Manatı sürətli ucuzlaşma gözləyir

İqtisadiyyatda təhlükəli dollarlaşma bundan xəbər verir

Məhəmməd Talıblı: «Dollara tələbin artması manatın dollar qarşısında dəyərinə mənfi təsir göstərir»
 
Dünya bazarında neftin qiymətində baş verən dəyişiklik dolların məzənnəsini möhkəmlədir. Bu tendensiyanın acı nəticələrini biz fevralın 21-də Mərkəzi Bankın qəbul etdiyi qərar nəticəsində hiss etdik. 
 
Bir neçə gün əvvəl Azərbaycan Mərkəzi Bankı Valyuta bazarı və manatın məzənnəsi ilə bağlı son məlumatları açıqlayıb. Bankın yanvar-mart ayları üzrə pul siyasəti icmalında deyilir ki, hesabat dövründə Mərkəzi Bank məzənnə siyasətini xarici valyutaya tələbin əhəmiyyətli artması şəraitində həyata keçirib. “2014-cü ilin sonlarından etibarən qlobal əmtəə bazarlarında enerji daşıyıcılarının qiymətlərinin kəskin aşağı düşməsi, eyni zamanda ölkəmizin əsas ticarət tərəfdaşlarında devalvasiya meyillərinin güclənməsinin psixoloji təsiri daxili valyuta bazarında xarici valyutalara, xüsusilə ABŞ dollarına tələbi yüksəltmişdir. Xarici valyutaya tələbin yüksəlməsi daxili valyuta bazarının hər iki seqmenti - nağd və qeyri-nağd valyuta bazarları üzrə müşahidə olunmuşdur”, - icmalda deyilir. Hesabat dövründə valyuta bazarının ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.6 dəfə artıb. Əməliyyatların 91%-i ABŞ dollarında, qalan 9%-i isə digər valyutalarda aparılmlışdır. Ötən ilin eyni dövrünə nəzərən ABŞ dolları ilə aparılan valyuta əməliyyatlarının dövriyyəsinin həcmi 2.3 dəfə, Avro ilə əməliyyatların həcmi isə 2.4 dəfə artmışdır. 
 
Eyni zamanda ABŞ dolları ilə əməliyyatların həcmi, 2014-cü ilin 1-ci rübündə 7 milyard 789 milyon dollar təşkil etdiyi halda, bu ilin müvafiq dövründə 18 milyard 341 milyon dollar təşkil edib. Avro ilə əməliyyatların həcmi, isə 612 milyon avrodan 1 milyard 491 milyon avroya yüksəlmişdir. Ümumilikdə (dollar və avro daxil), ilk rübdə valyuta bazarında dövriyyənin həcmi 19 milyard 832 valyuta vahidi olmuşdur. Banklar tərəfindən əhaliyə xalis satılan nağd valyutanın həcmi də 2.1 dəfə artıb. Bank şöbələrinin xalis satdığı nağd xarici valyuta, ötən ilin 1-ci rübündə 2 milyard 191 milyon ABŞ dolları təşkil edib, bu ilin ilk rübündə məbləğ 4 milyard 620,5 milyon dollara çıxıb. 
 
Bəs bu cür təsir iqtisadiyyata nə vəd edir? Dolların dövriyyəsinin bir neçə dəfə artması, geniş miqyas alması nə vəd edir?
 
İqtisadçı Məhəmməd Talıblının "Azadlıq"a açıqlamasına görə, baş verənlər manatın məzənnəsinə təzyiqi artıran proseslərdir və bu istiqamətdə baş verənlər yaxşı heç nə vəd etmir: “Dollara tələbin artması manatın dollar qarşısında dəyərinə mənfi təsir göstərir. Bu onu göstərir ki, dollara alış-veriş və yığım vasitəsi kimi tələb artır. Biznes sferasında daha çox tələb dollaradır. Manata olan münasibət hələ də dəyişməyib. Devalvasiyadan sonra manata olan inam və etibar bərpa olunmayıb. Baş verənlər dolların manat qarşısında dəyərini artıracaq”.

Google+ WhatsApp ok.ru