Manat real bazar dəyərini nə vaxt tapacaq? -İqtisadçının ŞƏRHİ

Manat real bazar dəyərini nə vaxt tapacaq? -İqtisadçının ŞƏRHİ

“Mən əvvəlki fikrimdə yenə də qalıram ki, Azərbaycanda tam üzən məzənnəyə keçid mümkün olmayacaq. Əgər keçid olacaqsa, bu arzuolunmaz hala səbəb olacaq. İlk növbədə kəskin devalvasiya baş verəcək”.
 
Bunu Modern.az-a iqtisadçı Samir Əliyev Mərkəzi Bankın tam üzən məzənnəyə keçidlə bağlı qərarını şərh edərkən deyib.
 
O deyib ki, manat tam “üzəcəksə”, o zaman kəskin devalvasiya baş verəcək:
 
“Mərkəzi Bank əvvəlcə üzən, daha sonra isə tam üzən məzənnəyə keçidlə bağlı qərar verdi. Hazırda ona görə kəskin devalvasiya baş vermir ki, biz tam üzən məzənnəyə keçməmişik. Əvvəlkindən yeganə fərqi 4 faizlik marjanın götürülməsidir. Mərkəzi Bank bazarı nəzarətdə saxlayır, hərracdan tutmuş məzənnəyə qədər bütün proseslərə maksimum nəzarət edir. Hazırda manatın ucuzlaşma sürəti əvvəlki dövrlə müqayisədə daha da artıb. Amma kəskin deyil, tədricən baş verir”.
Manat real bazar dəyərini nə vaxt tapacaq?
 
S.Əliyev bildirib ki, məzənnə tələb və təklif əsasında formalaşır:
“Real məzənnə dedikdə, Mərkəzi Bankın müdaxiləsi olmadan tələb və təklif əsasında formalaşan məzənnə nəzərdə tutulur. Hazırda ölkəyə gələn dollarla ölkədən çıxan dollar arasında mənfi saldo yaranıb. O mənfi də manatı təzyiqdə saxlayır. Nə vaxt ki, bu mənfi müsbətə çevriləcək, o zaman manatın məzənnəsi sabitləşəcək və tam üzən məzənnəyə keçid baş tutacaq. Qalan vaxtlarda tam üzən məzənnəyə keçiddən danışmağa dəyməz. Bu necə tam üzən məzənnədir ki, hərracın iştirakçıları yalnız Mərkəzi Bank və Neft Fondudur? Hərracda onlarla, yüzlərlə iştirakçı olmalıdır. Ona görə də bizdə tam üzən məzənnə tətbiq edilə bilmir. Həm də mən düşünmürəm ki, manat real bazar dəyərini tapsa belə, sabitləşəcək. Bu sabitlik qısamüddətli olacaq. Çünki bizdə iqtisadiyyatın diverfikasiya səviyyəsi çox aşağıdır. Bu deməkdir ki, tam üzən məzənnəyə keçiddə manatın məzənnəsi kəskin olaraq oynayacaq.
Çünki biz Rusiya deyilik. Orada iqtisadiyyatın kifayət qədər şaxələri mövcuddur, neftdənkənar məhsul ixrac edirlər. Həmçinin, Qazaxıstanda vəziyyət bizdən yaxşıdır. Bizdə bu sahədə vəziyyət bərbaddır. O baxımdan düşünürəm ki, Mərkəzi Bank manatı nəzarətdə saxlamağa davam etməlidir. İstənilən halda manat ucuzlaşacaq, çünki başqa variant yoxdur. Mərkəzi Bankın valyutası yoxdur ki, məzənnəni sabit saxlasın. Ona görə də tənzimlənmə siyasətini davam etdirməlidir”.
 
“1dollar 3 manat, 4 manat... həddi yoxdur”
 
Ekspert, manatın məzənnəsində müəyyən həddə-2 manat 50 qəpiyə qədər ucuzlaşdıqdan sonra iqtisadi sabitlik yaranacağı fikirlərilə razılaşmayıb.
O bildirib ki, manatın real məzənnəsinin 2 manat 50 qəpikdir, yaxud 3-4 manat olacağı proqnozları doğru deyil:
“Bunu bazar müəyyən etməlidir. Biz manatı bazara buraxmadan özümüzdən fərziyyə irəli sürə bilmərik. Digər tərəfdən 1 dollar 2 manat 50 qəpiyə düşsə belə, bu müvəqqəti xarakter daşıyacaq. Qısamüddətli sabitlikdən sonra manat dəyər itirməkdə davam edəcək. Bunun 3 manat, 4 manat, 5 manat olacağı isə bilinmir.
Enib-qalxmaların qarşısını almaq üçün bazarda iştirakçılar çoxalmalıdır. Bizdə isə Mərkəzi Bank və Neft Fondundan başqa iştirakçı yoxdur. Bircə SOCAR var, o da öz problemlərini həll edir. Ola bilər manat 2 manat-3 manata qədər düşsün. Amma bu da son olmayacaq. Yəni burada hədd yoxdur. Hazırda yumşaq devalvasiyanın şahidi olsaq da, manatın ucuzlaşma tempi artıb. Bu templə də qiymətlərin bahalaşmasının şahidi oluruq”.

Google+ WhatsApp ok.ru