Manatın üç funksiyasından ikisi fəaliyyətsiz

Manatın üç funksiyasından ikisi fəaliyyətsiz

-- Bu gün heç kim manatla pul yığmır

"Exo" qəzetində "Bu gün heç kim manatla pul yığmır" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif Azərbaycan manatının dəyərini ekspert Əkrəm Həsənovla müzakirə edir.
 
"Azərbaycan MDB məkanında dollarlaşmanın səviyyəsinin yüksək olduğu ölkələrdən biridir. Amerika valyutası Azərbaycan iqtisadiyyatında çəkisini ilbəil artırır, bu isə manatın qeyri-sabitliyi ilə bağlıdır". Bəhs edilən sahədəki durumu qəzetə Ə.Həsənov belə şərh edir.
 
Ekspert mövzunu davam etdirərək deyir: "İqtisadi qanunlara görə, pul dəyər, dövriyyə və yığım vasitəsi kimi üç mühüm funksiyanı yerinə yetirdiyi zaman pul olur. Təəssüf ki, Azərbaycan manatı artıq bir neçə ildir ki, yığım vasitəsi və dəyər ölçüsü funksiyasını yerinə yetir bilmir".
 
Ə.Həsənov manatın dəyər ölçüsü funksiyasını itirməsini xüsusi vurğulayaraq deyir ki, hazırda ölkədə bütün iri iqtisadi əməliyyatlar (yəni, avtomobil, daşınmaz əmlak alınması və s.) dolların cari məzənnəsilə uyğunlaşdırılaraq aparılır: "İrihəcmli ödənişlərdə dollarlaşma səviyyəsi 100%-ə yaxındır, qeyri-rəsmi ödənişlər də əvəllki kimi manatla deyil, ancaq dollarla aparılır, bu qanuna əks olsa da belə faktlar var".
 
Vətəndaşların artıq manatla yox, yalnız dollarla pul yığdığını deyən ekspert manatla yalnız banklardakı əmanətlərin saxlandığını bildirir: "Bu da ona görədir ki,
 
birincisi, bu əmanətlər tam sığortalanıblar, ikincisi, maliyyə müəssisələri buna görə orta hesabla illik 10% gəlir verir".
 
Ə.Həsənov əlavə edir ki, yüksək dollarlaşma səviyyəsi dövlətin maliyyə əsasını dağıda bilər: "Belə görünə bilər ki, ölkə iqtisadiyyatının dollarlaşmasında qorxu yoxdur. Amma bu məsələni bilən mütxəssislər bunun hansı təhlükələri yarda biləcəyini aydın başa düşürlər. İqtisadiyyatın dollarlaşması ciddi problemdir və bu, dövlətin maliyyə əsaslarını dağıda bilər".
 
Ə.Həsənov hesab edir ki, Azərbaycanda bu sahədə durum o qədər kritik olmasa da normal da sayıla bilməz, belə ki, əhalinin əmanətlərini xarici valyutada saxlaması ölkənin pul siyasətinə mənfi təsir göstərir.
 
Ekspert deyir ki, bankların manatla saxlanılan əmanətlərə yüksək, xarici valyuta ilə olanlara aşağı gəlir faizi təyin etməsinə baxmayaraq, xarici valyuta ilə əmanətlərin xüsusi çəkisi hələ də yüksək (62%) qalmaqda davam edir.
 
Ə.Həsənov deyir ki, dollarlaşma səviyyəsi birmənalı şəkildə azaldılmalıdır, amma bu, heç də inzibati müdaxilə yolu ilə ola bilməz və bunun yolu ölkədə maliyyə sabitlyinin təmin olunmasından keçir.
 

Google+ WhatsApp ok.ru