Manatı nə gözləyir?

Manatı nə gözləyir?

"Yeni Müsavat" qəzetində ""Formula-1" yarışlarından sonra manatın məzənnəsi dəyişəcəkmi..." sərlövhəli məqalə oxumaq olar. Yazıda ekspertlərlə manatın yaxın aylarda taleyi müzakirə edilir.
 
Müəllif yazır ki, son aylar manat sabitləşib. Ancaq cəmiyyətdə bu prosesin uzun sürməyəcəyi ilə bağlı proqnozlar var. Hətta bəziləri hesab edir ki, iyunun 23-dən 25-nə kimi davam edəcək "Formula-1" yarışlarından sonra manat ucuzlaşacaq. 3 ay əvvəl olduğu kimi, 1 dollar 1 manat 92 qəpik səviyyəsinə qalxacaq.
 
Bununla belə, müəllif xatırladır ki, Mərkəzi Bankın rəhbərliyi ilin sonuna kimi manatın məzənnəsində ciddi enişin baş verməyəcəyini bildirib.
 
Deputat Vahid Əhmədov deyib ki, manatın məzənnəsinə təsir edən amillər var. Bunlar idxal, ixrac əməliyyatları, neftin qiyməti, maliyyə bazarındakı tələb və təkliflərdir.
 
Deputat hesab edir ki, manatın sabitliyini qorumaqdan ötrü qeyri-neft sektoru güclü şəkildə inkişaf etməlidir:
"Bu sektorun inkişaf etdirilməsi üçün müəyyən investisiyalar, vəsait yatırılmalıdır. Real sektoru vəsait olmadan inkişaf etdirmək olduqca çətindir".
 
İqtisadçı Qubad İbadoğlu isə deyib ki, manatın taleyi hökumətin müdaxiləsindən asılı olacaq:
""Formula 1" yarışları ərəfəsində və ondan sonrakı dövrdə, yəni yaxın müddət ərzində manatın məzənnəsində ciddi dəyişikliklər gözlənilmir. Manata təsirlər avqust ayından başlayaraq güclənə bilər. Yeni dərs ilinin başlanması ilə manata təzyiqlər arta bilər".
 
Q.İbadoğlu deyib ki, əgər təzyiqlər artdıqdan sonra hökumət bazara yenə müdaxilələr etməsə, manat ucuzlaşacaq:
"Yox, əgər yenə də əvvəlki kimi Mərkəzi Bank əlində olan vasitələrlə bazara müdaxilə edəcəksə, o halda manatın məzənnəsini indiki səviyyədə qoruyub saxlamaq mümkün olacaq...". /

Google+ WhatsApp ok.ru