtiyatları növbəti psixoloji həddən aşağı düşüb
 
Milli valyuta olan manatla bağlı vəziyyət müsbət heç nə vəd etmir. Ekspertlər bildirirlər ki, manat artıq tramplin üzərindədir. Mərkəzi Bankın valyuta ehtiyatları növbəti psixoloji həddən, yəni 6 milyard dollardan aşağı düşüb. Ehtiyatlar hazırda 63 aylıq minimum həddədir.
 
Ekspert Əkrəm Həsənov məsələ ilə bağlı musavat.com-a bildirib ki, manatın vəziyyəti ağırdır: “Devalvasiya təhlükəsi olduqca böyükdür. Elman Rüstəmovun manatın növbəti devalvasiyasını neftin qiymətinin 40 dollardan aşağı düşməsi ilə bağlaması təşviş üçün əsasdır. Çünki neft artıq 37 dollardır. Bununla belə, məhz 18 dekabrdan sonra nə isə baş verəcəyini demək çətindir. Ümid edirəm ki, ilin sonuna kritik bir şey baş verməz”.
 
Qeyd edək ki, noyabrda Azərbaycanda nağd pul kütləsi 6 milyard 730,6 milyon manat olub. Azərbaycan Mərkəzi Bankının yaydığı məlumata görə, bu, oktyabr ayının yekunu ilə müqayisədə 325,3 milyon manat və yaxud 4,6 faiz azdır. Son 1 ildə pul bazası 41,6 faiz azalıb. Bəzi ekspertlər bildirirlər ki, Mərkəzi Bank dolları satıb, manatı alır və anbarlara yığır. Nəticədə manat dövriyyədən çıxır və iqtisadi faydasını da itirir.
 
Ekspert Qubad İbadoğlunun sözlərinə görə, pul bazası azalmaqda davam edərsə, Mərkəzi Bank pul-kredit siyasətinə təsir imkanlarını itirəcək: “Ölkədə monetar durum daha çox xaricdən asılı olacaq. Manatla tənzimləmə alətləri işləməyəcək və onun bir valyuta kimi iqtisadiyyata faydası azalacaq. Yaranacaq manat qıtlığı bankların manatla əməliyyat aparmasını çətinləşdirəcək və nəticədə “dövriyyəyə buraxılan manatın çox hissəsi MB anbarlarında istifadəsiz qalacaq”.
 
Ekspert Samir Əliyev də qeyd edib ki, manatın dəyərdən düşəcəyini bildirən səbəb tək neftin qiymətinin enməsi deyil. Bu məsələyə Amerika Mərkəzi Bankının uçot dərəcəsi haqda qəbul edəcəyi qərar da təsir edə bilər: “15-16 dekabrda FED-in, yəni Amerika Mərkəzi Bankının iclası olacaq və orada çox güman ki, uçot dərəcəsinin qaldırılması qərarı veriləcək. Ehtimal yüksəkdir. Bu, baş verərsə, dollar bahalaşacaq. Rəsmi açıqlamalarda Mərkəzi Bankın rəhbəri, hətta maliyyə naziri də qeyd ediblər ki, 40 dollara qədər manat üçün təhlükə yoxdur, 40 dollardan sonra təhlükə yaranır. Və indi də neft artıq 40 dollar civarındadır və hətta bir müddət 39 dollara qədər düşmüşdü. Deməli, yenə də bu məsələ gündəmə gəlir. Neftin qiymətinin düşməsi Azərbaycanda növbəti devalvasiya - manatın ucuzlaşması siqnalını verir. Bu da qiymətlərin artması və yüksək inflasiya ilə qarşılana bilər”.
 
Vergilər nazirinin I müavini Natiq Əmirov isə APA-ya bildirib ki, bu gün Azərbaycan manatı iqtisadi çağırışlara cavab verir.
 
N.Əmirov bildirib ki, son illərdə Mərkəzi Bank uğurla manatın kursunu tənzimləyən, eyni zamanda bu siyasəti həyata keçirən addımlar atır: “Azərbaycan həm region ölkələri arasında milli valyutanın məzənnəsinin idarə olunmasında, həm də iqtisadi proseslərdə artım tempinin saxlanmasına nail olan yeganə ölkədir. Heç bir ölkə buna bu səviyyədə nail ola bilməyib. Buna görə mən hesab etmirəm ki, bu gün bu məsələlərə görə narahat olmağa dəyər”.
 
Danimarkanın “Saxo Bank”ının Ticarət Əməliyyatları Departamentinin baş meneceri Fuad Kərimov isə bildirib ki, manatın devalvasiyası Azərbaycanda əhali arasında yeni investisiya alətlərinə marağı artırıb: “Azərbaycanda uzun müddət bank əmanətlərinin yüksək faiz dərəcələri və yerli valyutanın sabitliyi kimi amillərin ahəngi ona gətirib çıxardı ki, investisiyalar üçün əsas həllərdən biri bank əmanəti oldu. Lakin Azərbaycanda neft qiymətlərinin dinamikasına əsasən demək olar ki, devalvasiya bir müddət davam edəcək, alternativ investisiya alətlərinə maraq artacaq”.
 
O, qeyd edib ki, “Saxo Bank” yalnız Azərbaycanda deyil, Rusiya və Qazaxıstanda və digər ölkələrdə də milli valyutaların devalvasiyasından sonra yeni alətlərə marağın artdığını qeydə alıb: “Pulları banka qoyub, sabit olaraq ildə 10 faiz gəlir əldə etmək imkanı əldən çıxan kimi səhm, investisiya fondları, qiymət fərqinə əsasən müqavilələr kimi bazarlara maraq artır. Biz müntəzəm olaraq, belə halları müşahidə edirik”.
 
O, söyləyib ki, postsovet məkanında, o cümlədən, Azərbaycanda əhalinin maliyyə savadı yüksək deyil. Lakin xüsusilə də, gənc nəsil arasında investisiyalara yüksək maraq müşahidə olunur. musavat /
 

Google+ WhatsApp ok.ru