Manatı nə gözləyir?!

Manatı nə gözləyir?!

Musavat.com saytında "Dollar ucuzlaşır – müvəqqəti, yoxsa..." sərlövhəli məqalə diqqət çəkir. Yazıda son valyuta hərracında manatın məzənnəsinin cüzi bahalaşması ekspertlərlə müzakirə edilir.
 
Yazıda qeyd edilir ki, son hərracda manatın cüzi bahalaşması hökumətin bu yöndə müsbət səyi, Mərkəzi Bankın manatın qismən sabitliyinə nail ola bilməsi kimi dəyərləndirilir.
 
Yazıda xatırladılır ki, fevralın 2-də keçirilən hərracda dollar 1.92 manatdan 1.9111 manata düşüb.
 
Ekspert Vüqar Bayramov qəzetə bildirib ki, indiki məqamda manatın məzənnəsini uzun müddətə proqnozlaşdırmaq çox çətindir: "Çünki birmənalı şəkildə manat bazası azalıb. Eyni zamanda, son günlər dollara olan tələbin də azalması müşahidə olunur. Son hərracda manatın möhkəmlənəcəyi öncədən bəlli idi".
 
Ekspert deyib ki, hərracdan öncəki gün kommersiya bankları məzənnəni aşağı salmışdılar.
 
V.Bayramlı bildirib ki, ümumiyyətlə, yanvar-fevral aylarında dollara tələbat yüksək olmur. Çünki bu aylarda həm idxal , həm də ümumilikdə dollara tələb azaldır.
 
Ekspert vurğulayır ki, borc öhdəlikləri maliyyə ilinin sonuna doğru qapadılır.
 
Başqa bir ekspert Əkrəm Həsənov isə düşünür ki, manatı bahalaşdırmaqda məqsəd onu yığmaq da ola bilər: "Bu baxımdan bir müddətdən sonra dolların məzənnəsinin geriyə dönüşü mümkün görünürdü. Amma bu da qısamüddətli zamanda ola bilər. Uzunmüddətli perspektivdə dolların iki manata qədər qalxması mümkündür". /

Google+ WhatsApp ok.ru